12/12/2017 04:58
728 x 90

Muzeylərimiz müasir milli geyim evləri ilə necə əməkdaşlıq edirlər?

“Bu əməkdaşlıq bizim geyimlərimizi almaqla bağlı deyil”

img

Könül Vəlibəyova: “Çox yaxşı olardı ki, ölkəmizdə Milli Geyim Muzeyi yaradılsın”

 

Son illər milli geyim evlərinin sayının artması, burada geyim rəssamlarının, dizaynerlərinin və modelyerlərin fəaliyyət göstərməsi nəticəsində milli geyimlərimizə yenidən qayıdış prosesi başlanıb. Bu çox müsbət haldır. Müasir moda evlərində müxtəlif bölgələrə məxsus milli geyimlər tikilir. Müsbət haldır ki, bu geyimlərdə qədim naxış və ornamentlər, müxtəlif tikiş formaları, üslubları əksini tapır.

Qeyd etdiyimiz kimi, milli geyimlərin xaricdə və ölkədə təbliğatına başlanıb. Tez-tez bu məqsədlə dəfilələr təşkil edilir, müxtlif qurumlarda milli geyimlər nümayiş etdirilir. Bu gün milli geyim istehsalının genişləndiyini nəzərə alaraq o geyimlərin yerli muzeylər tərəfindən alınması aktual məsələyə çevrilib. Bu günlərdə milli geyimlərin təbliğinə həsr olunmuş dəfilələrdən birində bir fikir səsləndirildi ki, çağdaş milli geyim evlərində tikilən milli geyimlər muzeylər tərəfindən alınsa, bunun bütün mənalarda faydası olar. 

Milli geyim evləri ilə muzeylər arasında geyimlərin alışı və satışı ilə bağlı əməkdaşlıq edilirmi?

Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyova bizimlə söhbətində bildirdi ki, yerli muzeylər onlardan geyimlər almır. Onun sözlərinə görə, xaricdə açılan milli mədəniyyət evlərində yaradılan muzeylərin ekspozisiyası üçün onlardan milli geyimlər alınır: “Bizim yerli muzeylərlə əməkdaşlığımız var. Ancaq bu əməkdaşlıq bizim geyimlərimizi almaqla bağlı deyil. Əsasən Avropada və digər yerlərdə fəaliyyət göstərən Azərbaycan mədəniyyət ocaqlarının muzeyləri ilə əməkdaşlıq edirik, onlar bizdən milli geyimlər alırlar. Bizim Bakıdakı muzeylərlə əməkdaşlığımız belə olur ki, biz müxtəlif bölgələrə məxsus geyimləri araşdırmaq məqsədilə Azərbaycan Tarixi Muzeyinə, Xalça Muzeyinə və digər muzeylərə gedib oradakı geyimlərə baxmışıq. Muzeylərin bizə geyim sifariş verməsinə gəlincə, deyə bilərəm ki, Tarix Muzeyinin əməkdaşları üçün milli geyimlər hazırlamışıq. Muzeylər bizdən ekspozisiyaya personajlar üçün geyim alırlar. Məsələn, Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvaninin personajları üçün geyimlər hazırlamışıq. Yoxsa XIX əsr Qarabağ və digər bölgələrin geyimi ilə bağlı muzeylər bizə müraciət etməyib”.

K.Vəlibəyova təklif edir ki, respublikamızda Milli Geyimlər Muzeyi açılsın. Onun sözlərinə görə, Milli Geyim Muzeyinin açılması qədim milli geyimlərin təbliği, onların daha yüksək səviyyədə tanıdılmasına xidmət edər: “Çox yaxşı olardı ki, ölkəmizdə Milli Geyim Muzeyi yaradılsın. Deyim ki, bir çox xarici ölkələrdə milli geyim muzeyləri var və bu həmin xalqların tarixi geyim mədəniyyətinin təbliğinə, qorunmasına xidmət edir. Avropada, Asiyada, Rusiyada belə muzeylər fəaliyyət göstərir. O geyimlər əsasında yeni geyimlər də hazırlanır. Əlimizdə milli geyimlərlə bağlı eksponatlar çox azdır. Yəni 10-15 geyim Tarix Muzeyində, 5-10 geyim Xalça Muzeyindədir. Bu qədər. Əlbəttə, milli geyimlərlə bağlı bir təklif, layihə olarsa, biz burada iştirak edərdik. Milli Geyimlər Muzeyi olsa, əlimizdəki eksponatlarla yanaşı, ora bizim işləri də qoymaq olar. Çünki muzeylərdə olan geyimlər restavrasiya olunmur. Amma muzey yaradılsa, onlar bizimlə əməkdaşılıq edər, həmin geyimlərin qədimliyini, kəsimlərini qorumaq şərti ilə onların verdiyi sifarişi qəbul edərdik”.

İradə SARIYEVA   

Son xəbərlər