12/12/2017 04:54
728 x 90

Azərbaycanda moda tarixçiliyi elmi…

img

Şəlalə Maqsud: “Hansısa bir yazarın, tədqiqatçının, tarixçinin moda tariximizi üzə çıxarmasının şahidi olmamışam”
Səkinə Baharlı: “Arzu edərdim ki, gənc sənətşünaslar moda tarixinə maraq göstərsinlər”

 

Moda, dəb müasir dünyada ən aktual məsələlərdən biri kimi gündəmdədir. Əslində, moda anlayışı tarixən vacib sahələrdən biri olub. Dünyanın dəb tarixindən danışarkən burada Azərbaycanın da adını mütləq şəkildə qeyd etməliyik. Faktdır ki, günümüzədək çatan arxeoloji materiallar, yazılı mənbələr bizim də moda tariximizin olduğunu deməyə əsas verir. Bu sırada qədim geyimlərin şəkilləri, muzeylərdə qorunan milli geyimlərimiz bizə müfəssəl informasiya verir. Onu da vurğulayaq ki, ortada olan nümunələrin araşdırılması və öyrənilməsi sayəsində ciddi problemlər var.

Bu ondan ibarətdir ki, Azərbaycanda moda, dəb tarixini öyrənən mütəxəssislər yox dərəcəsindədir. Soruşa bilərsiniz ki, bəs incəsənət, geyim mədəniyyətimizi öyrənən sənətşünaslar moda tariximizin araşdırılması sahəsində öz sözünü deməyibmi? Deyərdik ki, xeyr, hələ bu barədə fundamental bir araşdırma yoxdur ki, ona istinad edə bilək. Pərakəndə şəkildə müəyyən məlumatlar, yazılar, araşdırmalar olsa da, onlar sistemli şəkil almadığından, bu barədə ətraflı danışa bilmirik. Doğrudur, modelyerlərimiz tərəfindən geyimlər hazırlanarkən müxtəlif tarixi araşdırmalar aparılır, tarixdə olan dəblər geyimlərə köçürülür. Amma bu, sırf elmi araşdırma səviyyəsində olmadığından, yetərli sayılmır. Bu gün Azərbaycan modelyerləri, rəssam-dizaynerlər etnik motivlərin sintezi nəticəsində Azərbaycan modasının dünya səviyyəsinə çıxarılmasına çalışırlar. Bəzən buna nail olurlar da. Amma bununla belə, Azərbaycanda dəb, moda tarixçiləri yetişmir. Bu sahədə müəyyən gənclər var, lakin onlar da ənənə olmadığından, bu sahəni araşdırarkən çətinliklərlə üzləşirlər.

Sənətşünaslar qeyd edirlər ki, qədim dövrlərdən Azərbaycan saraylarında dəb məsələsi həmişə gündəmdə olub, lakin respublikamızın ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların dövründəki moda, dəb hadisələri lazımi səviyyədə öyrənilmir.

Sənətşünaslar vurğulayırlar ki, “moda” sözünün mənası olduqca geniş və əhatəlidir. İnsanlar isə çox zaman onun mənasını anlamırlar. Məlumat üçün deyək ki, moda (mode) fransız sözüdür, latıncadan tərcümədə modus – ölçü, obraz, üsul, qayda deməkdir. Sirr deyil ki, moda sürətlə, geniş yayılan və qısa müddətdə hökmranlığa malik olan konkret zövqə və geyimə, hansısa əşyaya və həyatımızın hansısa istənilən sahəsinə və ya mədəniyyətinə münasibətdir, eyni zamanda, moda tez ötüb gedəndir və dəyişkəndir. Onu da vurğulayaq ki, moda tarixçilərinin verdiyi bilgiyə görə, moda XII-XIII əsrlərdə insanların geyimində ehtiyac olmasa belə, müəyyən detallar, aksesuarlar ortaya çıxanda yaranıb. XVII əsrdən başlayaraq isə Fransada saray modası bütün dünya üçün nümunəyə çevrildi və bu ölkə “modanın qanunvericisi” titulunu mənimsədi və bu günə qədər də onu saxlayır. XVIII əsrdə İngiltərədə, sonralar isə başqa ölkələrdə də ilk moda jurnalı nəşr edilib. Rəssamlar moda jurnallarının sayəsində populyarlıq qazandılar. Belə reklam insanları daha çox cəlb edirdi, dəbli olmaq təbliğ edilirdi. Nəhayət, dəblə geyinən qadın və kişilərin sayında əhəmiyyətli artım müşahidə edildi. Beləliklə, təbii olaraq, moda ictimaiyyətdə müzakirə edilməyə başladı. Moda tarixçiləri vurğulayırlar ki, dəb sənayesi müasir dövrün məhsuludur. XIX-cu əsrin ortalarına qədər dəbi ayrı-ayrı şəxslər üçün xüsusi dərzilər tərəfindən hazırlanmış geyimlər təşkil edirdi. XX-ci əsrin əvvəllərindən başlayaraq yeni texnologiyalarin, məsələn, tikiş maşınlarının meydana gəlməsi, eyni zamanda kapitalizmin və istehsalın fabrik sisteminin inkişafı ilə əlaqədar geyim kütləvi şəkildə standart ölçüdə hazırlanır və müəyyən olunmuş qiymətə satılırdı. Baxmayaraq ki, dəb sənayesi ilk olaraq Avropa və Amerikada inkişaf etmişdi, bu gün artıq o yüksək şəkildə qloballaşmış beynəlxalq sənayedir. Bunu onunla izah etmək olar ki, artıq bu gün hər hansı bir geyim növü bir ölkədə dizaynlaşdırılır, başqa bir ölkədə istehsal olunur və dünya miqyasında satışa çıxarılır.Misal üçün, Amerikanın məşhur dəb şirkəti parçanı Çindən idxal edə, geyimlərin hazırlanmasını Vyetnamda davam etdirə, İtaliyada sona çatdıra bilər. Nəticədə hazır dəb nümunələri pərakəndə satış məqsədilə Birləşmiş Ştatlara çatdırılır. Bunlar moda tarixi haqqında maraqlı informasiyalar olduğu üçün, sizə təqdim etdik. Qayıdaq Azərbaycana. Azərbaycanda hansı səbəbdən moda tarixçiləri yoxdur?

Onu da bildirək ki, bir müddət əvvəl Leyla Heydərovanın “Azərbaycan modasının geyim sferasında rolunun tədqiqi” adlı magistr dissertasiyasının referatının elektron variantı internet şəbəkəsində yerləşdirilib.

L.Heydərovanın elmi müstəvidə yazdığı bu iş də Azərbaycanın dəb tarixinin öyrənilməsinə həsr edilib. O yazır: “Moda cəmiyyətlərin, ənənələrin, hadisələrin sehirli aynasıdır. Müharibələr, sülhlər, görüşlər, sənət hadisələri modaya hər cəhətdən təsir edir. Moda dövrlər boyu insanları öz təsiri altına almış, insanların dəyişiklik etmək arzusundan yaranan və cəmiyyətin yaşayış tərzinə təsir edərək həyat tərzini hərəkətə gətirən müvəqqəti yeniliklərdir. Cəmiyyətdə uzun müddət davam edən modalar isə kök salaraq ənənəvi xüsusiyyətə çevrilmişdir. Geyim tarixi və moda vasitəsilə millətlərin sivilizasiyası, əxlaq anlayışları, ənənələri, adətləri və iqtisadi vəziyyətləri uzun zaman ərzində öyrənilir. Moda getdikcə ya adətə çevrilir, ya da qısa vaxtdan sonra yox olur.

Müxtəlif geyim tərzlərinin yarandığı bir dövrdə, xalqımızın milli koloriti və estetik zövqünü əks etdirən və milli etnik xüsusiyyətlərlə müasir geyimi birləşdirərək, yeni kolleksiyaların yaradılması və dünya moda sferasına cıxaraq orada müəyyən yer tutmaq modelyer dizaynerlər qarşısında duran

aktual problemlərdəndir”.

Azərbaycanın geyim, moda tarixini araşdıran L.Heydərova bütün dövrlər haqqında bilgi verməyə çalışır. “Geyim mədəniyyətinin səciyyəsi baxımından bu dövr, hər şeydən əvvəl, tarix səhnəsinə burjuaziya və proletariatlardan ibarət yeni sinfi təbəqələri çıxarmışdı. Qeyd etmək lazımdır ki, geyim mədəniyyətinin inkişafında yeni yaranmaqda olan milli burjuaziyanın xüsusi rolu olmuşdur. Feodal geyim və bəzək ənənələrini davam etdirən milli burjuaziya özünün mövcud geyim dəbini tezliklə çıxarıb Avropa geyimi ilə əvəz etməmişdi. Məhz bu səbəbdən də milli geyim ilə Avropa geyimi arasındakı üstüörtülü mübarizə XX əsrin əvvəllərinədək kəskin şəkildə davam etmişdir. Lakin burjua saraylarında bərqərar olmuş labüd dəblər tədricən milli libasları çıxarmağı və Avropa geyim dəbini qəbul etməyi təkidlə tələb edirdi. Əvvəllər olduğu kimi, XIX əsrdə də geyim dəbi xalqın mənəvi həyatı ilə üzvi surətdə bağlı olmaq ənənələrini qoruyub saxlayırdı. Bu cəhət özünü bayram və mərasim geyimlərində daha aydın büruzə verirdi. Bütün bunlarla yanaşı, milli

geyim mədəniyyəti özünəməxsus xüsusiyyətlərə də malik olmuşdur. Belə ki, XIX əsr Azərbaycan geyim dəstlərində əhalinin müxtəlif zümrə və ictimai qruplarına aid olan peşə mənsubiyyəti öz əksini tapmışdır. XIX əsrin geyim dəblərində o dövrün qəbul olunmuş etik normalarına ciddi əməl olundugu nəzərə çarpır. Məlum olduğu kimi, moda insanların daim təzələnən məişət və estetik etiyaclarına müvafiq olaraq məişət əşyalarının, o cümlədən geyim formalarının qısamüddətli zahiri dəyişməsindən ibarətdir. Geyim dəbləri sahəsində zövqlərin dəyişkənlik tezliyi isə hər bir tarixi dövrün həyat səviyyəsi ilə ölçülür. Bu mənada XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanda sənaye istehsalının inkişaf etməsi təkcə həyat tərzini deyil, habelə fabrik üsulu ilə hazırlanan geyim materiallarının növü və keyfiyyətinə də əsaslı təsir göstərmişdir. XIX əsrin geyim formaları biçim üsuluna və formalarının keyfiyyətinə əsaslı təsir göstərmişdi” - deyə bildirən L.Heydərova xatırladır ki, XIX-XX əsrlərin geyim dəbi bir-birinə müəyyən qədər uyğun gəlib.  O qeyd edir ki, bu dövrün geyimləri XX yüzilliyin 50-ci illərindən başlayaraq elmi ədəbiyyatda

müəyyən qədər işıqlandırılıb: “Azərbaycan Dövlət Tarix Muzeyində, Azərbaycan Dövlət İncəsənət Muzeyində, həmçinin, respublikanın digər şəhər və rayonlarında yaradılmış tarix-diyarşünaslıq muzeylərində bu dövrə aid kifayət qədər faktik material, milli geyim nümunələri toplanmışdır. Onların bir qismi “Azərbaycan milli geyimləri” adı altında nəfis albom halında nəşr olunmuşdur”.

Modelyer Şəlalə Maqsud “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu sahədə azdan-çoxdan nə iş görülübsə, onu da modelyerlər, rəssam-dizaynerlər görüb. Ş,Maqsudun sözlərinə görə, bu gün Azərbaycanda moda tariximizi öyrənən mütəxəssislərimiz, tarixçilərimiz yoxdur: “Mən bizdə moda tarixini araşdıran mütəxəssislərlə, moda tarixini öyrənən alimlərlə rastlaşmamışam. Keçmişdə elə gözəl geyimlərimiz olub ki, onların hər biri başdan-başa gözəllik idi. Düzdür, bəzi modelyerlərimiz geyimlər üzərində işləyərkən qədim geyimlərdə əks olunan ornamentləri, naxışları meydana çıxarır, geyimlərdə bu elementlərdən istifadə edirlər. Geyim, moda tariximizdə çox unikal elementlərimiz olub ki, onlar bu gün yüksək səviyyədə tədqiqata cəlb edilməlidir. Bu ornament və naxışlara o vaxtkı rəssamlar da can veriblər. Gülnarə Xəlilova qədim elementləri geyimlərində çox qabardır. Milli geyimlərimizdəki elementləri üzə çıxaran tədqiqatçılardan xəbərsizəm. Moda tarixçilərimiz bildiyim qədər yoxdur. Hansısa bir yazarın, tədqiqatçının, tarixçinin moda tariximizi üzə çıxarmasının şahidi olmamışam. Təəssüf ki, bu bizdə yoxdur”.     

Sənətşünas Səkinə Baharlının sözlərinə görə də bu gün Azərbaycanda moda tarixçiləri yoxdur: “Modanı demək olar ki, öyrənməyiblər. Öyrənsələr belə, buna səthi şəkildə yanaşılıb. Sənətşünasları dəb yox, qədim milli geyimlərdə istifadə edilən elementlər, ornament və naxışlar maraqlandırıb. Azərbaycanda tam olaraq moda tarixi öyrənilməyib. Halbuki, bizim çox unikal, gözəl moda tariximiz olub. Arzu edərdim ki, gənc sənətşünaslar moda tarixçiliyinə maraq göstərsinlər. Çünki bu olduqca vacibdir. Azərbaycanda moda tarixi dərindən öyrənilməlidir. Bu sahədə müəyyən işlər görülüb, amma tam olaraq məsələni əhatə etmir”.

İradə SARIYEVA 

Son xəbərlər