20/09/2017 18:51
728 x 90

Uşaq teatrlarının bugünkü vəziyyətinə ekspert baxışları…

“Uşaqların marağını təmin etmək üçün camaatın içinə çıxıb müasir uşağın tələbatını öyrənmək və bundan çıxış etmək lazımdır”

img

İntiqam Soltan: “Biz bu sahədə artıq peşəkarlaşmışıq və bu bizim üçün çətin deyil”

 

Uşaq və yeniyetmələrin mənəvi tərbiyəsinin inkişafında teatrın oynadığı rolu saf-çürük etsək görərik ki, mədəniyyətin bu sahəsi olduqca böyük əhəmiyyətə malikdir. Çağdaş Azərbaycan teatrının bu sahədə gördüyü işləri geniş təhlil etmək, dəyərləndirmək sözsüz ki, mütəxəssislərin işidir. Mütəxəssislərə görə, profilindən asılı olaraq, hər teatrın uşaq və yeniyetmə mövzusuna öz mövqeyi, öz münasibəti var.

Əlbəttə, uşaq və yeniyetmələrin maariflənməsi, onlara mənəvi dəyərlərin aşılanması, onların bədii-estetik zövqünün formalaşdırılması Uşaq Teatrının da boynuna düşən məsələlərdən biridir. Nəzərə alsaq ki, müasir uşağın düşüncəsi, həyata baxışı, tələbatı, zövqü tamam başqadır, bu halda uşaq teatrlarının qarşısında yeni tələblər, şərtlər qoyulmuş olur. Onu da vurğulayaq ki, uşaqlarımızı teatr tamaşalarından, bədii kitablardan, nağıllardan daha çox internet oyunları, internet resurslarının verdiyi nəsnələr maraqlandırır, özü də aşırı dərəcədə. Mənəvi dəyərlərimizin uşaqlara aşılanmasında müəyyən bir baryer rolu oynamağa iddialı olan internet, kompyuter oyunları böyük təhlükədir. Bu amil, təbii ki, uşaqların teatra marağının azalmasına xeyli dərəcədə mənfi təsir göstərir. Bu halda, teatr öz kursunda, baxışında uşaqların tələbinə, istəyinə uyğun olaraq dəyişiklik etməyə məcburdur. Əks halda, kiçikyaşlı tamaşaçıları öz tamaşa zalına cəlb etməkdə çətinliklərlə üzləşə bilər.

Bu gün Azərbaycanda uşaq teatrının, eləcə də bir neçə kukla teatrının mövcud olması, müxtəlif uşaq teatr studiyalarının fəaliyyət göstərməsi onu göstərir ki, dövlətin teatr siyasətində uşaq teatrlarına münasibət olduqca müsbətdir. Bu sahənin inkişafına dövlət maraq və dəstək göstərir. 

Uşaq teatrları təqdim etdikləri yaradıcılıq işləri ilə uşaqların diqqətini nə dərəcədə özlərinə cəlb edə bilir? Ümumiyyətlə, uşaq teatrlarının hazırkı durumu necədir?

Bakı Uşaq Teatrının rəhbəri, aktyor, rejissor İntiqam Soltan “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, teatrın öz binası olmadığı üçün, çətinliklərlə üzləşirlər, ancaq bu amil onların uşaqlarla ünsiyyətinə qətiyyən mane olmur: ”Maliyyə vəsaiti tapanda maraqlı tamaşalar meydana çıxara bilirik və bununla da uşaqların tələbatını ödəməyə çalışırıq. Deyərdim ki, bu tamaşalarla uşaqların yadından kompyuter oyunlarını və digər bu qəbildən olan vərdişləri çıxara bilirik. Biz canlı şəkildə uşaq auditoriyası üçün onların istədiyi enerjini onlara ötürməyə, xoş auranı yaratmağa çalışırıq. Bakı Uşaq Teatrının məkanla, yerlə bağlı çətinliklərini siz də yaxşı bilirsiniz. Yerlə bağlı vəziyyətimiz olduqca fəlakətlidir. Qaraçuxur qəsəbəsində yerləşən Qurban Abbasov adına Mədəniyyət evində məşq edirik. Burada ən acınacaqlı vəziyyətlərdən biri odur ki, aktyorlarımızın çoxu uzaqdan gəlir. Eləsi var Lökbatanda, bəziləri Şıxovda, bəziləri isə Masazırda və digər yerlərdə yaşayır, məşqə çatmaq üçün bir neçə avtobus dəyişməli olurlar. Bu da onların aldıqları əməkhaqqı ilə tərs mütənasibdir. Bu şikayət deyil, sadəcə gileydir. İşlərimiz daha yaxşı ola bilərdi, müsir mədəni səviyyəyə uyğun daha gözəl tamaşalar oynaya, gələcəyimiz olan uşaqları sabaha daha yüksək səviyyədə hazırlaya bilərdik”.

Uşaqların zövqünü, marağını təmin etmək üçün onlarla canlı ünsiyyətdə olduqlarını bildirən İ.Soltan qeyd etdi ki, bununla uşaqların nə istədiklərini öyrənir və bu istəyə uyğun da tamaşalar hazırlayırlar: ”Uşaqların zövqünü təmin etmək üçün elə də klassikləri oxumağa, filmlərə baxmağa ehtiyac yoxdur. Təbii, bunlar da lazımdır. Uşaqların marağını təmin etmək üçün camaatın içinə çıxıb müasir uşağın tələbatını öyrənmək və bundan çıxış etmək lazımdır. Belə deyək, uşaq “hotdoq” almaq üçün əlindəki bir manatı satıcıya uzadırsa, satıcı da onun əvəzinə kartoflu peraşki verirsə, bu halda uşaq o yeməyi yemək istəməyəcək. Uşaq nəyə acdır - bunu öyrənib səhnəyə gətirmək lazımdır. Biz bu sahədə artıq peşəkarlaşmışıq və bu bizim üçün çətin deyil. Teatrımız uşaqların rəyini öyrənir, sonra isə onların maraqlarına uyğun tamaşalar hazırlayır”.

“İntiqam müəllim, bilirik ki, hazırda uşaq dramaturqlarının sayı elə də çox deyil. Dramaturji material baxımından çətinliyiniz olmur ki?” - sualına İ.Soltan cavab olaraq bildirdi ki, indiyə qədər bu sarıdan korluq çəkməyiblər. Onun sözlərinə görə, hazırda teatrın yaradıcılıq bankında bir neçə sahə üzrə təsnifatlandırılmış dramaturji materiallar var: ”Siz də bilirsiniz ki, həmkarınız Arzu Soltan teatrın yazarıdır. O həm də Bakı Uşaq Teatrının yaradıcılarından biridir. Yetərincə peşəkar qələm sahibidir və uşaqlar, yeniyetmələr və gənclər üçün yazır. Bizi maraqlandıran mövzunu ideya şəklində Arzu xanıma təqdim edirik, o da onun əsasında bizə əsər yazır. Səhnə materialı baxımından bizim heç bir korluğumuz yoxdur. Hətta bizim çox zəngin dramaturji bankımız var. Bütün mövzular üzrə qovluqlarda əsərlər var. Çoxunu çatdırıb tamaşaya qoya bilməmişik. Eyni zamanda da xarici nağılçıların, uşaq yazarlarının əsərlərini səhnəyə qoyuruq. Biz öz yazarlarımızın əsərləri ilə kifayətlənməyib uşaqlarımızı dünya xalqlarının nağılları ilə də tanış edirik ki, onların dünyagörüşündə inkişaf olsun. Düşünrəm ki, qismən də olsa buna nail oluruq. Özü də bizim teatrda hər yaşın öz tamaşası var. Biz məişətlə, təhsillə bağlı tamaşalar da qoyuruq. Bundan başqa, alleqorik əsərlərə də müraciət edirik, uşaqlara heyvan plastikası ilə mövzunu çatdırırıq. Sözsüz tamaşalarımız da olur. Musiqili tamaşalara da yer veririk. İnteraktiv tamaşalarımız var ki, aktyor canlı şəkildə uşaqlarla ünsiyyət qurur, tamaşa ilə bağlı onlarla söhbət edir. Belə eksperimentlərimiz çox olur və hələ heç biri uğursuz olmayıb. Çox yaxşı tamaşaçı auditoriyamız var və işləyirik”.

Dövlət sifarişinə gəlincə, İ.Soltan bildirdi ki, bir sıra nazirliklərin sifarişi ilə tamaşalar hazırlayırlar. Onun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi, Ədliyyə Nazırliyi, Gənclər və İdman Nazirliyi vaxtaşırı olaraq Bakı Uşaq Teatrına sifarişlər verir. Sosial layihələrdə aktiv olduqlarını deən İ.Soltanın bildirdiyinə görə, narkomaniya, insan alverinə qarşı və s. sosial-ictimai məzmunlu layihələrdə iştirak edirlər: ”Biz indiyə qədər Ədliyyə Nazirliyindən, Gənclər və İdman Nazirliyindən sifarişlər almışıq. Bir neçə ildir narkomaniya əleyhinə həbsxanalarda tamaşalar veririk. Yoluxucu xəstəliklər əleyhinə də tamaşalar hazırlayırıq. Sosial layihələrə qatılırıq. Bu hamısı nazirliklərin sifarişidir. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 4 ay Bakı parklarından birində meydan tamaşaları oynadıq, uşaqlarla canlı ünsiyyətdə olduq.

Orta və ali məktəblərlə, rayon icra hakimiyyətləri ilə danışırıq və tamaşalarımızı yerlərdə oynayırıq. Son bir neçə ildir özümüzün konkret məkanı olmadığı üçün, yeni teatr mövsümünü bölgələrdə açırıq. Bayaq da Xaçmaz və Qusar rayon icra hakimiyyətləri ilə əlaqə saxlamışam, yeni mövsümü bu rayonlardan birində açacağıq”.

O bildirdi ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə bir neçə rayonda insan alverilə mübarizəyə həsr olunan tamaşa təqdim edəcəklər. “Günahsız günahkarlar” adlı tamaşanın yeniyetmə və gənclər üçün olduğunu deyən İ.Soltan onun maarifləndirici əhəmiyyətini vurğuladı: ”Bu tamaşa ilə bir neçə rayonda qastrolda olacağıq”.

İradə SARIYEVA

Son xəbərlər