12/12/2017 04:54
728 x 90

Bölgələrdə tarix-diyarşünaslıq muzeylərinə dövlət dəstəyinin yeni mərhələsi açılır…

Ekspertlər Tərtər Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını böyük siyasi, mədəni hadisə hesab edirlər…

img

Həyat Məhərrəmova: “Bu, dövlət başçısının mədəniyyətimizə, tariximizə, arxeologiyamıza verdiyi əvəzsiz dəyərin təzahürüdür” 
Ənvər Çingizoğlu: “Tərtərdə Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının istifadəyə verilməsi mədəniyyətimiz üçün böyük hadisə, düşmən üçün isə göz dağıdır”

 

Bölgələrdə mədəniyyətin inkişafı, tarix-mədəniyyət abidələrinin qorunması, eləcə də tarix-diyarşünaslıq muzeylərinin müasir standartlara cavab verən yeni binalarla təmin edilməsi ənənəyə çevrilib. Bilirik ki, Azərbaycan bölgələri zəngin arxeoloji mədəniyyətə malikdir. Yerli tarix-diyarşünaslıq muzeyləri bu mədəniyyətin, maddi-mənəvi dəyərlərin qorunduğu, nümayiş etdirildiyi, hətta tədqiqata cəlb edildiyi bir məkandır. Bölgələrdə tarix-diyarşünaslıq muzeyləri turistlərin ən çox maraq göstərdiyi mədəniyyət ocaqlarından biridir. 

Tərtər qədim yaşayış məskənlərindən biridir və burada tariximizin ayrı-ayrı inkişaf mərhələləri ilə bağlı abidələr, maddi mədəniyyət nümunələri, arxeoloji qazıntılar zamanı aşkarlanan nümunələr var ki, onlar eksponat statusu alıblar.

Bu günlərdə Prezident İlham Əliyev Tərtər Tarıx-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın açılışında iştirak edib. Ölkə başçısının mədəniyyətimizə, tariximizə diqqət və qayğısının daha bir nümunəsi olan Tərtər Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının inşası böyük əhəmiyyətə malikdir. Qeyd edilənə görə, Tərtər Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildə fəaliyyətə başlayıb və müxtəlif illərdə köhnə, uyğunlaşdırılmış binalarda yerləşdirilib. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında ötən il muzey üçün yeni binanın inşasına başlanıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri artıq başa çatdırılıb. İkimərtəbəli binada iki ekspozisiya zalı var. Bu zallarda “Təbiət”, “Arxeologiya”, “Qafqaz Albaniyası”, “Orta əsrlər”, “Misgərlik”, “XIX əsr”, “Azərbaycan milli geyimləri”, “Ənənəvi ev”, “Azərbaycan Xalq Cumhuriyyəti və Azərbaycan SSR dövrü”, “Azərbaycan müstəqillik dövrü”, “Qarabağ münaqişəsi” adlı bölmələr qurulub. Burada, həmçinin, sabiq prezident mərhum Heydər Əliyevin və Prezident İlham Əliyevin Tərtər rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılıb.

Məlumatlara görə, muzeydə ümumilikdə 2000 eksponat var ki, onlardan 250-si ekspozisiya zalında nümayış olunur. Bütün bunlar onu göstərir ki, ölkədə muzey işinin təşkilində əhəmiyyətli uğurlar qazanılıb. Gənc nəslin tarixi keçmişimizə maraq göstərməsini təmin etmək, onların vətənpərvərlik ruhunda tərbiyəsi baxımından muzeylərin böyük rolunu nəzərə alaraq, bu sahədə tədbirlərin daha da gücləndirilməsinə xüsusi diqqət göstərilir. Bu məsələdə Tərtər Tarix-Diyarşünaslıq Muzeyi mühüm rol oynayır. Muzeydə 40 yerlik konfrans zalı, elmi araşdırmalar şöbəsi üçün otaq da yaradılıb.

Tərtər Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını yüksək qiymətləndirən ekspertlər bildirirlər ki, Tərtər kimi strateji əhəmiyyətə malik olan rayonda belə bir muzeyin həyata qaytarılması olduqca əhəmiyyətlidir.

Tarixçi Həyat Məhərrəmova bizimlə söhbətində bildirdi ki, Prezident İlham Əliyev bölgələrin mədəni inkişafına xüsusi diqqət yetirir. Onun sözlərinə görə, indiyə qədər bir çox tarix-diyarşünaslıq muzeyləri köhnə binalardan işıqlı, müasir avadalıqlarla təchiz olunmuş binalara köçüb: “Tarix-diyarşünaslıq muzelərinə qayğı və diqqət olduqca çoxdur. Bu da dövlətin bölgələrimizin inkişafı ilə bağlı həyata keçirdiyi genişmiqyaslı layihələrin tərkib hissəsinə aiddir. Tərtər Tarix və Diyarşünaslıq Muzeyinin yeni binasının tikilərək istifadəyə verilməsi də bu qəbildəndir. Tərtər bu gün diqqətdə olan rayonlarımızdan biridir. Düşmənlə üz-üzə mövqedə mərdliklə dayanan Tərtərin tarixi də qədimdir. Bilirsiniz ki, bu rayon qədim Azərbaycan paytaxtlarından olan Bərdənin yaxınlığında yerləşir və burada tariximizin əzəmətli izləri yaşayır. Onu da deyim ki,  rayonda 24 tarix və mədəniyyət abidəsi var. Onlardan 1 ədədi dünya, 15 ədədi ölkə əhəmiyyətli arxeoloji abidə, 7 ədədi yerli əhəmiyyətli memarlıq, 1 ədədi isə yerli əhəmiyyətli arxeoloji abidədir. Həmin abidələr Tərtər şəhərində, Buruc, Hacıqərvənd, Evoğlu, Hüsənli, Sarov, Borsunlu, Bəyim Sarov, Xoruzlu, Dəmirçilər kəndlərində yerləşirlər. Göstərilən ərazilərdə 3 məscid, 15 kurqan, 2 nekropol, 2 yaşayış yeri, 1 buzxana, 1 türbə mövcuddur. Son dövrlərdə rayonun ərazisində olan tarixi və memarlıq abidələrinin təmiri və bərpası istiqamətində xeyli işlər görülüb. Bu rayonun inzibati mərkəzi olan Tərtər şəhəri Tərtərçayın sağ və sol sahillərində, qədim karvan yolu üzərində yerləşir. Buranın tarixi adı Çaparxana olub. Alban dövlətinin qədim paytaxtı Bərdədən 17 km aralıda yerləşən bu ərazidə vaxtilə karvansara və qala olub. Bu rayon tarixin əski çağlarında da böyük əhəmiyyətə malik olub.

Tərtər Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılması və açılışda ölkə başçısının iştirak etməsi böyük tarixi hadisədir, bu, dövlət başçısının mədəniyyətimizə, tariximizə, arxeologiyamıza verdiyi əvəzsiz dəyərin təzahürüdür”. 

Tanınmış etnoqraf-tədqiqatçı Ənvər Çingizoğlu bizimlə söhbətində bildirdi ki, Azərbaycan dövləti bölgələrdə mədəniyyətin, muzey işinin yüksək səviyyədə təşkil edilməsi üçün işlər görür. Onun sözlərinə görə, regionlarda fəaliyyət göstərən muzeylərin inkişafı istiqamətində işlər mütəmadi olaraq diqqədə saxlanır. Bölgələrdə ekspedisiyalarda olarkən muzeylərə də baş çəkdiyini deyən Ə.Çingizoğlunun bildirdiyinə görə, muzeylərin maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının komplektləşdirilməsi, ekspozisiyaların genişləndirilməsi və yeni muzeylərin yaradılmasına böyük diqqət var. O qeyd etdi ki, məlumatına görə, son illər ərzində respublikanın 20-dən artıq muzeyində əsaslı təmir və bədii tərtibat işləri aparılıb. O bildirdi ki, “Mədəniyyət haqqında” yeni Qanunun qəbul edilməsi, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında mədəniyyət siyasətinin strategiyasına dair mühüm maddələrin əks olunması bu vəzifələrin respublikamız üçün xüsusi əhəmiyyətini bir daha nümayiş etdirir. O hesab edir ki, tarix-diyarşünaslıq muzeylərinə, o cümlədən də bölgələrdəki mədəniyyət ocaqlarına göstərilən dövlət qayğısı bölgələrdə razılıqla qarşılanır: “Tarix-diyarşünaslıq muzeyləri bölgələrin tarixi mədəniyyətini, etnoqrafiyasını, arxeologiyasını özündə əks etdirən bir ünvandır. Tərtər elə bir bölgədir ki, hər birimizin diqqəti həmişə ora yönəlir. Düşmənlə üz-üzə mövqedə dayanan Tərtərdə Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının istifadəyə verilməsi mədəniyyətimiz üçün böyük hadisə, düşmən üçün isə göz dağıdır. Ermənilər gecə-gündüz Tərtəri və digər bölgələrimizi işğal etdikləri torpaqlarımızdan atəşə tutur, rayonun ayrı-ayrı yerlərini dağıntılara məruz qoyurlar. Amma dövlətimiz o bölgələrdə yeni mədəniyyət, təhsil ocaqları inşa etməklə düşmənə daha ağır mənəvi zərbə vurur”.   

İradə SARIYEVA

Son xəbərlər