22/11/2017 15:23
728 x 90

Azərbaycanın məşhur kino musiqiləri yadelli “mədəni işğalçıların” əlində…

img

Aysel Zamanova: “Bilirsiniz ki, Rusiya kinosunu ermənilər əlinə alıb və bunun nəticəsində də bizim musiqimiz oğurlanır”
Elnarə Dadaşova: “Azərbaycan musiqisinə başqa ölkələrin belə münasibət göstərməsi yaxşı hal deyil”
Gülüm Qiyasova: “Yaxşı olardı ki, Bəstəkarlar İttifaqı, Müəllif Hüquqları Agentliyi bu məsələ ilə bağlı onlara xəbərdarlıq etsinlər”

 

Azərbaycan musiqisi uzun illərdir plagiatlığa məruz qalır. Sərhədlər açıldıqdan sonra bu halla daha çox rastlaşmağa başlamışıq. Əvvəllər ayrı-ayrı bəstəkarlar mahnılarımızı oğurlayıb öz adına çıxırdısa, yaxud müğənnilər onları ”anonim” oxuyurdusa, bu gün başqa bir problem ortaya çıxıb.

Türkiyə və Rusiyanın özəl kino şirkətləri öz film və seriallarında Azərbaycan musiqisindən istifadə edirlər, amma heç bir yerdə filmin musiqisinin Azərbaycan musiqisi olduğunu qeyd etmirlər. Rusiyada çəkilən o filmlərdə Azərbaycan mahnılarından, balabandan istifadə edilir ki, orada ermənilər çalışır. Yəni filmim rejissoru, ssenari müəllifi, prodüsseri ermənilər olurlar. Türkiyə filmlərində də müəyyən qədər Azərbaycan musiqisindən istifadə edilir. Müasir hind filmlərində də Azərbaycan musiqisindən yararlanırlar. Zəngin, çoxşaxəli musiqimiz bütün xalqları özünə cəlb edir. Hətta bəzi Orta Asiya filmlərində də musiqimiz səslənir. Musiqimizin hər yerdə səslənməsi bizə xoşdur, amma o bizim adımızla təqdim edilməyəndə, təbii, bu plagiatlıqdır.

Bu məsələyə müəllif hüquqları nəzərilə baxılmalı olduğunu deyən kinoşünas Aysel Zamanovanın sözlərinə görə, indiyə qədər  Fikrət Əmirovun, Cahangir Cahangirovun musiqisindən tutmuş, EldarMansurovun, eləcə də gənclərin musiqisinə qədər bir çox əsərlər plagiatlığa məruz qalır: “Bizim mahnılarımız çox zaman plagiatlığa məruz qalıb. Hətta illər əvvəl İbrahim Tatlısəs filmlərindən birində xalq artisiti  Şəfiqə Axundovanın “Nədən oldu” mahnısından istifadə etmişdi, amma Şəfiqə xanımın adını qeyd etməmişdi. Bundan başqa, onun Azərbaycan musiqisi olduğunu gizlətməyə cəhd etmişdi. Bundan başqa, onlarla misal var. Türk filmlərində Azərbaycan musiqisindən istifadə edilməsi çox təbiidir. Biz bütün cəhətlərdən yaxınıq, bu öz yerində. Amma gərək bizim mahnıların müəlliflərinin adı qeyd edilə. Bilirsiniz, onlar bəstəkara pul ödəməmək üçün bu addımı atırlar. Nəticədə bizim hüquqlarımız tapdanır. Rusiya filmlərinə gəlincə, deyim ki, bunu məqsədli şəkildə edirlər. Bu işi ermənilər edir. Əsasən də xalq mahnılarımızı filmlərdə istifadə edirlər. Balaban ifasından da istifadə olunur. Bilirsiniz ki, Rusiya kinosunu ermənilər əlinə alıb və bunun nəticəsində də bizim musiqimiz oğurlanır. Bu işə müəllif hüquqları çərçivəsində baxılmalıdır. Məncə, filmlərimizi oğurlayan kino şirkətlərinin siyahısını çıxarmalıyıq və onlarla hüquq dilində danışmalıyıq. Bizim musiqimizin oğurluğa məruz qalması pis haldır. Həm bəstəkarların müəllif hüququ pozulur, həm də musiqimiz dünyaya başqa ad altında təqdim edilir. Kino belədir ki, hamı ona baxır, musiqini yadda saxlayır”.

Bəstəkar Elnarə Dadaşova bizimlə söhbətində bu halı pislədiyini bildirdi. Onun sözlərinə görə, Azərbaycan musiqisinin plagiatlığa məruz qalması yaxşı hal deyil: “Azərbaycan musiqisinə başqa ölkələrin belə münasibət göstərməsi yaxşı hal deyil. Bunu pisləyirəm”.

Musiqiçi Gülüm Qiyasovanın sözlərinə görə, Azərbaycan musiqisindən başqa ölkələrdə kino musiqisi kimi istifadə edilməsi yaxşı haldır, amma müəllifin adının qeyd edilməməsi qəbul edilən deyil: “Bir dəfə Rusiyada çəkilən bir filmə baxırdım, filmdə başdan-ayağa Azərbaycan xalq mahnısı “Ay Laçın” səslənirdi. Sonra Fikrət Əmirovun melodiyalarından o filmlərdə istifadə edilir. Yəni bu hal geniş yayılıb. Yaxşı olardı ki, Bəstəkarlar İttifaqı, Müəllif Hüquqları Agentliyi bu məsələ ilə bağlı onlara xəbərdarlıq etsinlər. Yoxsa onlar bu əməllərini davam etdirəcəklər”.

Aytəkin KƏRİMLİ 

Son xəbərlər