24/10/2017 06:13
728 x 90

Azərbaycan kulinariyası dünyada necə təbliğ edilir?

Erməni oğurluğuna qarşı mübarizədə kulinarlar nə iş görməlidir?

img

Gülşən Hacıxəlilova: “Kulinarlarımızın iştirak etdiyi beynəlxalq kulinariya festivallarında dəfələrlə ermənilər ifşa edilib”
Cəfər Abışov: “Düşünürəm ki, Azərbaycanın çox güclü kulinarları xarici ölkə televiziyalarına çıxarılmalıdır”

 

Zəngin Azərbaycan mətbəxi əsrlərdir öz unikallığı ilə diqqəti cəlb edir. Tarixdən məlumdur ki, milli mətbəximizin çeşidli yeməklərini, şirniyyatlarını dadan səyyahlar, tacirlər sonradan bu barədə yazıblar.

Qeyd edək ki Azərbaycan mətbəxi dünyanın qədim, zəngin və dadlı mətbəxlərindən biridir və milli mətbəximiz təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də maddi mədəniyyətin əsas hissələrindən biridir. Kulinariya tarixini araşdıranlar qeyd edir ki, Azərbaycan milli mətbəxi mətbəx mədəniyyətini, onun tarixini, fəlsəfəsini, süfrə psixologiyasını, adətləri, fiziologiyanı, gigiyenanı, kimyanı, avadanlığı, etikanı, estetikanı, poeziyanı və mətbəxin sair aspektlərini, eləcə də Azərbaycan xalqının tarixən ətraf mühitlə tam harmoniyada yaşadığı ərazilərdə yaratdığı praktik vərdişləri özündə ahəngdar şəkildə birləşdirir. Tədqiqatçılar onu da vurğulayır ki, Azərbaycan milli mətbəxi Azərbaycan xalqının bacarığı ilə onun tarixən yaşadığı indiki Azərbaycan Respublikası, Güney (İran) Azərbaycanı, indiki Ermənistanın azərbaycanlılardan zorakılıqla təmizlənmiş qədim İrəvan xanlığı, Zəngəzur və Göyçə mahallarının torpaqlarında, Gürcüstanda azərbaycanlıların tarixən yaşadıqları bölgələrdə (Borçalı), Dağıstan ərazisində, o cümlədən keçmiş Azərbaycan xanlıqlarından birinin mərkəzi olmuş Dərbənd və ətrafında yaradılıb.

Spesifik mətbəx mədəniyyəti ilə seçilən Azərbaycan xalqı elə xörək növləri, şirniyyat çeşidləri yaradıb ki, dünyada onların oxşarı yoxdur. Azərbaycan mətbəxinin ənənəvi yeməkləri, şirniyyatları bu gün ölkəmizə gələn turistlərin, iş adamlarının, diplomatların hədsiz dərəcədə xoşuna gəlir. Bu gün müxtəlif tədbirlər çərçivəsində ölkəmizdə və ölkəmizdən kənarda milli mətbəximizin tanıtımı, təbliği həyata keçirilməkdədir. Bu fakt olsa da, bədnam qonşularımız olan ermənilər uzun illərdir  mili mətbəximizin bir sıra xörək və şirniyyat növlərini öz adlarına çıxmaqda davam edirlər. Onlar nəinki tədbirlər çərçivəsində, hətta dünyanın müxtəlif ölkələrinin televiziyalarında gedən kulinariya proqramlarında Azərbaycan mətbəxinə xas xörək və şirniyyatları öz adları ilə təqdim etməkdən çəkinmirlər. Hətta beynəlxalq kulinariya festivallarına da ermənilər bizim xörəklərimizlə çıxırlar. Bu, acı təəssüf doğurur və Azərbaycan kulinarları bununla mübarizə aparırlar. Ancaq mübarizə hələ də lazımi nəticəni vermir. Çünki ermənilər bizdən qabağa düşərək bu xörəklərin çoxunu öz adlarına təqdim etməyi bacarıblar.

Azərbaycan milli kulinariyasının dünyada təbliğinin daha geniş səviyyədə həyata keçirilməsinə ehtiyac var. Kulinarlar bildirir ki, mümkün qədər Azərbaycan kulinarlarının dünyaya çıxışı baş verməlidir. Onlar hesab edir ki, ermənilərin iştirak etdiyi kulinariya verilişlərinə də qatılmaq və bizim mətbəxə aid olan yeməkləri təqdim etmək lazımdır.

Kulinar Gülşən Hacıxəlilovanın sözlərinə görə, Azərbaycan mətbəxi indiyə qədər təbliğ edilib, amma lazımi səviyyədə təqdim edilmədiyi üçün, ermənilər bizdən daha aktiv görsənir: “Azərbaycan mətbəxi zəngin və unikaldır. Ermənilər Azərbaycan ərazisinə köçürüldükdən sonra öz mətbəxlərini formalaşdırmağa başladılar. Bunu nəyin hesabına etdilər? Bizim mətbəxin. Onlar azərbaycanlılarla qonşu yaşadıqları üçün, bizim mətbəxdən bəhrələndilər. Özlərinin heç nəyi olmadığı üçün, həm Azərbaycan, həm gürcü, həm yunan, həm də digər xalqların mətbəxinə yiyə durmağa cəhd etməyə başladılar. Uzun illər o dövlətin, bu dövlətin köləsi, əlaltısı olan erməni özünün mətbəxini necə yarada bilərdi ki? Hərədən bir xörək oğurlamaqla guya öz mətbəxlərini yaradıblar. Təəssüflə qeyd edim ki, bu gün ermənilər bizim mətbəximizin ləziz yeməklərini, çörək növlərini öz adlarına çıxmaqda davam edirlər. Götürək lavaşı. Lavaş bizim qədim çörək növümüzdür. Bilirsiniz ki, biz elat olmuşuq, köçəri həyat keçirmişik, dağdan arana gedib-gəlmişik. Odur ki, lavaş asan başa gəldiyindən, köç dayananda elat arvadları, bizim ulu nənələrimiz sac asıb lavaş bişiriblər. Həm də lavaş gec xarab olur, bəzən bir neçə həftə qalır. Belə bir çörək növünü erməni necə bişirə bilərdi ki, ömrü boyu elat həyatının nə olduğunu bilməyib. Ermənilər bizim mətbəxə nə qədər iddialı olsalar da, bu nəticə verməyəcək. Çünki artıq son illər Azərbaycan kulinariyası dünyaya çıxır. Müxtəlif beynəlxalq tədbirlər çərçivəsində təqdim edilir, kulinarlarımız festivallara qatılır. Bizim kulinarlar festivallara gedəndə orada Azərbaycan mətbəxinin ən dadlı xörəklərini, şirniyyatlarını bişirib təqdim edirlər. Ermənilər də həmin tədbirlərdə olur və mütləq dolma bişirirlər. Azərbaycan kulinarlarının bişirdiyi dolma ilə müqayisə etdikdə ekspertlər, festival iştirakçıları ən böyük qiyməti bizim kulinarlara verir. Çünki bizim milli xörəyimiz olduğu üçün, onu daha gözəl bişiririk. Kulinarlarımızın iştirak etdiyi beynəlxalq kulinariya festivallarında dəfələrlə ermənilər ifşa edilib. Amma zərərli vərdişlərə aludə olduqlarından, öz təbliğatlarını davam etdirməyə cəhd edirlər”.

Kulinar Cəfər Abışovun sözlərinə görə isə, erməni təbliğatının qarşısı hər zaman alınır: “Düşünürəm ki, Azərbaycanın çox güclü kulinarları xarici ölkə televiziyalarına çıxarılmalıdır. Eləcə də xarici dillərdə Azərbaycan kulinariyası ilə bağlı kitab hazırlanmalı, çap variantı müxtəlif ölkə səfirliklərinə təqdim edilməlidir. Kitabın elektron variantı internetdə yerləşdirilməli və hər kəsə açıq olmalıdır. Biz erməniləri ifşa etməkdə davam etməliyik. Bir məqamı da deyim ki, ermənilər yüz də “dolma, plov, piti bizim yeməkdir, lavaşı biz icad etmişik”- deyə iddia etsinlər. Bunun əsası yoxdur. Gün gələcək, onlardan soruşacaqlar ki, siz Azərbaycan ərazilərinə dünən köçürülmüsünüz, belə zəngin mətbəxiniz necə ola bilər ki? Sən erməni köklü bir xalqın qoltuğuna sığınmısan, sonra da deyirsən onun mədəniyyəti də, mətbəxi də, torpaqları da mənimdir. Erməninin özünün mətbəxi olmayıb. Ümumiyyətlə, mətbəxin yaradılmasına və inkişafına təsir göstərən ən mühüm amil iqlimdir”.

O vurğuladı ki, Azərbaycan Respublikasının ərazisindən doqquz iqlim zonası keçir ki, bu da, öz növbəsində, bu regionun flora və faunasının növ müxtəlifliyini və zənginliyini şərtləndirir. Bütün heyvanların və bitkilərin yaşayışı və inkişafı üçün əlverişli şərait yaradır. Bunlar isə zəngin mətbəx yaradılması üçün əsas baza sayılır: “Zəngin mətbəx yaradılması üçün vəhşi heyvanlardan, quşlardan, balıqlardan və bitkilərdən istifadə ilə yanaşı, cəmiyyətin sonrakı inkişaf dövrlərində kənd təsərrüfatı məhsullarının istehsalı da tələb olunur. Bunun üçün əhali yüksək əkinçilik və heyvandarlıq mədəniyyətinə malik olmalıdır.

Azərbaycan milli mətbəxinin tarixi də elə xalqın tarixi qədər qədimdir. Azərbaycan kulinariyası öz tarixi kökləri və özünəməxsusluğu ilə o birilərindən xeyli fərqlənir. Azərbaycan xörəkləri yüksək dad-tam keyfiyyətləri ilə dünyada məşhurdur. Onları başqaları ilə qarışıq salmaq olmaz. Azərbaycan xörəkləri dadı və hazırlanması, həmçinin, tünd ədviyyə və tamlı əlavələr qatılmasına görə daha çox Şərq mətbəxinə yaxındır”.

O vurğuladı ki, ərazilərimizə köçürülüb gətirilən ermənilər bura gələnə qədər bu zəngin təbiətdən, gözəlliklərdən məhrum olub. Kulinar dedi ki, Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Heydər Əliyev Fondu, Azərbaycanın xaricdəki səfirlikləri, diaspor qurumları müxtəlif tədbirlər, bayramlar çərçivəsində milli mətbəximizi dünya xalqlarına təqdim etməklə, erməni yalanını ifşa edir.

Hələ bu sahədə uzun mübarizə yolu keçməli olduğumuzu deyən kulinar hesab edir ki, təbliğatımız nəticəsində milli mətbəximizin oğurlanan nümunələrini öz adımıza bərpa etdirəcəyik: “Ermənilərin oğurladıqları xörək növləri, gec-tez, Azərbaycan milli xörəkləri kimi birmənalı qəbul ediləcək. Kulinarlarımızın davamlı mübarizəsi sayəsində tərəddüdlərə son qoyulacaq”.

İradə SARIYEVA

Son xəbərlər