22/11/2017 15:22
728 x 90

Respublika Uşaq Kitabxanası Azərbaycanın bölgələrini “Uşaq Kitab Karvanı” layihəsilə gəzir…

Bu “karvan”a tanınmış uşaq yazarları da qoşulub

img

Şəhla Qəmbərova: “Bu, ümumilikdə, uşaqların, məktəblilərin, bütövlükdə uşaq kitabxanasının oxucusu olan 18 yaşa qədər oxucuların tam maarifləndirilməsi deməkdir”    
Sevinc Nuruqızı: “Uşaqlar bizim yeni əsərlərimizlə, kitablarımızla tanış olurlar, biz onların arzularını, hansı mövzularda əsərlər istədiklərini öyrənirik”

 

Uşaq ədəbiyyatının təbliği sahəsində aidiyyəti sahə ilə məşğul olanlar müxtəlif istiqamətli layihələrin həyata keçirilməsinə başlayıb. Uşaq ədəbiyyatı ən həssas sahələrdən olduğu üçün, ona diqqət, qayğı tələb olunur. Yazıçı, şair yazır, ancaq onların yazdıqlarının uşaqlara çatdırılması daha vacib məslələlərdən biridir.

Uzun illər bölgə kitabxanaları müasir uşaq ədəbiyyatı nümunələrini əldə edə bilmirdi. Bölgələrdə yaşayan uşaqlar, demək olar ki, müasirləri olan uşaq yazarlarının əsərlərindən xəbərsiz idilər. Bu da oxucu və yazıçı arasında mövcud olmalı olan əlaqələri sarsıtmışdı. Uşaq dünyasının zənginləşməsində əhəmiyyətli rol oynayan uşaq ədəbiyyatı onlarda bir sıra müsbət xarakterlər formalaşdırır. Artıq bir neçə ildir Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Uşaq Kitab Karvanı” oxucularla görüşə gəlir. Onu da vurğulayaq ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Uşaq Kitab Karvanı” layihəsi çərçivəsində noyabr ayının 6-da Salyanda, 7-də Neftçalada görüş keçirilib. Layihə çərçivəsində noyabrın 8-də Biləsuvar, 9-da isə Sabirabad rayonlarına səfər ediləcək.

Səfərlər zamanı səyyar kitab sərgilərinin təşkili ilə yanaşı, uşaq yazıçıları Gülzar İbrahimova, Sevinc Nuruqızı, Qəşəm İsabəyli və Reyhan Yusifqızının oxucularla görüşləri təşkil edilir.

Onu da bildirək ki, 2011-ci ildən etibarən həyata keçirilən “Uşaq Kitab Karvanı” layihəsi üzrə rayonlara (şəhərlərə) səfərlərin təşkilində başlıca məqsəd bölgələrdəki kitabxanaların uşaq şöbələri və filiallarında oxucuların sorğularını təmin etməklə kitaba olan ehtiyacın mümkün dərəcədə ödənilməsidir. Bu günə qədər layihə üzrə respublikamızın 22 rayonuna (şəhərinə) kitab karvanı yola düşmüş və regionlarda fəaliyyət göstərən kitabxanaların müvafiq bölmələrinə ümumilikdə 19 670 nüsxə uşaq ədəbiyyatı hədiyyə edilib.

Bu gün “Uşaq Kitab Karvanı” ilə Azərbaycan rayonlarını səyahətə çıxan və orada oxucuları ilə görüşən uşaq yazıçı və şairləri bu layihənin hədsiz dərəcədə faydalı olduğunu qeyd edirlər. Onlar hesab edirlər ki, oxucu-yazıçı arasında əlaqənin yaranmasında belə layihələr misilsiz rol oynayır.

Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova “Uşaq Kitab Karvanı” layihəsi ilə bağlı “Bakı-Xəbər”ə bildirdi ki, bu layihənin məqsədi kitab maarifçiliyini, uşaq ədəbiyyatını bölgələrdə geniş səviyyədə təbliğ etməkdir: ”Məqsədimiz odur ki, biz bölgələrdə yerləşən bütün uşaq kitabxanalarını son illərdə nəşr olunan çeşidli ədəbiyyatla təmin edək, bununla da uşaqların mütaliə və kitaba olan marağını artıraq, ümumiyyətlə, kitabxananın informasiya daşıyıcı olan məkan kimi  təbliğatını aparaq. 2011-ci ildən bu günə qədər biz bu layihəni həyata keçiririk. “Uşaq Kitab Karvanı”öz işinə “İpək yolu” layihəsi ilə başlayıb. Artıq 20 mindən artıq kitab 22 rayonun uşaq  kitabxanalarına paylanıb. Noyabrın 6-da Salyanda olduq, kitabxanaya 500-ə yaxın uşaq ədəbiyyatı, 44 adda metodiki vəsait və uşaq jurnalları hədiyyə etdik. Bu gün isə (noyabrın 7-si) Neftçala Mərkəzləşdirilmiş Kitabxana Sistemindəyik”.

Ş.Qəmbərova bildirdi ki, layihə bölgələrdə çox yaxşı qarşılanır, onlar yazıçılarla görüşdən məmnun qalırlar: “Yazıçı və şairlərlə bu görüşlər, ümumiyyətlə, müsbət nəticə verir. Nəyə görə? Çünki bilirsiniz ki, bizim “karvan”ın tərkibində uşaq yazarları da var. Onların da müəllifi olduğu əsərlər dərsliklərdə var. Onların əsərləri dəsrliklərdə olduğu üçün, uşaqlar onlarla qiyabi də olsa tanışdırlar. Onları “karvan”da görəndə daha da məmnun qalırlar. Yəni onlar birbaşa yazıçı ilə təmasa girirlər. Noyabrın 6-da biz Salyanda olanda orada nəinki uşaqlar, hətta məktəbin müəllim və metodistləri, uşaq bağçalarının müəllimləri gətirdiyimiz kitabları necə əldə etmək haqqında suallar verirdi. Bu onlar üçün çox maraqlıdır. Bilirsiniz ki, paytaxtda kitabxanalarda olan kitablar əlçatan olur, amma bölgələrdə bir az əlçatmaz olur. Yəni kitablar onlara gec gedib çatır. “Uşaq Kitab Karvanı”nın əsas məqsədi odur ki, yeni nəşr olunmuş ədəbiyyat nümunələri, kitabları vaxtında kitabxanalara çatdırsın. Bizim kitabxana da, “Bilik” Fondu da kitab təbliği sahəsində çox önəmli layihələr həyata keçirirlər. Hər bir təşkilat öz gücü çatdığı dərəcədə kitabların bölgələrdə təbliğinə dəstək verir. Bu, ümumilikdə, uşaqların, məktəblilərin, bütövlükdə uşaq kitabxanasının oxucusu olan 18 yaşa qədər  oxucuların tam maarifləndirilməsi deməkdir”.    

Tanınmış uşaq yazıçısı Sevinc Nuruqızı bizimlə söhbətində bildirdi ki, Salyan və Neftçalada keçirdikləri görüşlərdən çox böyük təəssüratla ayrılıblar: “Bu olduqca maraqlı layihədir. Bunun əhəmiyyəti çox böyükdür. Deyim ki, hazırda iştirak etdiyimiz layihə yeni deyil, çoxdan həyata keçirilir. Layihə Azərbaycanın bütün bölgələrini əhatə edir. Bildiyim qədər, layihə 2020-ci ilə qədər davam edəcək. Hər dəfə 5 rayona gedilir. Hər rayonun Mərkəzi Kitabxana Sisteminə Köçərli Kitabxanası 500-800 kitab hədiyyə edir. Bu layihənin əhəmiyyətli tərəflərindən biri odur ki, orada uşaq yazarları da iştirak edir və onların uşaqlarla birbaşa təmasları, görüşləri olur. Uşaqlar bizim yeni əsərlərimizlə, kitablarımızla tanış olurlar, biz onların arzularını, hansı mövzularda əsərlər istədiklərini öyrənirik. Bilirsiniz ki, əyalətlərdə müasir uşaq ədəbiyyatı nümunələrini, kitabları əldə etmək çətindir. Amma Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası müxtəlif adda kitabları gətirib kitabxanalara verir ki, həm uşalar bu nəşrlərlə tanış olsunlar. Əlbəttə, burada həm uşaq ədəbiyyatı, həm uşaq yazarları, həm də kitab təbliğ olunur. Tutaq ki, mənim kitabım 500 nüsxə çap olunub, o da ancaq paytaxda yayılıb, Bakının kitab mağazalarında satılır. Bu halda o kitablar əyalətə getmir. Ancaq bu layihə çərçivəsində bu kitablar yerlərə çatdırılır. Bu layihə çərçivəsində isə uşaq yazıçıları həm rayon ictimaiyyətinə, həm də uşaqlara tanıdılır. Bir günün içində səni 800-1000 uşaq tanıyır, kitabınla maraqlanırlar. Həmçinin bu görüşlərdə ibtidai sinif müəllimləri, eləcə də bağça müəllimləri iştirak edirlər. Onlar bilirlər ki, filan yazar uşaq yazıçısıdır və onun əsərləri bunlardır. Bunun əhəmiyyəti çox böyükdür”.

Bildiyimiz kimi, bölgələrdə teatrlar da fəaliyyət göstərir, uşaq yazarlarının əyalətlərə, rayonlara səfəri həm də onların teatrlarla əməkdaşlığının başlanmasına şərait yaradır. S.Nuruqızı bildirdi ki, uşaq yazarlarının əsərləri bölgə teatrlarında səhnələşdirilir və uşaqlar səhnədə əsərlərini gördüyü yazıçılarla təmas qurmağa sevinirlər: “Bir neçə il bundan əvvəl Salyan Kukla Teatrında mənim “Gəlinciklərim” tamaşam səhnələşdirilmişdi. Bunun nəticəsində bütün Salyan uşaqları məni tanıdı. Bütün cəhətlərdən bu layihə çox əlverişli və faydalıdır”.

İradə SARIYEVA

Son xəbərlər