20/09/2017 18:50
728 x 90

Azərbaycan filmlərinin regionlarda nümayiş etdirilməsi ilə bağlı nazir Əbülfəs Qarayevin imzaladığı əmrə ekspertlərin reaksiyası…

img

Aydın Kazımzadə: ”Nazirin əmri tamamilə vaxtında verilib və bunu alqışlayıram”
Zülfiyyə Eldarqızı: ”Filmlər regionlarda kütləvi nümayiş olunarsa, bu onların təbliğatına ciddi təsir göstərəcək”
Xəyalə Rais: “Hesab edirəm ki, yeni əmr bu sahədə mövcud boşluqları dolduracaq, çətinlikləri arxada qoyacaq”

 

Azərbaycanda filmlər çəkilir. İnsaf naminə deyək ki, son illər çəkilən filmlərin böyük bir qısmi bütün göstəricilərinə görə müsabət mənada diqqəti cəlb edir. Lakin məsələ burasındadır ki, yeni çəkilən filmlər Azərbaycan tamaşaçısına lazımi səviyyədə çatdırılmır. İş burasındadır ki, film çəkilir, ona daxili baxış keçirilir və filmlərin ictimai baxışı olmur. Bu da, əlbəttə, tamaşaçı və kino arasında ciddi sədd yaradır.

Bəzi hallarda yeni çəkilən Azərbaycan filmləri məhdud səviyyədə kinoteatrlarda nümayiş etdirilməklə paytaxt tamaşaçılarına çatdırılır, amma region tamaşaçıları bu filmlərdən xəbərsiz olur. Odur ki, bölgələrdə sorğu keçirilsə, burada yaşayan əhali yeni filmlərin çəkilmədiyi qənaətinə gəlir. Əslində isə, dövlət dəstəyi ilə “Azərbaycanfilm” Kinostudiyası və müstəqil prodakşnlar tərəfindən il ərzində bir neçə film çəkilir. Azərbaycanda kinonun təbliği sahəsində olduqca ciddi problemin olduğunu bu sahəyə yaxın olan insanların hər biri yaxşı bilir. Kino çəkilirsə, onun xarici festivallarda nümayişindən əvvəl  ictimai baxış olmalı, Azərbaycan tamaşaçısı öz mövqeyini bildirməlidir. Bu təbii hal kimi qəbul edilməlidir.

Azərbaycan kinosunun təbliği ilə bağlı rəsmi göstəriş…

Son günlər Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan kinosunun təbliği ilə bağlı yeni kurs götürüb. Belə ki, kinonun təbliği istiqamətində yeni addımlar atılmaqdadır.

Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytında yer alan məlumata görə, filmlərimizin bölgələrdə nümayişi, təbliği ilə bağlı artıq nazir Əbülfəs Qarayevin rəsmi göstərişi var. Məlumatlara görə, regionlarda film nümayişi işinin təşkili və inkişaf etdirilməsi məqsədilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən əmr imzalanıb. Əmrə əsasən, hər il sentyabr ayının 15-i ölkəmizdə kino mövsümünün başlanğıcı kimi qeyd olunacaq. Bu tarixdən başlayaraq regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində, mədəniyyət saraylarında, eyni zamanda film nümayişi üçün müvafiq imkanları olan digər mədəniyyət müəssisələrində ekran əsərləri nümayiş etdiriləcək. Bununla da Bakıda və regionlarda milli filmlərin nümayişi müntəzəm olaraq həyata keçiriləcək.

Artıq müvafiq qurumlara hərbi hissələrdə, digər dövlət strukturlarının mədəniyyət mərkəzlərində mütəmadi olaraq filmlərin nümayişinin icra edilməsi tapşırılıb. Bundan əlavə, televiziya kanallarında milli filmlərin nümayişinə diqqətin artırılmasının vacibliyi vurğulanır.

Əlbəttə, bu təşəbbüs günün aktual məsələlərindən biri kimi kino ictimaiyyətini ciddi səfərbər olunmağa səsləyən bir hadisədir. Kino yaranırsa, onu yaradanların işinə ictimai rəyin, münasibətin olması vacibdir. Dəfələrlə kino mütəxəssisləri qəzetimizə açıqlamalarında kinonun yalnız paytaxtda deyil, həmçinin,  bölgələrdə nümayiş olunmasının vacibliyini gündəmə gətirib. Onlar bildirirdi ki, kino çəkilirsə, ancaq onun tamaşaçısı məhdud saydadısa o kinonun yaşaması təhlükə qarşısındadır. Bilirik ki, illərdir Azərbaycanda filmlər çəkilir, amma elə filmlər var ki, heç bir dəfə də olsun tamaşaçı üzü görməyib, rəflərdə “mürgü döyür”.

“Bununla da kinoya ictimai baxış dayandırıldı”

Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü, görkəmli kinoşünas Aydın Kazımzadə “Bakı-Xəbər”ə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrini müsbət qarşılayır. Uzun illər kino təbliğatı sahəsində boşluq olduğunu deyən A.Kazımzadənin sözlərinə görə, bu qərar Azərbaycan kinosunun inkişafına yaxşı mənada ciddi təsir göstərəcək.

Bir vaxtlar Azərbaycanda kinoteatrların çökdüyünü deyən A.Kazımzadə qeyd etdi ki, son vaxtlar dövlət səviyyəsində kinoteatrların qurulmasına böyük dəstək verilir: ”SSRİ dağıldıqdan sonra Azərbaycanda fəaliyyət göstərən kinoteatrlar bərbad hala düşdü. Bununla da kinoya ictimai baxış dayandırıldı. Mən keçən əsrin 90-cı illərini nəzərdə tuturam. Ölkənin paytaxtında fəaliyyət göstərən kinoteatrları mebel satışı mərkəzlərinə çevirdilər. Adı kinoteatr olsa da, özü mebel salonu oldu. Hətta bəzi kinoteatrları yemək-içmək yerinə, kafeyə çevirmişdilər. Çünki artıq kino nümayişi həyata keçirilmirdi. O vaxt videolar dəbə düşdü. Xarici filmlərin videolarını nümayiş etdirirdilər. Bu videoların içində pornoqrafiyadan tutmuş, hər şey vardı. Bunlar baş verib. Ancaq yaxşı ki, bu uzun çəkmədi. Bu işlərə son qoyuldu”.

A.Kazımzadənin bildirdiyinə görə, artıq kinoteatrların vəziyyəti düzəlib və müasir ticarət mərkəzlərində belə, kino mərkəzləri, kinoteatrlar fəaliyyət göstərir: ”İndi bu sahəyə diqqət artırılıb, yeni kino mərkəzləri fəaliyyət göstərir, hətta ticarət mərkəzlərində də kinoteatrlar var. Bildiyim qədər, bölgələrdə də yeni tipli kinoteatrlar yaradılmağa başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə regionlarda kinoteatrların yaradılmasını müsbət qarşılayıram. Artıq bu işə start verilib. Nazirin müvafiq əmrini ürəkdən alqışlayıram. Buna böyük ehtiyac vardı. Nə gizlədim, bəzi özəl kompaniyalar tərifindən çəkilən ucuz, bayağı “film”lər tamaşaçıların zövqünü korlayır. “Bozbaş pikçes” kimi qurumların çəkdiyi “film”lər hər yerdə nümayiş olunur. Mənə deyirlər ki, bunlara kütləvi maraq var. Bu biabırçılıqdır. Ancaq nazirin əmri onu göstərir ki,  “Azərbaycanfilm”də və özəl şirkətlərdə çəkilən filmlər artıq kinoteatrlarda göstəriləcək və tamaşaçılar kinoteatrlara gedəcək. Bu vacibdir. Əgər tamaşaçılar kinoteatrlara gəlməsə, kino haqqında nikbin danışmağa dəyməz. Ona görə də nazirin əmri tamamilə vaxtında verilib və bunu alqışlayıram. Azərbaycan filmləri, yerindən asılı olmayaraq,  harada nümayiş olunsa, tamaşaçılar gəlib baxacaq”.

“Həqiqətən də buna böyük ehtiyac var”

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktrisa Zülfiyyə Eldarqızı da bizimlə söhbətində nazirin müvafiq əmrinin müsbət nəticələr verəcəyini qeyd etdi. Z.Eldarqızının sözlərinə görə, bu, uzun illər mövcud olan çətinliyin birdəfəlik aradan qaıldırlmasına böyük şərait yaradacaq: ”Bu qərar bütün kino ictimaiyyətinin ürəyindən xəbər verdi. Bilirsiniz ki, müasir kinonun öz təbliğat metodları, qaydaları var. Bütün dünyada bu iş düzənli şəkildə həyata keçirilir. Bizdə də artıq bu iş qaydasına düşməkdədir. Həqiqətən də buna böyük ehtiyac var. Kino çəkilirsə, onun haqqında əsas sözü tamaşaçı deməlidir. Film tamaşaçı üçün çəkilir və ona görə də onun rəyi mütləq şəkildə nəzərə alınmalıdır. Dövlətin kino siyasəti çox yüksək səviyyədədir və bu sahədə uğurlu işlər görülüb, görülür də.  Kino təbliği son illərin ən aktual problemlərindən biri kimi gündəmdə olub həmişə. Bu sahədə addımalr atılıb. Yeni çəkilən filmlər Bakı kinoteatrlarında nümayiş etdirilib, bununla bağlı ictimaiyyətin müsbət fikirləri də mövcuddur. Hörmətli nazırimizin imzaladığı bu əmr isə bu sahədə daha böyük işlər görüləcəyini deməyə əsas verir. Filmlər yerlərdəki Heydər Əliyev mərkəzlərində, mədəniyyət saraylarında, hərbi hissələrdə və s. yerlərdə nümayiş etdiriləcək. Bu çox müsbət haldır və alqışlayıram. Bilirsiniz ki, son zamanlar çəkilən bədii filmlərdə azərbaycançılıq ideologiyası, milli vətənpərvərlik hisslərinin təbliğinə geniş yer verilir. Kinomuzun qarşısında duran vacib məsələlərdən biri onun azərbaycançılıq məfkurəsinə bağlı olmasıdır. Azərbaycançılığın kinoda təbliği gənclərə müsbət təsir göstərəcək. Bu şübhəsizdir”.

“Bilirsiniz ki, bəzi nümunələri nəzərə almasaq, Azərbaycan filmlərinin…”

Z.Eldarqızının sözlərinə görə, regionlarda Azərbaycan filmlərinin nümayiş etdirilməsi burada gənclərin tərbiyəsinə, mənəvi keyfiyyətlərinin formalaşmasına müsbət təsir göstərəcək: ”Bilirsiniz ki, bəzi nümunələri nəzərə almasaq, Azərbaycan filmlərinin rejionlarda kütləvi nümayişi həyata keçirilmir. Bildiyim qədər, “Dolu” filmi bir neçə rayonda açıq hava altında, başqa yerlərdə nümayiş olunub. Bir-iki nümunə bəs deyil, bütün filmlər növbəli şəkildə nümayiş olunmalıdır. Filmlər nümayiş edildikdən sonra gənc nəsil bu filmlərə ciddi maraq göstərəcək. Bu onların asudə vaxtının da səmərəli keçməsinə şərait yaradacaq. Gənclər vaxtaşırı olaraq bilet alıb kinoteatrlara gələcək. Artıq biləcəklər ki, maraqlı filmə baxacaqlar. Filmlər regionlarda kütləvi nümayiş olunarsa, bu onların təbliğatına ciddi təsir göstərəcək. Bölgə sakinləri də biləcək ki, Azərbaycanda kino sənayesi inkişaf edir. Sirr deyil ki, bölgə insanları daha çox çanaq antenası vasitəsilə Türkiyə, Rusiya kanallarına  və onların nümayiş etdirdikləri serial və filmlərə baxırlar. Onları öz filmlərimizə cəlb etmək lazımdır”.

“Azərbaycan filmlərinin respublika ərazisində…”

Teatrşünas Xəyalə Raisin sözlərinə görə də nazirin verdiyi əmr kinonu bölgələrdə daha yüksək şəkildə təbliğ edəcək. Onun sözlərinə görə, filmlərimizin mədəniyyət ocaqları ilə yanaşı, hərbi hissələrdə də nümayişi olduqca ümidvericidir: ”Kino təbliği son illər ətrafında ən çox müzakirə açılan məsələlərdən biridir. Film çəkilir, amma bölgə əhalisinin bundan xəbəri olmur. İndi isə vəziyyət başqa cür olacaq. Bütün bölgələrdə Heydər Əliyev mərkəzləri var, yükəsk təmirli, müasir texnika ilə təğhiz olunmuş mədəniyyət mərkəzləri var. Hətta məktəblərdə də film nümayişi üçün yerlər tapılar. Azərbaycan filmləri ən ucqar bölgələrdə belə nümayiş olunmalıdır. Bu gün filmlərimiz təbliğ edilmirsə, demək, tamaşaçının da ondan xəbərsiz olması təbiidir. Düşünürəm ki, filmlərin bölgələrdə nümayişi məsələsinin aktuallığı yeni kinoteatrların da açılmasına şərait yaradacaq. Məncə, özəl kino yayımı mərkəzləri də fəaliyyətə başlasa, yaxşı olar. Bilirsiniz ki, xarici ölkələrdə xüsusi prodakşnlar var ki, onlar filmlərin təbliği ilə məşğul olur. Keçmiş vaxtlarda Azərbaycanda Kinoprokat deyilən qurum vardı və o qurum Azərbaycan filmlərini respublika ərazisində və digər ittifaq respublikalarında təbliğ edirdi. Bunun da çox böyük faydası olurdu. Həm filmlər tanınırdı, həm ssenari müəllifləri, rejissorlar, həm də aktyor və aktrisalar. Amma bu gün yeni nəsil kino aktyor və aktrisalarının çoxunu bölgələrdə tanımırlar. Halbuki, onlar daha məşhur olmalıdır. Çünki indi müxtəlif təbliğat vasitələri var. Hesab edirəm ki, yeni əmr bu sahədə mövcud boşluqları dolduracaq, çətinlikləri arxada qoyacaq. Azərbaycan kinosu qarşısında duran bir sıra məsələlər var ki, onlar uğurlu layihələrlə həll olunacaq”.

X.Rais qeyd etdi ki, Azərbaycan kinosunun hərbi hissələrdə göstərilməsinin faydası böyük olacaq: ”Mən bilmirəm, indiyə qədər hərbi hissələrdə bədii filmlər nümayiş etdirilibmi? Sovet dövründə bu ənənə var idi. Bunun da çox müsbət təsiri vardı. Əsgər və zabit heyətinə əsasən vətənpərvərlik ruhunda çəkilən filmlər təqdim edilsə, yaxşı olar. Bu onlarda böyük ruh yüksəkliyi yaradar. Bu həm də yeni filmlərin yaranmasına səbəb olar. Odur ki, nazirin əmrini yüksək qiymətləndirirəm və düşünürəm bunun uğurlu nəticələri qarşıdadır”.

İradə SARIYEVA

Son xəbərlər