20/09/2017 18:52
728 x 90

Muzeylərimizin qarşısında milli suvenirlərin satışı – yaxşı, ya pis təcrübə...

Bəzi muzeylərdə milli suvenirlərin satış köşkləri fəaliyyətə başlayıb

img

Xuraman Sevdimalıyeva: ”Muzeyin həyətində belə bir işin təşkil olunması çox yaxşı haldır”
Leyla Qədirova: ”Düşünürəm ki, bu həm muzeylər üçün əlavə gəlirdir, həm də sənətkarların əl işlərinin satılmasıdır”

 

Muzeylər dünyanın hər yerində maraq doğuran bir məkandır. Ölkəyə gələn və qonaq olduğu ölkənin mədəniyyəti ilə maraqlanan insanların ilk üz tutduğu yerlərdən biri məhz muzeylər olur.

Azərbaycan muzeylərlə zəngin ölkələrdən biri kimi həmişə turistlərin diqqətini çəkib. Bundan əlavə, ölkəmizə rəsmi səfərə gələn xarici ölkə siyasiləri, ictimai xadimləri də Azərbaycan muzeylərinə baş çəkirlər. Xalqımızın tarixi mədəniyyətini özündə əks etdirən muzeylərimiz bütün göstəricilərinə görə maraq kəsb edir. Azərbaycan muzeylərindəki zəngin eksponatlar həm tarixiliyinə, həm də gözəlliyinə, unikallığına görə turistləri ciddi maraqlandırır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycanda muzey işinə yeni baxış, yanaşma sistemi formalaşmağa başladı. Əlbəttə, muzeylərin həyatında baş verən yeniliklər turistləri də maraqlandırır. Son illər muzeylərin əsaslı şəkildə təmir edilməsi, yeni eksponatların bura cəlb edilməsi həqiqətən də çox dəyərli işdir.

Bəzi muzeylərə turist axını var. Bunlar əsasən tarixi abidə sayılan binalarda fəaliyyət göstərən muzeylərdir ki, bura gələn turistlər həm o binaların tarixi haqqında məlumatlar əldə edir, həm də eksponatlarla tanış olur. Məlumdur ki, bu mezeylərdə Azərbaycan sənətkarlarının əl işləri də tarixdən-tarixə keçən örnəklər kimi nümayiş olunur.

Bəzi mezeylərdə baş verən yeniliklərdən danışarkən qeyd etməliyik ki, muzeylərin həyətində turistlər, ziyarətçilər üçün milli suvenirlər satışı təşkil olunub. Artıq “Şirvanşahlar Muzey Kompleksi”nin həyətində milli svenir satış yeri təşkil edilib.

Muzeyşünaslar bunun olduqca əhəmiyyətli iş olduğunu deməklə yanaşı, bildirirlər ki, bu addımın xeyri böyükdür. Onlar hesab edirlər ki, burada eksponatlar satılmır, müasir Azərbaycan tətbiqi sənət ustalarının əsərləri satılır. Bu muzeyin İçəri Şəhərdə yerləşməsinin də turistlərin marağını cəlb etdiyini deyən ekspertlər hesab edirlər ki, milli suvenirlərin satışı əlverişli sayılan bütün yerlərdə həyata keçirilməlidir. Onlar bildirirlər ki, bəzən turist muzeydən çıxmamış, elə orada milli suvenir alır.

Müasir tətbiqi sənətlə məşğul olan sənətkarların, rəssam-dizaynerlərin maraqlı işlərinin turistlərə təqdim edilməsinin müsbət tərəflərini önə çəkən milli suvenir ustası, rəssam Xuraman Sevdimalıyeva bizimlə söhbətində bildirdi ki, Bakının və Azərbaycanın digər yerlərinə turist axınının güclü olması onların işinə yaxşı təsir edir: ”Vaxt vardı ki, tətbiqi sənətlə məşğul olan insanlar öz əl işlərini sata bilmirdilər. Bizim işlərimiz ancaq sərgidən-sərgiyə üzə çıxarılırdı, amma indi işlərimizi satmaq imkanımız genişlənib. Turistlərin şəhərimizə axını nəticəsində işlərimizə maraq artıb. Bizim işlərimiz İçəri Şəhərdəki suvenir satış yerlərində satılmaqla yanaşı, bir çox yerlərdə də satılır. Şivanşahlar Sayayında mənim işlərim qoyulmayıb, amma başqa həmkarlarımın işləri yəqin ki, satılır. Muzeyin həyətində belə bir işin təşkil olunması çox yaxşı haldır. Sənətkarlar ən müxtəlif forma və məzmunda əl işləri düzəldir, bu da təbii ki, satılmalıdır. İşlərimizi sata bilməsək, nə material ala bilərik, nə də işləməyə həvəsimiz olar. Bu bizə stimul verir. Ümumiyyətlə, dünyanın bir çox yerlərində bu təcrübə var. Yəni muzeyin içində və yaxınlığında milli suvenirlərin satışı təşkil olunur. Bunu alqışlamaq lazımdır” . 

X.Sevdimalıyevanın sözlərinə görə, turistlərin onların əl işlərinə göstərdiyi ilgi onlara əlavə stimul verir. Onun sözlərinə görə, son illər tətbiqi sənətin ən müxtəlif növlərinə maraq artıb: ”Rəssamların xeyli hissəsi, xüsusən də heykəltəraşlığı bilən adamlar bu sahəyə maraq göstərir. Biz müxtəlif məmulatlardan istifadə edərək Azərbaycanın dövlət atributlarını, memarlıq abidələrimizin, tarixi məkanlarımızın surətini yaradırıq. Milli musiqi alətlərimiz də turistlərin xoşuna gəlir. Biz onlara Azərbaycan tətbiqi sənətini təqdim edirik”.

Muzeyşünas Leyla Qədirovanın sözlərinə görə də muzeylərdə bu cür satışların təşkil edilməsi normal qəbul edilməlidir: ”Çox yaxşı yadımdadır, babam hər il Krım kurortlarına gedirdi və gələndə bizə çoxlu suvenirlər, hədiyyələr gətirirdi. O bu hədiyyələri muzeylərə yaxın yerlərdən alırdı. Bu suvenirlər Krım türklərinin sənətkarlarının əl işləri idi. Bizim muzeylərdə də bu halın olması yaxşıdır. Düşünürəm ki, bu həm mezeylər üçün əlavə gəlirdir, həm də sənətkarların əl işlərinin satılmasıdır. Bizim ən müxtəlif xalq sənəti sahəsində gözəl sənətkarlarımız var. Sevindirici haldır ki, onlar arasında gənc nəslin nümayəndələri də var. Onların əl işləri hər yerdə satılmalıdır. Sənətkar gördüyü işin bəhrəsini götürməlidir. Muzeylərə gələn turistlər eksponatlarla maraqlanır, təbii ki, Azərbaycana aid suvenirlər əldə etmək istəyirlər. Bu halda, onlar uzağa getməyib elə muzeyin yaxınlığında istədiklərini əldə edirlər. Azərbaycan sənətkarlarının işləri o qədər maraqlıdır ki, adam heyran qalır. Özü də qiymətlər çox ucuzdur. Bu da turistəri cəlb edir”.

L.Qədirova bildirdi ki, bölgələrdə də sənətkarlar çoxdur. Onların işləri də muzeylərdə ayrılmış köşklərdə satılsa, yaxşı olar. O qeyd etdi ki, bəzən sənətkarların çoxu öz əl işini sata bilmir, bu mənada muzeylər onlara dəstək göstərməlidir: ”Nəzərə alsaq ki, muzeylərin ziyarətçiləri çoxdur və özü də onlar əsasən intellektli adamlardır, bu halda, şəraiti olan muzeylərdə bu cür satış yerləri təşkil olunmalıdır. Necə ki, kitabxanaların bəzilərində kitab mağazaları da fəaliyyət göstərir. Bunun heç bir zərəri yoxdur. Rayonlarda tarix-diyarşünaslıq muzeyləri fəaliyyət göstərir, orada da bu işi təşkil etmək tam mümkündür. Çünki elə turist var ki, onun üçün ticarət mərkəzləri maraqlı deyil, onlar ancaq tarixi yerlərlə, muzeylərlə maraqlanırlar”.

İradə SARIYEVA 

Son xəbərlər