20/09/2017 18:53
728 x 90

Milli təsviri incəsənətimizdə yeni janr - neft rəssamlığı…

Sabir Çopuroğlu neftlə maraqlı əsərlər yaradır

img

Səkinə Baharlı: ”Neftlə əsər yaratmaq yeni dəst-xətt, yeni janrdır”

Neft mövzusunda işləyən ilk rəssamımız isə Maral Rəhmanzadə olub

 

Neft Azərbaycan xalqını, ana torpağımızı dünyada tanıdan amillərdən biridir. Neftin mədəniyyətimizdə, ədəbiyyatımızda, təsviri incəsənətimizdə təsvirinə olduqca geniş yer ayrılıb. Təsviri incəsənət sahəsində çox az rəssam tapmaq olar ki, onun neftlə, neftçilərlə bağlı fırça nümunəsi olmasın. Gizlin deyil ki, neftin tərənnümü sovet illərində rəssamların başlıca mövzularından biri kimi xatırlanır.

Bu da neft rəssamlığı deyilən bir anlayışın meydana çıxmasına səbəb olub. Sovet dövrü Azərbaycan rəssamlarının yaradıcılıq həyatında neftin, “Neft Daşları”nın yeri ayrıca götürülüb sənətşünaslar tərəfindən təhlil edilməlidir. Fikrimizcə, bu elə bir sahədir ki, ona spesifik yanaşılmalıdır.

Azərbaycan təsviri incəsənətində neft rəssamlığının hazırda geniş yayılmadığı, barmaqla sayılacaq qədər nümayəndələrinin olduğu məlumdur. Bu əsərlər, əslində, tarix üçün çəkilməlidir. Gündəm belədir ki, əsər aktuallığına görə  bir gün, bir ay gündəmdə ola bilər, amma təbliği xarakter daşıdığı üçün tarixə hesablana bilməz. İstəsək də bu mümkün deyil.

Azərbaycanda neft rəssamlığının tarixi müstəqillik illərindən bir neçə on il əvvələ təsadüf edir. Araşdırmamız zamanı məlum oldu ki, Azərbaycanda nefti ilk tərənnüm edən rəssam qadındır. Dünya şöhrətli fırça ustamız, xalq rəssamı Maral Rəhmanzadənin taleyinə peşəkar rəssam kimi nefti kətana köçürmək düşüb. Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimovun bildirdiyinə görə, M.Rəhmanzadə peşəkar rəssamlıq təhsili aldıqdan sonra “Neft Daşları”na işləməyə yollanan və burada əsərlər çəkən ilk rəssam olub.

Sənətşünaslar bildirir ki, M.Rəhmanzadə “Neft Daşları”na səyahət edərək bu cəsarətli insanların hansı ekstremal və mürəkkəb mühitdə çalışdıqlarını, həyat şəraitini öz gözlərilə görmək istəyib.  Neftçilər arasında olarkən onları müşahidə edib, estakadaları, neft çənlərini, mədənləri, neftin çıxarılmasını rəsm əsərlərində əks etdirib. Rəssam bununla yanaşı, neftçilərin əmək həyatının çətinliklərini də əks etdirən peyzajlar yaradıb. Bu işlərində Bakı sakinlərilə yanaşı, "Neft Daşları”nın işciləri də göstərilib. Buna görə də M.Rəhmanzadə "Bizim Xəzərdə" seriyasını yaradıb. 15 rəsm əsərindən ibarət bu seriya Moskvada nəşr olunub. Rəssam "Növbətçi kater", "Ərzaq gətirdilər", "Fırtınada" əsərlərində neftçilərin ağır əmək həyatını özünəməxsus şəkildə təsvir edib. Bu seriya rəssama geniş şöhrət qazandırıb. Rəhmanzadənin sərgiləri ümumittifaq və beynəlxalq sərgilərdə nümayiş olunub. O, bundan başqa, bu mövzuda "Bu yeni qazma", "Beşik", "Fəvvarə”, "Qandallanmış borular", "Neft mədənində" kimi möhtəşəm əsərlər çəkib. Bu litoqrafiya seriyaları Maral xanıma geniş şöhrət gətirib və o dəfələrlə ümumrespublika və xarici sərgilərdə nümayiş olunub.

Dahi fırça ustadı Səttar Bəhlulzadənin də yaradıcılığında neft mövzusu xüsusilə diqqəti çəkir. Onun 1946-1947-ci illərdə respublika bədii sərgilərində təqdim edilən “Abşeron etüdləri” ("Buzovna neft mədənləri", "Əmircan" və s.) əsərləri bu mövzudadır.

Xalq rəssamı Cəmil Müfidzadə yaradıcılığında neft ayrıca yer tutur. Onun sənaye mövzusunda işlədiyi "Abşeronun tacı", "Bakı neft paytaxtıdır", "Polad meşə", "Neftayırma zavodu", "Bakı krujevası", "Neft məbədi" və s. lövhələr bu qəbildəndir. Həmin əsərlərdə neft mövzusu özünün obrazlı bədii həllini tapıb. Sənətşünaslar vurğulayır ki, mürəkkəb kompozisiyalı "Abşeron nefti" lövhəsində bu qədim torpağın sərvətindən söz açılır. Rəssam buradakı lirik ovqatı və milli koloriti memarlıq elementləri ilə mavi ənginliklərə söykənən neftayırma qurğusunun, buruqların və çənlərin xüsusi görkəmdə təqdim olunan vəhdətindən yaradıb. Sənətşünaslar bildirir ki, mərkəzdə iki tağın arasında neftayırma qurğusu, kənarlarında isə kiçik tağların əhatəsində səf-səf düzülmüş neft buruqları təsvir olunub. Məkanın və qurğuların nəzərəçarpacaq romantika ilə aşılanmasından lövhə, sözün əsl mənasında, "qaynar ocağa" dönüb. Bu təəssüratı ilk növbədə maraq doğuran mürəkkəb işıq-kölgə həlli və kompozisiyanın sıralanmayan detalları yaradır. Nəticədə hər gün gördüyümüz sənaye mənzərəsi yaddaqalan bir görkəm alıb. Bu da rəssamın özünəməxsus dünyaduyumundan yaranıb. Etiraf edək ki, Azərbaycan təsviri sənətində neft mövzusuna aid yüzlərlə əsər çəkilsə də, Cəmil Müfidzadənin çoxsaylı lövhələrl onların arasında bədii şərhinə görə duyulası dərəcədə fərqli və yaddaqalandır.

Kətan üzərində qeyri-adi istedadla əsərlər çəkən rəssam Sabir Çopuroğlunun yaratdığı neft əsərləri həqiqətən də maraq doğurur. Azərbaycanda neft rəssamlığının inkişafına ciddi təkan verən S.Çopuroğlu neftlə çəkilən əsərlərin müəllifidir. O, mətbuata verdiyi bilgiyə görə, neftlə çəkilən rəsm 2-3 günə quruyur və çox keyfiyyətli olur.

O özündən əvvəlki rəssamlardan fərqli olaraq, əsərləri boya ilə deyil, neftlə yaradır: ”Həmişə nəsə qeyri-adi bir şey yaratmağı fikirləşirdim. İstəyirdim ki, bu elə bir şey olsun ki, ümumiyyətlə rəssamlıqda yeni olsun. Necə oldusa, uşaqlıq dövrüm yadıma düşdü və neftlə şəkil çəkməyi düşündüm. Belə bir şey hətta yuxuma da girdi - gördüm ki, neftlə rəsm çəkirəm. Beləcə, Azərbaycanın da neft ölkəsi olduğunu düşünərək Bayıl tərəfə getdim. Bilirdim ki, orada keçmiş neft buruqları və gölməçələri var. Oradakı neft qalıqlarından 2-3 litr gətirdim emalatxanaya. Daha sonra bunu qurutmaq lazım gəldi, öz təcrübəmdən istifadə edərək, bu neftə müəyyən qatqılar, yağlı boyalar qatdım. Neftin tərkibində çox maddələr var və çox gözəl rənglərə çalır. Neftlə olan işlərimi dörd-beş il heç kimə göstərmədim. Sonra eksperiment apardım, bütün detalları yoxladım. Müəyyən boyalar qatandan sonra gördüm ki, həqiqətən alınır. Əmin oldum ki, neftlə çəkdiyim rəsm 2-3 günə quruyur və çox keyfiyyətli çıxır, xarab olmur. Bundan sonra işlərimi neftin üzərində qurmağa başladım".

S.Çopuroğlu mətbuata onu da deyib ki, 25 ildir neftlə işləyir. Rəssamın Qarabağ, Abşeron, qədim Bakı, qədim Borçalı və qədim Naxçıvan mövzularında əvəzsiz əsərləri var. Sonuncu dəfə Qazaxıstanın Aktau şəhərində Xəzər neft-qaz  sərgisində iştirak edib. O, neftlə işlədiyi əl işlərini ilk dəfə 2003-cü ildə Bakının Nizami küçəsində satışa çıxarıb. Hazırda isə əsərləri dünyanın bir neçə muzeyində sərgilənir: "Baxanlar çox maraqlanırdı. Mənim ilk işimi bir alman aldı. O burada neft şirkətində işləyirdi. Onun əli çox yüngül oldu. Daha sonra həmin alman kömək məqsədilə məni Almaniyada sərgidə iştirak etməyə dəvət etdi. 2006-cı ildə Almaniyaya getdim, orada keçirilən 2-ci Beynəlxalq simpoziumda konkurs sərgilər keçirilirdi. Bu sərgidə həqiqətən mənim işimə maraq çox idi. Bir çox ölkənin qatıldığı bu beynəlxalq simpoziumda birinci dərəcəli diplomu və birinci yeri mən götürdüm.  Sonra auksion-sərgidə işlərim çox yaxşı satıldı. Amerikanın, Fransanın və digər ölkələrin kolleksiyaçıları əsərlərimi aldılar. Bir neçə xarici media barəmdə məqalələr dərc etdi. 2008-ci ildə keçirilən növbəti simpoziumda da fərqlənmə diplomu aldım". Qeyd edək ki, Azərbaycanın Naftalan şəhərində "Çinar" Sağlamlıq Mərkəzində də sənətkarın Naftalan nefti ilə çəkilmiş 200-dən artıq əsəri yer alıb.

O, həmçinin, vurğulayıb ki, neftlə işləyəndən sonra alıcıları çoxalıb. Onun sözlərinə görə, Dövlət Neft Şirkətindən sifarişlər olub və başqa-başqa şəxslərin də bu rəsmlərə marağı oyanıb. Rəssam deyir ki, bu texnologiyanı rəssamlıqda ilk dəfə o tətbiq edib. Bu barədə artıq patent də alıb: ”İndiyə kimi mindən çox əl işim olub ki, onların da təxminən 500-ü ən yaxşılarındandır. Bu yeniliyin təbliğatı çox önəmlidir. Rəssamlıq odur ki, gərək öz dəst-xəttin ola. Görürsünüz, dünyada neftin üzərində qırğınlar gedir. Amma mən çalışmışam ki, bunu bir sənət əsərində tətbiq edək, sülh yaradaq. Bu da Azərbaycan neftinin təbliği üçün, hesab edirəm ki, təqdirəlayiq addımdır".

Onu da vurğulayaq ki, indiyə qədər rəssamın əsərləri ABŞ, Türkiyə, Quzey Kıbrıs, Fransa, Misir və digər ölkələrin şəxsi kolleksiyalarında saxlanır. Əsərlərini nadir texnika ilə yaradan rəssam neftlə rəngləri kətan üzərinə barmaqları ilə çəkir.

Azərbaycan təsviri incəsənətində tamamilə yeni texnologiya olan neftlə rəsm çəkmək ənənəsini gənc rəssamların da davam etirəcəyini düşünürük. Çünki neft ölkəsində bu tamamilə mümkündür. Hər halda, bunu S.Çopuroğlu sübut edib.

Sənətşünas Səkinə Baharlı bizimlə söhbətində bildirdi ki, indiyə qədər Azərbaycanın görkəmli rəssamlarının böyük əksəriyyəti neft mövzusuna müraciət edib. Onun sözlərinə görə, bu əsərlər neftin tərənnümü ilə bağlı olub. S.Çopuroğlunun Azərbaycan rəssamlığında yeni janr yaratdığını deyən sənətşünas bildirdi ki, bəlkə də dünya təcrübəsində neftdən istifadə etməklə əsər yaradan ikinci rəssam olmayıb: ”Siz özünüz də bilirsiniz ki, sovet dövrü Azərbaycan rəssamları, bir qayda olaraq, neft mövzusunda çoxlu əsərlər çəkib. Hamısı gözəldir, bənzərsizdir. Bu bir mövzu kimi o dövrün tələbini tam əks etdirirdi. Amma rəssam S.Çopuroğlu tamamilə yeni bir istiqamət seçib. O, əsərlərini neftlə çəkir. Olduqca maraqlı işdir. Neftlə əsər yaratmaq yeni dəst-xətt, yeni janrdır. Qeyri-adi bir tapıntı hesab edirəm bunu. Ümumiyyətlə, düşünürəm ki, gənclər bu yolu davam etdirməlidir. Rəssamın neftlə əsər çəkməsinin həm də bir simvolik mənası var. Azərbaycan neft ölkəsidir, dünyanın əsas neft ixracatçılarından biridir. Neftlə əsər çəkmək həm də bu reallığa dəstəkdir”.

İradə SARIYEVA

Son xəbərlər