22/11/2017 15:22
728 x 90

Azərbaycanın tarix-mədəniyyət qoruqları üçün xarakterik olan bir problemin üstü açıldı…

Bölgələrdə fəaliyyət göstərən bəzi tarix və mədəniyyət qoruqlarında ixtisaslı kadr və xarici dil mütəxəssisləri çatışmır…

img

Könül Cəfərova: “Məsələn, deyə bilərik ki, Qazaxda və Basqal qoruğunda xarici dil bilən mütəxəssislər yoxdur”
“Bu problemin aradan qaldırılması istiqamətində işlər aparılır”

 

Tarix və mədəniyyət qoruqlarının fəaliyyəti, bu sahədə görülən işlər, qoruqların mühafizəsi, yeni texnologiyalarla təchiz olunması, habelə ixtisaslı kadrlarla, xarici dillər bilən mütəxəssislərlə təmin edilməsi məsələsi diqqəti çəkir. Bakıda, Bakı ətrafında və bölgələrdə fəaliyyət göstərən tarix-mədəniyyət qoruqları dövlət tərəfindən lazımi səviyyədə qorunur.

Qoruqların inkişaf etdirilməsi, daha təkmil səviyyəyə çatdırılması, dünyanın qoruqçuluq standartlarına uyğunlaşdırlması sahəsində davamlı işlər görülür.

Tarix və mədəniyyət qoruqlarına dövlət qayğısı həmişə olub, bu gün də var.

Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindəki tarix və mədəniyyət qoruqlarının fəaliyyətinə həsr olunan müşavirə keçirilib. Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin sədrliyi ilə keçirilən müşavirədə qoruq işi ilə bağlı məsələlər müzakirə edilib. Vaqif Əliyev qeyd edib ki, ölkəmiz müstəqillik əldə etdikdən sonrakı dövrdə mədəni irsin qorunması və təbliği istiqamətində çoxlu addımlar atılıb. O bildirib ki, son illər görülən işlər daha geniş vüsət alıb. Bunun nəticəsidir ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bir sıra mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahısına daxil edilərək bəşəriyyətin mədəniyyət xəzinəsinin bir hissəsinə çevrilib: “Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan xalqının yaratdığı mədəni irs nümunələrinin qorunması, tədqiqi və təbliği ilə bağlı həm ölkə daxilində, həm də xaricdə bir sıra layihələr, təqdimatlar həyata keçirilir. Bütün bunların sayəsində xarici turistlərin Azərbaycana marağı daha da artır”.

Vaqif Əliyev, həmçinin, nəzərə çatdırıb ki, dövlət başçısının müvafiq sərəncamına əsasən, nazirliyin daxilində struktur islahatları aparılıb və bu ilin yanvarında 15 regional mədəniyyət və turizm idarəsi yaradılıb. Eyni zamanda Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti də bu sahədə olan idarəçiliyin optimallaşdırılmasına xidmət edir.

Vaqif Əliyev qoruqların idarə olunması və fəaliyyəti istiqamətində mövcud olan çatışmazlıqların aradan qaldırılması işinin də tez bir zamanda həll olunmasının vacibliyini qeyd edib. Vurğulayıb ki, indi ölkə rəhbərliyi səviyyəsində bu sahəyə xüsusi diqqət və qayğı göstərilir, qoruqlarda abadlıq, bərpa işləri həyata keçirilir. Mədəni irs nümunələrimizin, tarixi abidələrimizin təbliğinə, eləcə də qoruqların öz maliyyə vəziyyətlərini yaxşılaşdırmalarına imkanlar yaranıb. Bunun üçün müasir vasitələrdən, dünya təcrübəsindən yararlanmalı, qoruqların turizm məhsulu kimi təbliği işi daha da gücləndirilməlidir.

Qeyd edək ki, müşavirədə, həmçinin, tarix və mədəniyyət qoruqlarının fəaliyyəti və mövcud problemləri, onların elmi tədqiqat müəssisəsi kimi fəaliyyəti, qoruq ərazilərində müasir tələblərə cavab verən turizm məhsullarının yaradılması və digər mövzularda müzakirələr aparılıb.

Müşavirədə bəzi bölgə qoruqlarında ixtisaslı kadr çatışmazlığı və xarici dil mütəxəssislərinin olmaması problemi gündəmə gətirilib.

Azərbaycanda fəaliyyət göstərən qoruqlarda analoji problemin olduğunu araşdırmaq üçün Mədəniyyət və Turizm Nazirliyinin Qoruqlarla iş, tarix-mədəniyyət abidələrinin monitorinqi və təbliği sektorunun müdiri Könül Cəfərova ilə əlaqə saxladıq. O, “Bakı-Xəbər”ə verdiyi açıqlamada tarix və mədəniyyət qoruqlarının fəaliyyəti və hazırkı vəziyyətindən danışdı. O bildirdi ki, nazirliyin tabeliyində 21 qoruq fəaliyyət göstərir. Onlardan biri - Şuşa tarix-mədəniyyət qoruğu işğal altındadır. O qeyd etdi ki, ölkəmizdə ilk tarix-mədəniyyət qoruğu 1969-cu ildə yaradılıb, qoruqların mahiyyətinə uyğun işləməsi əsasən Mədəniyyət və Turizm Nazirliyinin yaranmasından sonrakı dövrə təsadüf edir: “Ötən müddət ərzində qoruqların fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində böyük işlər həyata keçirilib. Qoruqların xəritələri hazırlanıb, sərhədləri müəyyən edilib. Həmçinin bir sıra qoruqlarda bərpa-konservasiya, elmi-tədqiqat layihələri həyata keçirilib”.

Mədəniyyət və Turizm Nazirliyi yaranandan bəri çox böyük və genişmiqyaslı, eyni zamanda da maraqlı layihələr həyata keçirildiyini deyən sektor müdiri bildirdi ki, bu özünü qoruqların inkişafında və fəaliyyətində də göstərir: “Qoruqların fəaliyyətində və inkişafında böyük nailiyyətlər var. Bilirsiniz ki, Qobustan UNESCO siyahısına daxil edilib. Hazırda Şəkinin Yuxarı Baş qoruğu da UNESCO-ya təqdim edilib. Bu sahədə böyük və intensiv işlər aparılır. Qoruqlarda turizm infrastrukturunun yaradılması ilə bağlı çox böyük layihələr həyata keçirilib. Qobustan qoruğu, Atəşgah qoruğu və digər qoruqlar inkişaf edir. Quba Soyqırımı Memorial Kompleksi yaradıldı, Nizami Gəncəvinin abidə kompleksi yenidən bərpa edildi, Hacıqabulda Pir Hüseyn Xanəgahının qalıqları üzərində yenidən abidə ucaldıldı. Görülən işlər barədə onu da demək istəyirəm ki, bu illər ərzində qoruqların sərhədləri müəyyən edilib, xəritələr hazırlanıb, qoruqların normativ-hüquqi bazasına yenidən baxılıb, sənədlər yenidən tərtib olunub”.

Qoruqlara yeni texnologiyaların cəlb edildiyini deyən sektor müdiri vurğuladı ki, Qobustan qoruğunun yeni ekspozisiyası yeni texnologiya üsulu ilə hazırlanıb, bunun nəticəsi olaraq 2012-ci ildə Qobustan Avropanın ən yaxşı muzeyləri siyahısına daxil olub”.

Kadrların yetişdirilməsinə gəlincə, sektor müdiri vurğuladı ki, son illər qoruqda çalışanların mütəxəssis olmasına ciddi fakir verilir. Onun sözlərinə görə, qoruq sistemində çalışanlar əsasən tarixçilərdir. Bu gün bilirsiniz ki, gənclərin 80 faizi xarici dillərə böyük önəm verirlər. Artıq biz yeni kadrları işə götürəndə bir çoxlarının xarici dilləri bildiyini görürük. Mütəxəssis baxımından isə bizim Turizm və Menecment Universitetində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində abidələrin mühafizəsi ilə bağlı ixtisas var və onlar sırf bu sahədə mütəxəssis hazırlayırlar. Onu da deyim ki, Turizm və Menecment Universitetində xüsusi kurslar təşkil edilir və onlar orada sertifikat alırlar”.    

Sektor müdirindən bu sahədə olan nöqsanlar barədə də soruşduq. O bildirdi ki, həyata keçirilən uğurlu işlərlə yanaşı, xüsusilə regionlarda bir sıra qoruqların fəaliyyətində nöqsanlar hələ də qalmaqdadır: “Bu nöqsanlar sırasına ixtisaslı kadr çatışmazlığı, xarici dil bilən bələdçilərin azlığı və digər məsələlər daxildir. Təəssüf ki, belə problemlər var. Amma bu, bütün bölgələrə şamil olunmur. Məsələn, deyə bilərik ki, Qazaxda və Basqal qoruğunda xarici dil bilən mütəxəssislər yoxdur. Bu problemin aradan qaldırılması istiqamətində işlər aparılır. Hətta biz gəncləri paytaxtdan bölgələrə yönəltmək fikrindəyik. Bunun nəticəsində də yerlərdə kadr çatışmazlığı ilə bağlı yaranan boşluğu doldurmaq istəyirik”.

İradə SARIYEVA 

Son xəbərlər