24/10/2017 06:03
728 x 90

Tarixdə iz buraxanlar: Xaqani Şirvani

img

Dünya şöhrətli Azərbaycan şairi, mütəfəkkir Xaqani Şirvani 1126-cı ildə Şamaxıda anadan olub. Əsl adı İbrahimdir. Xaqani onun təxəllüsü, Şirvani mənsub olduğu yerin adıdır. Xaqani 8 yaşında atasını itirib, dövrünün tanınan alim və həkimi olan əmisi Kafiəddin Ömər Osman oğlunun himayəsi və tərbiyəsi altında böyüyüb.

Xaqani Şirvani gənc yaşlarından dövrünün müxtəlif elmlərinə dərin maraq göstərib. Şərqin bir çox elmlərinə vaqif olan Xaqani bütün bunları quru, yorucu bir dillə deyil, şirin, cazibədar, heyranedici poeziya dili ilə təqdim edir. O, bir sıra simvol və eyhamların köməyilə özü və mühiti arasında olan dərin ziddiyyətləri açıb göstərməyə nail olub. Bu baxımdan Xaqani yaradıcılığına dialektik inkişaf meyli xasdır. O, təbiət və cəmiyyəti donmuş halda deyil, daim inkişaf və yüksəlişdə götürüb baxmağa güclü meyl nümayiş etdirir.

Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada böyük şöhrət qazanır. O, klassik Şərq poeziyasının bütün janrlarında yüksək sənətkarlıq nümunəsi yaradıb. Əsərləri Yaxın Şərq ölkələrinə yayılaraq müasirlərinin diqqətini cəlb edib.

Xaqani Şirvaninin ədəbi irsi çox zəngindir. Yaxın Şərqə etdiyi səfərdən qayıtdıqdan sonra o, Yaxın Şərq ədəbiyyatı tarixində epik poeziyanın ilk görkəmli nümunələrindən hesab edilən “Töhfətül-İraqeyn” adlı məsnəvisini yazıb. Əsər dövrün sosial-siyasi şəraitini öyrənmək baxımından da çox əhəmiyyətlidir. Xaqani “Mədain xəbərləri” adlı məşhur fəlsəfi qəsidəsində müasirləri üçün maraqlı fikirlər irəli sürüb. O, şeirinin tərbiyəvi gücünə inanır, şairlik sənəti haqqında deyirdi: “Hər tərbiyəçi şairliyi bacarmaya bilər. Fəqət hər şair tərbiyə verməyi bacarmalıdır!”.

Xaqani Şirvani vətənpərvər bir şair idi. O, vətəni Şirvanı füsunkar təbiəti, bolluq, bərəkət ölkəsi, şairlər ocağı kimi tərənnüm edib. Azərbaycan ədəbiyyatı tarixində Qətran Təbrizi ilə başlanan qəzəl janrı Xaqani Şirvani və Nizami Gəncəvi yaradıcılığında kamillik dərəcəsinə çatıb. Cərəyan edən hadisələri real surətdə əks etdirməyə çalışan şair, saraylara nifrətini, xalqa yaxınlıq və sədaqətini, “Xaqani” deyil, “Xəlqani” olduğunu poetik bir dillə bildirib. Xaqani Şirvani eyni zamanda mahir bir nasir olub. O, “Töhfətül İraqeyn” məsnəvisində nəsrlə yazdığı müqəddimə və dövrünün məşhur adamlarına mürəkkəb bədii tərzli ifadələrlə yazdığı məktubları, istişarə, eyham və mübaliğələri ilə diqqəti cəlb edib.

Xaqani əsərlərini fars və ərəb dillərində yazsa da, şeirə gətirdiyi bir sıra yeniliklərinə və ədəbi-bədii xüsusiyyətlərinə görə Azərbaycan məktəbini təmsil edib. Xaqaninin əsərlərində Şərqin bir çox görkəmli şairləri nəzirələr yazıb. Şairin bədii irsinin öyrənilməsi ilə Azərbaycan, İran, Rusiya, Hindistan, Pakistan və Qərbi Avropa tədqiqatçıları məşğul olub. Azərbaycan alimləri şairin həyatını və yaradıcılığını öyrənməklə dəyərli işlər görüb. Xaqaninin poetik əsərlərinin müəyyən hissəsinin Azərbaycan dilinə tərcüməsi M.Rahim, Ə.Vahid, M.Mübariz və başqalarına məxsusdur.

Xaqani Şirvaninin əsərləri Hindistanda, İranda dəfələrlə çap edilib. Yaradıcılığı 12-ci əsrdən tədqiqatçıların diqqətini cəlb edib, Azərbaycan, rus, Qərbi Avropa, İran, Türkiyə, Hindistan və s. ölkələrin şərqşünasları tərəfindən öyrənilib.

Xaqaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divanı, “Töhfətül-İraqeyn” məsnəvisindən, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Divanı şeirlər, qəsidə, qəzəl, mədhiyyə, mərsiyə, rübai və s. ibarətdir. Onun ictimai-fəlsəfi məzmunlu əsərlərinə “Şiniyyə” və “Mədain xəbərləri” qəsidələri, “Həbsiyyə” şeirləri və “Töhfətül-İraqeyn” məsnəvisi daxildir. “Kitabi-Dədəm Qorqud” eposunun bizə gəlib çatan əlyazma nüsxələrinin köçürülmə tarixi XVI əsrdə dövrün ən böyük şairlərindən biri kimi tanınan Əfzələddin Xaqani yaradıcılığında diqqəti ən çox çəkən cəhət, hər beytdə, hər misrada özünü göstərən dərin obrazlıq və elmilikdir.

İslam Şərqinin bir çox elminə vaqif olan sənətkar bütün bunları quru, yorucu bir dillə deyil, şirin, cazibədar, heyranedici poeziya dili ilə təqdim edir. Dövrünün elmlərini dərindən bilən Xaqani bəzən incə bir eyhamla bütöv əsərlərə sığa bilən fikir ifadə etmiş olur. Bəzən isə onun əsərlərində dövrünün şəriət xadimlərinin müəyyən etdiyi ehkamlarla uyuşmayan ezopdilli qənaətlər də irəli sürülür, poetik simvollardan geniş istifadə edilir.

Azərbaycan ədəbiyyatında ilk epistolyar məsnəvi sayılan “Töhfətül-İraqeyn”də Xaqani Şirvani bir sıra simvol və eyhamların köməyilə özü ilə mühiti arasında olan dərin ziddiyyətləri açıb göstərməyə nail olub. Bu baxımdan istər Xaqani, istərsə də Nizami yaradıcılığına dialektik inkişaf meyli xasdır. Bu şairlər təbiət və cəmiyyəti donmuş halda deyil, daim inkişaf və yüksəlişdə götürüb baxmağa güclü meyl nümayiş etdirirlər. Xüsusən Nizami yaradıcılığı bu baxımdan bütövlükdə dünya ədəbiyyatına özünəməxsus mərhələ təşkil edir. Xaqani Şirvani Şamaxıdakı saray mühitinin əzici təsirinə dözməyərək, Məkkəyə ziyarətə getdikdən sonra bir daha saraya qayıtmayıb və Təbrizdə məskən salıb.

Saraydan üz döndərən şair daim xalqına arxalanıb, özünü Xaqani deyil, Xəlqani adlandırıb, dərvişi sultandan daha ləyaqətli sayıb, qəlbin saflığını, könül toxluğunu, dürüstlüyü, təmiz eşq və məhəbbəti tərənnüm edib. Xaqani eyni zamanda öz yurdunu sevən alovlu vətənpərvər, humanist bir şair olub. Onun əsərlərində cazibədar vətən torpağının mənzərələri parlaq təsvir edilir. Yüksək bədii dil qızğın ürəklə ana məhəbbətini, əhdə vəfanı tərkedilməz sənətkarlıqla tərənnüm edən Xaqani zəmanəsindən narazılığını bir şeirində ürək ağrısı ilə belə ifadə edib:          

Çox zəhmət çəkdim mən arzu yolunda

Taleyim üzümə gülmədi bir an

Dünyaya sığmayan hikmətim vardı

Ona dar gəlirdi hər iki cahan

Mənə verilənlər olmadı layiq

Layiq olanı da vermədi dövran

Şairin həyatının son illəri çox ağır keçib. Onun çox sevdiyi ailə üzvləri – 20 yaşlı cavan oğlu, qızı və həyat yoldaşı bir-birinin ardınca vəfat edib. Qoca şair tamamilə tək qalıb. O, 1199-cu ildə vəfat edib və Təbriz şəhəri yaxınlığında Surxab qəbristanında dəfn edilib. Şairin məzarı “Şairlər məqbərəsi” adlanan yerdədir.

Xaqani Azərbaycan ədəbiyyatında ən böyük lirik şairlərdən biri kimi tanınıb. Onun qəzəl və rübailərində Azərbaycan poeziya məktəbinin ən yaxşı ənənələrinin əsası qoyulub. Xaqani yaradıcılığında Azərbaycan poetik məktəbinin öz əksini tapan xüsusiyyətlərindən biri də türklüyə dərin məhəbbətdir. Sonralar Nizami yaradıcılığında bu xüsusiyyət özünün zirvəsinə çatıb.

Xaqani Şirvani olduqca mürəkkəb yaradıcılığa və özünəməxsus bədii ifadə tərzinə malik bir şair olub. Azərbaycan klassikləri arasında ancaq o, əruz vəzninin, demək olar ki, bütün bəhrləri üzrə şeir yazıb. Xaqani qüdrətli bir şair olduğundan, öz dövründə və sonrakı əsrlərdə geniş şöhrət qazanıb. Azərbaycanın və Yaxın Şərqin bir çox adlı-sanlı şairləri onu özünə ustad hesab edib və onun ayrı-ayrı əsərlərinə iftixarla nəzirələr yazıblar.

Xaqani ənənələrini davam etdirən şairlər arasında Azərbaycan şeirində inqilabçı satiranın böyük siması Mirzə Ələkbər Sabir də var. Sabir öz şeir yaradıcılığında Nizami ənənələri ilə birlikdə Xaqaninin mübariz üsyankar ruhunu yaşatmağa çalışıb, onun əsərləri və həyatı ilə yaxından maraqlandığını bildirib.

Biz Azərbaycan xalqının olduqca zəngin mədəniyyət tarixini, Azərbaycan ədəbiyyatı dahilərinin əsərlərini əziz tutmalı, onların qədrini bilməli və dərindən öyrənməli, tarixi bir millət olaraq öz keçmişimizi, mütərəqqi yazarlarımızı böyük iftixar hissi ilə öyrənib təbliğ etməliyik.

Xaqani Şirvani yalnız Azərbaycanın yox, bütün yaxın Şərq ədəbi-ictimai fikrinin XII əsrdə yetirdiyi ən görkəmli simalardan biri, sənətinin bəzi əzəmətli keyfiyyətləri ilə birincisidir. Tədqiqatçılar haqlı olaraq onu ədəbiyyatımızda fəlsəfi qəsidənin banisi, ilk və ən güclü məsnəvilərin, incə ruhlu qəzəllərin və müdrik rübailərin, nəhayət, kamil mənzum səyahətnamənin yaradıcısı kimi çox yüksək qiymətləndirirlər.

Xaqani Şirvaninin əsərləri tədqiq edildikdə onun öz dövründəki elmlərə yaxşı bələd olduğu ortaya çıxır. Azərbaycan alimlərindən Məhəmmədəli Tərbiyyət Xaqaninin elmləri necə dərindən bildiyi haqda belə yazır: “Xaqani Şirvani öz dövrünün işlənməkdə olan elmlərinin çoxuna, xüsusən də hikmət, nücum, müsiqi elmlərinə yaxşı bələd idi. Onun əsərlərində bu elmlərdən çox istilahlar var; o, tarixi də yaxşı bilirdi. Xaqani Şirvani qəsidəsinin birində bu haqda yazır: “O hansı elmdir ki, mən onu bilmirəm? – məni sınamaq istəyirsən, əsərlərimə diqqət et”. Xaqani bu fikri ərəb dilində yazdığı bir əsərində də təkrar edərək yazır: “Mən elmlə şərafətlənib onun sayəsində şöhrət tapıram”.

Tədqiqatlarda Xaqani Şirvani ilə Nizami Gəncəvi arasında səmimi dostluq əlaqələrinin olduğu barədə maraqlı məlumatlar var. Xaqani və Nizami yaradıcılığı bir-birini təsdiq edən, tamamlayan, eyni bir dövrün poetik əks-sədası olan iki qüdrətli poetik mənbədir. Hər iki sənətkar dövrün ən mühüm məsələlərində eyni cəbhədə dayanır, şərə, eybəcərliyə, nadanlığa eyni mövqedən “atəş açır”, eyni ideallarla çıxış edir.

Xaqani ilə Nizamini təkcə saraylar deyil, bütün dövr, zaman, cəmiyyət narahat edir. Hər iki şair dövrünün hünərsiz, nadan hakimlərindən şikayətlərdə həmrəy və həmfikirdir. Hər iki şairin yaradıcılığında güclü bir inkarçılıq ruhu vardır. İnsana zidd baxış, görüş və ehkamların inkarıdır. İntibah dünyagörüşünün orta əsr şəri, eybəcərliyi qarşısındakı dəhşətidir. Xaqaninin “Töhfətül-İraqeyn,” “Mədain xərabələr” və başqa əsərlərində, Nizaminin “Xəmsə”sində və lirik əsərlərində gözəlliyi təsdiqə yönələn bu inkarın parlaq nümunələri ilə qarşılaşırıq.

Şair xalqın ehtiyaclarına, qüssəsinə və kədərinə bələd idi, onun dərdinə ürəkdən yanırdı və şairin bir çox misralarını doğuran da məhz bu yanğı idi. Xaqani Azərbaycan tarixinə görkəmli dövlət xadimi kimi də daxil olub.

O, vətənini dərin məhəbbətlə sevən bir şair idi. Daim vətəni tərənnüm edən şeirləri, əsərləri bügünə qədər sevilir və hər bir gələcək nəslə bir nümunədir. Şairin yazdığı “Savalan dağının tərifi” vətənpərvərlik movzusunda yazılan, öz qiymətli fikri - bədii keyfiyyətləri etibarı ilə xüsusi yer tutan əsərində belə deyir:

Şamaxı! Ey mənim sevimli yurdum…

Ümidim, pənahım Təbrizdir, Təbriz…

Bəli, gözəl, səmimi kəlam ilk növbədə Xaqaninin bütün varlığı ilə doğma yurduna bağlılığının, Şamaxıya bəslədiyi sonsuz məhəbbətin yüksək bədii təzahürü kimi qiymətlidir. Fəqət sona doğru əsərdə ikinci bir motiv – Təbriz mövzusu boy göstərir və sənətkar onu son dərəcə təbii bir ahənglə birinci mövzuya peyvənd edir, nəticədə həm Şamaxı, həm də Təbriz daxil olmaqla bütöv, böyük Azərbaycan mövzusuna qovuşur və bundan qeyri-adi hisslər keçirir, qürur duyur.

Allah rəhmət eləsin.

Fazil QARAOĞLU
Professor

Son xəbərlər