24/10/2017 06:12
728 x 90

Azərbaycanın bir bölgə mədəniyyətini başqa bölgədə tanıtmağın unikal üsulu…

Bir rayonun digər rayonda “Mədəniyyət günü”nün keçirilməsi ənənəsi...

img

Səbinə Vahidli: “Bu tədbirin Azərbaycanın mədəniyyət siyasətinin bölgələrdə təbliğinə çox böyük faydası var”
Ənvər Çingizoğlu: “Bu layihəni çox bəyəndim”

 

Azərbaycan bölgələrində mədəniyyətimizin, folklorumuzun, sənətkarlığımızın zəngin, çoxşaxəli inkişaf etdiyi məlumdur. Elə bölgələrimiz var ki, orada mövcud olan örnəklər sırf o bölgə, o rayon üçün xarakterikdir. Bir bölgənin ənənələrinin, folklorunun, dəyərlərinin, yaradıcı insanlarının, mədəni sərvətlərinin başqa bir rayonda tanıdılması olduqca maraqlı və vacib bir işdir.

Artıq bir sıra regional mədəniyyət və turizm idarələri tərəfindən bir rayonun digər rayonda mədəniyyət günlərinin keçirilməsi ilə bağlı layihə icra olunur. 

Bu günlərdə Siyəzəndə “Şabran mədəniyyət günü” keçirilib. Bu rayonlar, demək olar ki, iç-içədir. Amma ola bilsin ki, Şabranda elə spesifik nümunələr var, onlar siyəzənlilər üçün maraqlıdır.

Mətbuatın yazdığına görə, Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin regionda silsilə tədbirləri davam edir. Bu tədbirlərdən biri də, qeyd edilən kimi, Siyəzən Mədəniyyət Mərkəzində “Şabran mədəniyyət günü”nün keçirilməsidir. Bu tədbirdə Şabran rayonunun yerli sənətkarlarının əl işləri, rayonun özünəməxsus mətbəx nümunələri, rayonun tarixini əks etdirən qədim əşyalar və fotostend sərgilənib.

Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağayev bildirib ki, regional idarə tərəfindən regionda təşkil edilən belə tədbirlərin əsas məqsədi dövlətin mədəniyyət siyasətini həyata keçirmək, rayonların qədim adət-ənənələrini yaşatmaq və təbliğ etmək, həmçinin, rayonlarda mədəniyyət sahəsində çalışanların peşəkarlığının daha da artırılmasıdır.

Bu tədbirdə Şabran mədəniyyət və incəsənət ustaları, folklor kollektivləri çıxışlar edib.

Qeyd edək ki, bir müddət əvvəl Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin əhatə etdiyi rayonlarda qarşılıqlı mədəniyyət günlərindən biri də Xaçmazdakı Heydər Əliyev Mərkəzində “Qusar mədəniyyət günü”nün keçirilməsidir.  

Heydər Əliyev Mərkəzində gerçəkləşən “Qusar mədəniyyət günü”ndə qonşu rayonun sənətkarlarının əl işləri, mətbəx nümunələri, rayonun tarixini əks etdirən qədim əşyalar və fotosərgi nümayiş olunub. “Xəzər” kinoteatrında təşkil edilən konsertdə Qusar mədəniyyət və incəsənət ustaları, folklor kollektivləri çıxış ediblər. Qusar şəhərində təşkil olunan “Quba mədəniyyət günü” də bu qəbildən keçirilən tədbirlərdən biridir. Rayon Mədəniyyət Mərkəzində təşkil edilən tədbirdə Quba sənətkarlarının əl işləri, rayonun mətbəx nümunələri, foto və kitablar sərgilənib. Qubalı incəsənət ustalarının, folklor kollektivlərinin çıxışı da maraqla qarşılanıb.

Quba Rayon Mədəniyyət Mərkəzində isə “Xaçmaz mədəniyyət günü” keçirilib. Burada da sərgi nümayiş olunub, konsert proqramı təqdim edilib.

Rayonların qarşılıqlı mədəniyyət günlərinin keçirilməsini yüksək dəyərləndirən ekspertlər bildirir ki, bu, rayonların arasında daha sıx əlaqələrin yaradılmasına dəstəkdir. Onların fikrincə, hər rayon özünəməxsusdur və bu rayonların da hər birinin öz folkloru, öz həyat tərzi var.

Mədəniyyətşünas Səbinə Vahidli bildirdi ki, rayonların qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi müsbət haldır: “Fikir versəniz görərsiniz ki, bu rayonların əksəriyyəti bir-birilə yaxın məsafədə yerləşir. Amma bir-birindən fərqli cəhətləri çoxdur. Bir rayonun folklor örnəklərinə o biri rayonda rast gəlmək mümkün deyil. Özü də bu rayonların hamısında sənətkarlığın müxtəlif növləri inkişaf edir, folklor kollektivləri, xalq teatrları fəaliyyət göstərir. Şabranla Siyəzən çox yaxın rayonlardır. Amma onların fərqli cəhətləri var. Şabran xalçaçılarının yaratdığı qeyri-adi xalılar harada sərgilənsə, insanlar ona heyrətlə baxar. Yaxud Şabran sənətkarlarının əl işləri necə maraqla qarşılanır. Deyim ki, Siyəzəndə də, Şabranda da etnik qrupların nümayəndələri yaşayır. Onların da yaradıcılıq örnəkləri təqdim edilir. Bu tədbirin, ümumiyyətlə, Azərbaycanın mədəniyyət siyasətinin bölgələrdə təbliğinə çox böyük faydası var. Azərbaycan mədəniyyətinin ilkinliyi, özəyi formaca və məzmunca dəyişmədən bölgələrimizdə yaşayır. Özü də daha təbii şəkildə yaşadılır. Bölgə mədəniyyətlərinin qarşılıqlı inteqrasiyası vacibdir”.

Etnoqraf-jurnalist Ənvər Çingizoğlunun fikrincə isə, rayonların bir-birinə tanıdılması layihəsinin həyata keçirilməsi gözəl bir ənənənin əsasının qoyulmasına xidmət edir: “Bu layihəni çox bəyəndim. Regional mədəniyyət və turizm idarələrinin bu layihəsi rayonları bir-birinə daha da yaxınlaşdırır. Hər rayonun özünəməxsus mədəniyyəti, etnoqrafiyası, folkloru, sənətkarlığı, digər ənənələri var. Fikir versəniz görərsiniz ki, Azərbaycanın bölgələri, rayonları, kəndləri necə maraqlıdır. Mədəniyyət günlərində rayonlara xas elementlər təqdim edilir. Quba, Qusar, Xaçmaz qonşu rayonlardır, eyni bölgəyə aiddirlər. Amma burada hər rayonun, hər kəndin özünəməxsus adətləri var. Bu tədbirlər rayonlarda yaşayan sənətkarları da bir-birinə yaxınlaşdırır, yaradıcı insanları görüşdürür. Əlbəttə, Azərbaycan Respublikası digər xalqların da yaşadığı, mədəniyyətlərini, adət-ənənələrini inkişaf etdirdiyi bir dövlətdir. Azsaylı xalqların da elə mədəniyyət örnəkləri var ki, bizim onunla tanışlığımız vacibdir. Hesab edirəm ki, bu tədbirlərin siyahısı, miqyası genişləndirilməlidir. Hər rayonun öz özəllikləri var. Mətbəxlər, folklor, etnoqrafiya və s. hamısı o rayonun özünə xasdır”.

İradə SARIYEVA

Son xəbərlər