23/11/2017 00:31
728 x 90

Azərbaycanı tanımaq istəyən həm də ənənəvi məhsul festivallarına gəlsin…

Göyçayda “Nar bayramı”, Qubada “Alma bayramı”, Qəbələdə “Mürəbbə festivalı”, Sabirabadda “Qarpız festivalı”…

img

Bahadur Bilalov: ”Bu festivallar həm bölgənin, həm də ölkənin tanıdılması baxımından əhəmiyyətli rol oynayır”

“Bu festivalların bir qədər formatını dəyişmək lazımdır”

 

Son illər ölkəmiz bir sıra ənənəvi beynəlxalq festivalların uğurla keçirildiyi bir məkana çevirilib. Gözəl və füsünkar təbiətə malik olan respublikamızda, profilindən asılı olmayaraq, keçirilən hər bir festivalın yalnız ölkəmiz üçün deyil, beynəlxalq aləm üçün də böyük əhəmiyyət kəsb etməsi şübhəsizdir.

Festival sözünün daşıdığı mənaya aydınlıq gətirmək üçün qeyd edək ki, incəsənətin, yaxud təbiət gözəlliklərinin hər hansı növünü nümayiş etdirən ictimai bayram festival adlanır. Xatırlatdığım kimi, ölkəmizdə müxtəlif profilli festivalların keçirilməsi artıq ənənəvi xarakter alıb.

Onu da vurğulayaq ki, ekspertlərə görə, festivallar həm də turizmin müxtəlif sahələrinə həsr olunur, daxili və beynəlxalq turizmin inkişafına təkan verir. Ekspertlər hesab edir ki, dünya səviyyəli festivalların keçirilməsi Azərbaycanın turizm potensialını yüksəltmək məqsədi daşıyır.

Ənənəvi “Nar festivalı”…

Azərbaycanda yalnız musiqi və teatrla bağlı festivallar keçirilmir. Burada diqqətçəkən, hər kəs üçün maraq kəsb edən daha başqa festivallar da düzənlənir.

Artıq on ildən yuxarıdır ki, respublikamızın Göyçay rayonunda təşkil edilən “Nar festivalı” - Nar bayramı böyük şöhrət qazanıb.  Məlum olduğu kimi, Göyçay rayonunda ənənəvi Nar bayramı festivalı keçirilir. Tədbirdə Türkiyə, Gürcüstan, Rumıniya, İtaliya, Rusiya və digər ölkələrdən gələn qonaqlar, millət vəkilləri, bir sıra ölkələrin Azərbaycandakı səfirləri iştirak edirlər. Hər il mütəmadi keçirilən “Nar festivalı”, daxili turizmin inkışafı üçün bir nümunədir.

Sabirabadda “Qarpız festivalı”…

Ölkəmizdə “Qarpız festivalı” da keçirilir. Bildirək ki, bu il ilk dəfə olaraq Sabirabadda “Qarpız festivalı” keçirilib. Festival Prezident yanında Gənclər Fondunun dəstəyi ilə avqustun 19-da Sabirabad rayonu Heydər Əliyev adına istirahət parkında baş tutub.

Qubada “Alma festivalı”…

Onu da vurğulayaq ki, ölkəmizdə “Alma festivalı” da keçirilir. Azərbaycanın əsas almaçılıq rayonu olan Qubada belə maraqlı bir festivalın düzənlənməsi böyük əhəmiyyət kəsb edir. Qubalılar təbiətin onlara bəxş etdiyi gözəl neməti dost ellərdən gələn qonaqlara təqdim edirlər. Əlbəttə, Qubanın simvolu olan alma hər bir süfrənin bəzəyidir.

Qəbələdə  “Mürəbbə festivalı”nda 5 mindən çox yerli və xarici turist olub

Qəbələ şəhərində isə son illər ənənə halını alan “Mürəbbə festivalı” keçirilir. Qəbələ Rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin, Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkil etdiyi festival Qəbələ şəhərində xüsusi təntənə ilə qeyd edilir. Bu festival artıq bu ildən beynəlxalq status alıb. 

Bildirək ki, ölkəmizin mədəniyyətini və milli kulinariyasını təbliğ etmək məqsədilə keçirilən Qəbələ mürəbbə festivalına Şəki, Abşeron, Qobustan, Şamaxı, Balakən, Qax, İsmayıllı, Ağdaş, Göyçay, Ucar, Zərdab, Zaqatala, Xaçmaz, Qusar, Quba, Gədəbəy, Goranboy, Gəncə, Oğuz və Qəbələdən çeşidli mürəbbə hazırlayan insanlar qatılır.

Sözügedən festival bu il avqust ayının 26-da Qəbələ şəhərində V Beynəlxalq Mürəbbə Festivalı adı altında keçirilib.

 Qəbələ şəhərindəki “Qafqaz Karvansaray” otelinin qarşısındakı parkda keçirilən beynəlxalq tədbirdə 22 ölkənin -Türkiyə, Almaniya, Belarus, Böyük Britaniya, Gürcüstan, Xorvatiya, İran, Qırğızıstan, Livan, Malayziya, Meksika, Moldova, Özbəkistan, Pakistan, Rumıniya, Rusiya, Polşa, Serbiya, Səudiyyə Ərəbistanı, Slovakiya, Şimali Kipr və Çin şirniyyatçıları, eləcə də Azərbaycanın 44 şəhər və rayonunu təmsil edən mürəbbə ustaları öz məhsullarını nümayiş etdiriblər.

 Onu da vurğulayaq ki, Dünya Kulinariya Təşkilatları Birliyinin və Dünya Xalq Yaradıcılığı Təşkilatının egidası altında keçirilən festivalı izləyənlər arasında Mədəniyyət və Turizm Nazirliyinin, Qəbələ Rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbər şəxsləri, bir neçə ölkənin Azərbaycandakı səfirləri, 5 mindən çox yerli və xarici turist olub.

Festivalın açılış mərasimində mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Ümumdünya Kulinariya Təşkilatının (WAKS) prezidenti Tomas Gugler, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov çıxış ediblər. Mərasimdə qeyd edilib ki, artıq 5 ildir Qəbələ möhtəşəm “Mürəbbə festivalı”na ev sahibliyi edir. 2016-cı ildə 10 xarici ölkədən, 30 şəhər və rayondan, bu il isə 22 ölkədən, 44 şəhər və rayondan şirniyyatçıların iştirak etməsi bu tədbirin beynəlxalq nüfuzunun ildən-ilə daha da artmasından xəbər verir.

 Festivalda rayonların hər birindən 8 çeşiddə mürəbbə hazırlayan 8 nəfərdən ibarət komanda, eləcə də həmin şəhər və rayonların bədii kollektivləri, xalq tətbiqi sənəti ustaları iştirak ediblər. Festival əvvəlcə yarış şəklində təşkil olunub. Bunun üçün xüsusi komissiya yaradılıb. İştirakçılar müsabiqəyə gilas, böyürtkən, çiyələk, heyva, qoz, ərik, gül və gavalı mürəbbələri təqdim ediblər. Müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssis və ekspertlərin daxil olduğu münsiflər heyəti qalibləri müəyyən edib. Festivalda hamının tanıdığı ənənəvi mürəbbələrdən başqa, qeyri-adi mürəbbələr də (qarğıdalı, günəbaxan, yemiş, xiyar, badımcan, limon, bənövşə, nanə, itburnu, cır alça, pomidor, yerkökü, sarı moruq, eləcə də müalicəvi çiçək və otlardan, bitkilərdən hazırlanan mürəbbələr) nümayiş olunub.  

Festivalda mürəbbə, şərab, meyvə şirələri, qida məhsulları istehsal edən müəssisələr də öz məhsullarını nümayiş etdirə biliblər. Qəbələnin “Savalan” Üzüm Emalı və Şərab İstehsalı Müəssisəsinin müxtəlif çeşiddə brend məhsulları əcnəbi turistlərin böyük marağına səbəb olub. İnsanlar əl əməyi və sənaye üsulu ilə hazırlanan mürəbbələrin dadına baxıb, hazırlanması üsulu ilə maraqlanıblar.

Məlumatlara görə, festival çərçivəsində xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi-yarmarkalar, həmçinin, Qəbələnin bədii kollektivlərinin çıxışları da təşkil edilib. Münsiflərin rəyi əsasında iştirakçıların gözü qarşısında ən yaxşı mürəbbə hazırlayan şəxslər müəyyən edilib. Mürəbbə müsabiqəsində 3 nominasiya üzrə qaliblər elan olunub.

Ölkəmizin ayrı-ayrı məkanlarında keçirilən ənənəvi məhsul festivallarının ölkəmizin tanıdılmasında, respublikamıza turist cəlb etmək sahəsində nə kimi əhəmiyyəti var?

“Bu festivalları 2-3 saat ərzində keçirmək yox...”

Mövzu ilə bağlı fikir bildirən tanınmış turizm mütəxəssisi Bahadur Bilalov hesab edir ki, bu cür festivalların keçirilməsi olduqca əhəmiyyətlidir, lakin festivalların formatında dəyişiklik edilsə, bu daha da effektiv nəticələr verə bilər: ”Dünyanın müxtəlif ölkələrində bu cür festivallar keçirilir. Bu festivallar həm bölgənin, həm də ölkənin tanıdılması baxımından əhəmiyyətli rol oynayır. Təbii ki, Azərbaycanda da belə festivallar keçirilir. Artıq 10 ildən yuxarıdır ki, ölkəmizin Göyçay rayonunda “Nar bayramı”, Qubada “Alma bayramı”  keçirilir. Bundan əlavə də digər festivalların da keçirilməsinə başlanıb. Bu festivallar yaxşıdır, amma bu festivalların bir qədər formatını dəyişmək lazımdır. Bu festivalları 2-3 saat ərzində keçirmək yox, bir neçə gün keçirmək lazımdır. Yəni əvvəlcədən ssenari yazmaq, tədbirin planını hazırlamaq lazımdır. Deyək ki, ən azından, “Nar bayramı”nı iki-üç gün keçirmək olar, “Alma bayramı” və digər bu qəbildən olan bayramları da bir neçə gün keçirmək olar. Sözsüz ki, formatını dəyişmək şərti ilə. Təbii ki, əsas məqsəd də həmin festivallara, tədbirlərə turistləri cəlb etmək olmalıdır. İndi, tutalım, Göyçayda keçirilən “Nar bayramı”na Bakıda fəaliyyət göstərən xarici səfirliklərin nümayəndələri dəvət edilir. Camaat gedir iştirak edir, nar alan alır, qayıdıb gəlir. Əslində, adını “Nar bayramı” qoysalar da, bu, “Nar bayramı”ndan çox, nar yarmarkasına oxşayır. Amma onun formatı dəyişilsə, yaxşı olar”.

“Bu bayramları turizm məhsulu kimi xarici turistlərə təqdim etməliyik”

Bu festivalların formatının dəyişdirilməsini təklif edən B.Bilalov bildirdi ki, nar yığımında turistlərin iştirakı çox maraqlı olar. Onun sözlərinə görə, tədbirin başlanmasına xeyli müddət qalmış müxtəlif turizm şirkətləri ilə ora turist cəlb etmək məsələsini razılaşdırmaq olar: ”Düşünürəm ki, Göyçayda turistlərin bir neçə gün qalması rayonun büdcəsi üçün əlverişli olacaq və eyni zamanda da rayonu tanıdacaq. Məncə, rayonun tanıtım məsələsini də işləyib hazırlamaq olar. Bura nəinki ölkə turistlərini, eyni zamanda da xarici turistləri cəlb etməliyik. Bu bayramları turizm məhsuluna çevirməliyik. Bu bayramları turizm məhsulu kimi xarici turistlərə təqdim etməliyik. Deyək ki, Almaniyada “Pivə bayramı”, İspaniyada “Pomidor bayramı” keçirilir. “Pomidor bayramı”na 2 milyondan çox turist qatılmışdı. Bizdə də bu festivalların əvvəlcədən tarixini müəyyən etmək və turizm şirkətlərinin xətti ilə bura xarici turistləri cəlb etmək lazımdır”.

İradə SARIYEVA 

Son xəbərlər