23/08/2017 08:11
728 x 90

Atatürk Mərkəzində ustad aşıq Kərəm İncəlininin anadan olmasının 65 illiyinə həsr edilən kitabın təqdimatı keçirildi

Nizami Cəfərov:” Aşıq Kərəm bilən, bildiyini təhlil edən, şərh edən aşıq idi”

img

Azərbaycan aşıq sənətində öz dəsti-xətti olan görkəmli aşıq Kərəm İncəli (Nəsibov)  uzun illərdi ki, haqq dünyasına qovuşub, lakin heç vaxt unudulmayıb. Bu illər ərzində ustad aşığın yetirmələri, sənətinin pərvanələri onu mənən yaşadıblar.

Fevralın 3-də Atatürk Mərkəzində ustad aşıq Kərəm İncəlinin anadan olmasının 65 illiyinə həsr edilən tədbir keçirildi. Tədbirdə mərhum ustad aşığa həsr edilən “Çağla telli sazım, çağla”  kitabı da təqdim edildi.

Qeyd edək ki, “Aşıqlar Birliyinin kitabları seriyasından”  layihəsi çərçivəsində nəşr edilən “Çağla telli sazım, çağla” kitabının məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, tərtibçi redaktoru Rəfael İncəyurd, rəssamı isə mərhum sənətkarımız Məmməd Dəmirçioğludur.

Böyük sənətkarın 65 illik yubileyinə həsr edilən kitab təqdimatında çıxış edən Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov çıxışında aşıq Kərəm sənətinin böyüklüyündən danışdı. O, vurğuladı ki, aşıq Kərəm İncəli aşıq sənətində öz nəfəsi, ləngəri ilə seçilən aşıq olub:” Kərəm Nəsibov saz sənətini yüksək səviyyədə tutan, sənətin keyfiyyətini ifadə edən sənətkar idi. Ruhuyla İncəliydi.  Aşıq Kərəm bilən, bildiyini təhlil edən, şərh edən aşıq idi”.

Professor Məhərrəm Qasımlı isə çıxışında qeyd etdi ki, aşıq Kərəm dünyadan erkən getsə də,  onun mənəvi ömrü yaşayır:”Aşıq Kərəm İncəli Kərəm yanğısı ilə alışıb-yanan aşıq idi. Zəngin repertuarlı sənətkar idi, həm söz, həm də saz (havacat) ehtiyatı bol idi. 30-dan çox dastan bilirdi. Səsində olan eğazkarlıq zaman keçdikcə daha çox görünür. O kandan məkana gedən aşıq idi”.

Məlumat üçün bildirək ki, aşıq Kərəm İncəli Borçalı aşıq mühitinin görkəmli simalarından olan aşıq Kamandar Əfəndiyevə qulluq edib. Vaxtilə ustadı aşıq Kərəm İncəli haqqında deyirdi:”Mənim məktəbimi-yəni Kamandar Əfəndiyev məktəbini Qızıl Diplomla bitirən ilk şəyirdim Kərəm Nəsibov oldu”.

Ustad aşığın xatirəsinin əziz tutulduğu gecədə Rəfael İncəyurd da çıxış etdi:”Aşıq Kərəmin əsasən gəraylı, qoşma və müxəmməs janrında yazdığı şeirlərini sistemləşdirərkən məzminca bir neçə istiqamət üzə çıxdı...”

R.İncəyurd qeyd etdi ki, ustadın Oqtay Xalloğlu, Qərib İncəli, aşıq İlham Aslanbəyli, aşıq Mahal və digəriləri kimi dövrümüzün ustad aşıqlarını yetişdirib.

Mərasimdə Kərəm İncəlinin şəyirdi aşıq İlham Aslanbəyli çıxış edərək ustadının ruhuna, xatirəsinə göstərilən ehtirama görə hər kəsə təşəkkür etdi. Aşıq İlham Aslanbəyli ustadının xatirəsinə ehtiram əlaməti olaraq yadda qalan ifa təqdim etdi. Gecədə həmçinin aşıq Şaiq İncəli, aşıq Avdı Musayev, aşıq Ramin Borçalı və digəriləri də ustadın şeirləri üstə saz havaları təqdim etdilər.

Ustad aşıq 20 yanvar faciəsinə həsr etdiyi şeirdə deyirdi:

Aşıq Kərəm, buna inan,

Ayazıyar bu çən, duman.

Bir gün gülər Azərbaycan

Ağla telli, sazım, ağla!

Çağla telli sazım, çağla.

Ustad aşığın xatirəsinə həsr edilən “Çağla telli sazım, çağla” kitabında müxtəlif şair və qələm adamlarının aşıq Kərəm İncəli haqqında yazdığı şeirlər, fikirlər toplanıb.

Ustad aşığın ruhu şad olsun!

İradə SARIYEVA

Son xəbərlər