24/10/2017 06:05
728 x 90

Son illər aşkarlanan arxeoloji abidələr Azərbaycan tarixinin gizlinlərini üzə çıxarır…

Bu günlərdə Balakən rayonunun Tülü kəndi ərazisində aşkar edilən V-IX əsrlərə aid abidə...

img

Həyat Məhərrəmova: “Son illər aşkarlanan abidələrin bir qismi Qafqaz Albaniyası dövrünə aiddir”
“Hər bir qədim abidənin mövcudluğu onu göstərir ki, burada həyat olub, mədəniyyət formalaşıb, din təmərküzləşib”

 

Son illər Azərbaycan arxeoloqlarının apardığı genişmiqyaslı işlər nəticəsində tarixi qədim olan bir sıra arxeoloji abidə üzə çıxarılıb. Qeyd edək ki, 10-15 il bundan əvvəl bu sahədə, bir növ, süstlük var idi. Demək olar ki, arxeoloqlar ekspedisiyalara getmirdi, gedirdilərsə, bu çox az hallarda baş verirdi. Məlum olduğu kimi, hansısa bir tədqiqatçı qrupunun ekspedisiyaya getməsi üçün külli miqdarda vəsait tələb olunur.

Əvvəllər arxeoloq alimlərdən soruşanda ki, niyə ekspedisiyaya getmirsiniz? Onlar bunun maliyyə çətinliyi ilə bağlı olduğunu deyirdi. Böyük dövlətçilik ənənəsinə malik olan Azərbaycan qədim insan yaşayış məkanlarından biri kimi olduqca zəngin arxeoloji sərvətə malikdir.

Dövlətin elm sahəsinə göstərdiyi dəstək nəticəsində arxeoloqların aktivliyi diqqəti çəkir. Belə ki, arxeoloqlarımız davamlı olaraq Azərbaycanın bölgələrində ekspedisiyada olur. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun alimlərinin son illər üzə çıxardığı qiymətli arxeoloji abidələr həm bir tarix nümunəsi, həm də bir arxeoloji abidə kimi böyük əhəmiyyət daşıyır. Son bir ildə arxeoloqlarımız müxtəlif bölgələrdən bir neçə qədim arxeoloji abidə aşkarlayıb və onlar tariximizin ən qiymətli inciləri kimi çox dəyərlidir.

Bu günlərdə Balakən rayonunun Tülü kəndi ərazisində V-IX əsrlərə aid abidə aşkar edilib. Qeyd edilənə görə, Arxeologiya və Etnoqrafiya İnstitutunun Qafqaz Albaniyasının xristian abidələrinin arxeoloji tədqiqi ekspedisiyası tərəfindən Balakən rayonunun Tülü kəndi ərazisində aşkar edilən V-IX əsrlərə aid abidə öz göstəricilərinə görə maraq doğurur.

Mətbuatın yazdığına görə, Tülü türbəsinin şərq divarlarında aparılmış arxeoloji kəşfiyyat işləri nəticəsində onun Qafqaz Albaniyasının xristian abidəsinin zəng qülləsi və ya nar tekseri olduğu müəyyən edilib. Ümumi uzunluğu 12 metr 70 santimetr olan Qafqaz Albaniyasına məxsus alban xristian abidəsi tədqiqata cəlb edilib.

Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Natiq Alışov bildirib ki, tədqiqatlar ilk öncə abidənin kənar divarlarında aparılıb. Onun xarici memarlıq xüsusiyyətləri müəyyən edildikdən sonra isə daxili tədqiqatlara başlanacaq. Bu maddi mədəniyyət nümunəsinin döşəmə hissəsi kvadrat formalı, ölçüləri 20x20 metr olan və 4-5 sm məsafə arasında dəyişən kərpiclərdən ibarətdir. Abidə müqəddəs yer sayıldığı üçün, burada keramika məmulatlarına az rast gəlinir.

N.Alışovun sözlərinə görə, hiss olunur ki, abidədə ilk əvvəl yanğın baş verib, sonradan onun daxilində çökmə prosesini əks etdirən 15-ə yaxın mədəni təbəqə yaranıb: “Bu mədəni təbəqə üst təbəqədə əsasən çökmə-dağılma prosesini əks etdirir. Üst təbəqənin 50 sm-ə yaxın ölçüdə dağıldığı müşahidə edilir. Digər təbəqələrin isə tədricən dağıldığı görünür. Burada yanğın izləri və kül qatları aşkar olunub”.

Onu da vurğulayaq ki, arxeoloqların fikrincə, abidədə aparılan arxeoloji tədqiqatlar Azərbaycanda arxeoturizmin inkişafı, regionda dini rəngarəngliyin mövcud olması, abidənin qorunaraq gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətlidir. Bu isə onu göstərir ki, Qafqaz Albaniyasındakı müstəqil Alban Katalikosluğu dövrünə aid, xristian dinini özündə əks etdirən yüzlərlə yerüstü və yeraltı abidə öz tədqiqini gözləyir. Söz yox ki, arxeoloqların aşkarladığı bu abidə üzərində genişmiqyaslı tədqiqat işləri aparılacaq və tariximizin alt qatları barədə daha geniş məlumatlar üzə çıxacaq.

Tarixçi Həyat Məhərrəmova bizimlə söhbətində qeyd etdi ki, son illər aşkarlanan hər bir arxeoloji abidə Azərbaycan tarixinin hələ öyrənilməmiş qatlarına açar salmağa kömək edir. Tarixçinin sözlərinə görə, Azərbaycanda elə ərazilər var ki, hələ ora arxeoloqların ayağı dəyməyib. Sovet dövründə bir sıra arxeoloji abidələrin tədqiqatdan kənar qaldığını deyən tarixçinin bildirdiyinə görə, o vaxt bu abidələrin çoxunun üzə çıxarılması o dövrki siyasi quruluşa sərf etmirdi. Onun fikrincə, bu abidələr ona görə üzə çıxarılmırdı ki, xalqımız öz tarixi ilə daha çox maraqlana bilərdi. Tarixçi onu da vurğuladı ki, ermənilər Qafqaza köçürüldükdən və Azərbaycan ərazilərində məskunlaşdıqdan sonra bu abidələrə də iddialı idilər, onlar bu abidələrin axtarılıb üzə çıxarılmasına mane olurdu: “Azərbaycanda arxeologiya elmi Sovet dövründə də inkişaf etmişdi. Sadəcə, həmin dövrdə bu sahədə alimlərə məhdudiyyətlər qoyulurdu. Son illər aşkarlanan abidələrin bir qismi Qafqaz Albaniyası dövrünə aiddir. Onlar arasında inanc yerləri, məbəd, kilsə tipli abidələr də var. Sovet illərində onlar dini abidələr kimi qələmə verilir və aşkarlanmasına imkan verilmirdi. Ancaq bu gün Azərbaycan müstəqildir və burada mövcud olan hər bir abidəyə dövlət qayğısı var. Aşkarlanan abidələrin hər biri yerli camaata məlum olub, sadəcə, arxeoloqlar ora gedib çıxmadıqları üçün onlardan xəbərsiz olmuşuq. Azərbaycan ərazisi qədim insan məskənidir, eyni zamanda da burada qədim məbədlər, tikililər, yaşayış məkanları var. Hər bir qədim abidənin mövcudluğu onu göstərir ki, burada həyat olub, mədəniyyət formalaşıb, din təmərküzləşib. Azərbaycan xalqı indi öz tarixinə sahib çıxır. Çünki dövlətimiz müstəqildir. Sovet dövründə isə bu elə də mümkün deyildi. Balakən rayonunun Tülü kəndi ərazisində V-IX əsrlərə aid abidənin aşkar edilməsi həqiqətən də təqdirəlayiqdir. Yerli camaat bu abidəni qoruyub, qorumasaydılar, o abidə bu günə gəlib çatmazdı”.   

Tarixçi qeyd etdi ki, indiyə qədər aşkar olunan arxeoloji abidələrin hər birinin böyük tarixi əhəmiyyəti var. İki il əvvəl Gəncədə aşkarlanan arxeoloji abidələrdən də danışan müsahibimiz bildirdi ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiya qrupunun Gəncə şəhəri və ətraf ərazilərdə arxeoloji kəşfiyyat xarakterli tədqiqatlarının verdiyi nəticə təqdirəlayiqdir. O bildirdi ki, institutun şöbə müdiri Fərhad Quliyevin rəhbərlik etdiyi ekspedisiyanın məqsədi qısa müddət ərzində Gəncə şəhəri ərazisində mövcud arxeoloji abidələrin elektron qeydiyyata alınması və xəritələşməsi işindən ibarət olub. Onun sözlərinə görə, Gəncə şəhəri ərazisində aparılmış arxeoloji kəşfiyyat tədqiqatları ümumi sahəsi 300 kv. km-dək olan ərazini əhatə edib. Şəhər ərazisində yeni aşkar edilmiş arxeoloji abidələrin əsasən kurqan tipli qəbir abidələrindən ibarət olduğunu xatırladan ekspert bildirdi ki, Gəncə aeroportu yolundan başlayaraq “Yeni Səbzikar” adlanan qəbiristanlığa qədər və şəhər girişindən Göygöl rayonunun inzibati sərhədlərinə qədər olan ərazilərdə aşkar edilmiş 62 (altmış iki) kurqan tipli qəbir abidələri qeydiyyata alınıb və xəritəyə salınıb: “Tədqiqatçılar kurqan tipli qəbir abidələrinin Tunc dövrünə aid olduğunu ehtimal edirlər. Ekspedisiya tərəfindən aşkarlanmış və elmi dövriyyəyə “Gəncə kurqanları” kimi daxil edilən abidələr əsasən daş örtüklü olub, müxtəlif ölçülərə malikdirlər. Hər bir kurqanın ölçüləri, cari vəziyyəti və lokallaşma ərazisi haqqında qeydlər aparılıb. Ekspedisiya üzvlərinin yekdil rəyinə görə, bu abidələrin əsaslı öyrənilməsi məqsədilə gələcəkdə genişmiqyaslı arxeoloji qazıntıların aparılması zəruridir. Onu da vurğulayaq ki, ekspedisiya üzvləri Samux rayonu ərazisində yerləşən və Cənubi Qafqazda ərazisinə görə ən böyük şəhər yerlərindən biri olması ehtimal edilən Şəhərburnu abidəsinə də baxış keçirmişlər. Hər bir abidənin aşkara çıxarılması böyük tapıntıdır. Gəncəətrafı qədim arxeolji abidələrlə zəngindir”.

Azərbaycanın cənub bölgəsində, daha dəqiq desək, Yardımlı rayonu ərazisində Tunc-ilk dəmir dövrünə aid yeni abidələrin aşkar edilməsindən də danışan tarixçinin sözlərinə görə, rayonun Alar kəndi ərazisində eramızdan əvvəl II-I minilliyə aid, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən 30-dan artıq kurqan və çoxlu sayda daş qutu tipli qəbir abidələrinin aşkarlanması olduqca müsbət hadisədir. Bu abidələr Talış dağlarının Peştəsər silsiləsində, Sarıbulaq yaylaqları ərazisində geniş bir sahəni əhatə edir.

Son illər Naxçıvan ərasizində də arxeoloji qazıntıların geniş miqyas aldığını deyən tarixçi bildirdi ki, AMEA-nın müxbir üzvü, Naxçıvan şəhər arxeoloji ekspedisiyasının rəisi Vəli Baxşəliyevin rəhbərliyi ilə keçən illərdə burada xeyli abidə aşkarlanıb. Tarixçinin məlumatına görə, bu abidələrin bir qismi Eneolit (mis-daş dövrü, e.ə. VI-IV minilliklər) dövrünə aiddir. Qeyd edək ki, AMEA-nın müxbir üzvü, Naxçıvan şəhər arxeoloji ekspedisiyasının rəisi Vəli Baxşəliyev mətbuata bildirmişdi ki, bu abidələr Azərbaycanın qədim mədəniyyətini əks etdirir: “Azərbaycanda Şomutəpə və Kültəpə tipli abidələrin Neolit (yeni daş dövrü, e.ə. VIII-VI minilliklər) dövrünə aid edilməsi nəticəsində Son Neolit və Son Eneolit mədəniyyətləri arasında bir boşluq yaranmışdı. Naxçıvanda aşkar olunan abidələr bu boşluğu doldurmağa imkan verir. Naxçıvan şəhəri yaxınlığındakı Uçan Ağıl və Uzunoba abidələrinin tədqiqi zamanı götürülən radiokarbon analizlər onların e.ə. V minilliyin birinci yarısına aid olduğunu göstərib. Bu baxımdan Naxçıvan şəhəri ərazisində, Naxçıvançayın sağ sahilində aşkar olunan yeni yaşayış yeri xüsusilə əhəmiyyətlidir. Hazırda tədqiqatlar davam edir. Yaşayış yerinin tədqiqi zamanı e.ə. V minilliyin birinci yarısına aid maddi mədəniyyət nümunələri aşkar edilib. Yaşayış yerindən aşkar olunan Dalma Təpə tipli boyalı, dırnaq, barmaq və barmaq basqısı ilə naxışlanmış keramika diqqəti cəlb edir. Urmiya hövzəsində, Dalma Təpə yaşayış yerindən aşkar olunan Eneolit mədəniyyəti indiyədək izolyasiya olunmuş mədəniyyət sayılırdı və Cənubi Qafqazda aşkar olunmamışdı. Yeni tapıntılar bu mədəniyyətin Azərbaycanda mövcud olduğunu, Urmiya hövzəsi və Naxçıvanın qədim mədəniyyətlərinin ortaq özəlliklərə malik olduğunu deməyə imkan verir”

H.Məhərrəmova Kəngərli rayonunda yerləşən 8 min il yaşı olan Şahtaxtı arxeoloji abidələr kompleksində arxeoloji tədqiqatlar zamanı labirint tipli unikal abidə tapdığını da qeyd etdi. O dedi ki, abidənin içərisindən boyalı qab tapılıb. Qəbir abidə e.ə. III minilliyə, Tunc dövrünə aiddir.

Azərbaycan arxeoloqlarının son aylar Xınalıqda və digər yerlərdə apardığı arxeoloji qazıntılar zamanı aşkarlanan hər bir abidə də xalqımızın tarixinin bir parçasıdır.

İradə SARIYEVA

Son xəbərlər