19/11/2018 18:29
728 x 90

Azərbaycanda balet sənətinin tarixi inkişafı...

img Səhnə həmişə möcüzəli görsənib insanlara. Səhnədə hərəkət və plastikanın yaratdığı sehr isə tamamilə adamları məftun edib. Balet incəsənətin elə bir sahəsidir ki, insanlar onu maraqla izləyir. Balet Fransada yaranıb və yarandığı gündən də milyonlarla tamaşaçının ürəyinə yol tapıb. Klassik musiqi ilə bağlı müxtəlif ədəbiyyatda qeyd edilir ki, ilk balet əsəri Fransada 15 oktyabr 1581-ci ildə tamaşaya qoyulub.
Bu, italiyalı Baltazarini tərəfindən quruluş verilən "Kraliçanın komediyalı baleti" (və ya "Tserseya") tamaşası idi.
Dünyada böyük təkamül və inkişaf yolu keçən balet sənəti olduqca çətin, bir ömür həsr edilən, incə, zərif hərəkətlər, plastika tələb edən bir sənətdir. Baletdə hadisələri musiqi müşayiəti ilə hərəkətlər, jestlər, rəqs elementləri deyir. İdeya, bədii fikir, hadisə rəqs elementləri ilə ifadə edilir.
Azərbaycanda balet ilk baletin səhnəyə qoyulmasından 359 il sonra - 1941-ci ildə qoyulub. Azərbaycanda baletin yaranma tarixi Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baleti ilə başlayır. Məlumatlara görə, baletimizin tarixi 1940-cı ildə "Qız qalası"nın səhnələşdirildiyi tarixdən hesablansa da, əslində onun rüşeymləri 20-ci illərin əvvəllərində qoyulub. Musiqişünaslar qeyd edir ki, 1923-cü ildə Bakıda özəl balet studiyası fəaliyyət göstərib. Qeyd etmək olar ki, Azərbaycanın ilk balerinası Qəmər Almaszadə balet sənətinin sirlərini bu məktəbdə öyrənib. Olduqca maraqlı məlumatdır. Azərbaycan gözəli Qəmər xanım Almaszadənin səhnə görünüşü hələ də xatırlanır, onun yaratdığı incilər yaşayır.
"Vikipediya" Açıq Ensiklopediyasında musiqişünasların yerləşdirdikləri materiallarda qeyd edilir ki, 1939-cu ildə Əfrasiyab Bədəlbəyli Bakı Xoreoqrafiya Məktəbinin ilk buraxılışı münasibətilə uşaqlar üçün birpərdəli "Tərlan" baletini, bir ildən sonra isə məxsusi olaraq Qəmər Almaszadə üçün "Qız qalası" baletini yazıb. Gördüyünüz kimi, böyük Azərbaycan bəstəkarı hər zaman inkişafda, axtarışda olub.
Məlumatlara görə, Əfrasiyab Bədəlbəylinin Qəmər xanımın şərəfinə yazdığı bu balet əsəri sonralar yeni balet nümunələrinin yaranmasına səbəb olur. Bilirik ki, Azərbaycanda böyük ənənələrə malik olan Akademik Opera və Balet Teatrı fəaliyyət göstərir və bu teatrın repertuarında maraqlı balet tamaşaları yer alıb. "Qız qalası"nın yaranması bir sıra balet tamaşalarının yaranmasına səbəb oldu. Akademik Opera və Balet Teatrının səhnəsində 1950-ci ildə Soltan Hacıbəyovun "Gülşən", 1952-ci ildə Qara Qarayevin "Yeddi gözəl", 1961-ci ildə "İldırımlı yollarla", 1962-ci ildə Arif Məlikovun "Məhəbbət əfsanəsi", 1965-ci ildə Əşrəf Abbasovun "Qaraca qız", 1979-cu ildə Fikrət Əmirovun "Min bir gecə", 1986-cı ildə Aqşin Əlizadənin "Babək", 2000-ci ildə Xəyyam Mirzəzadənin "Ağ və qara", 2005-ci ildə Polad Bülbüloğlunun "Eşq və ölüm" balet tamaşaları səhnəyə gəlib və repertuarı zənginləşdirib.
Adları qeyd edilən balet nümunələri Azərbaycan balet musiqisi məktəbinin qiymətli inciləridir.
Qeyd edək ki, yuxarıda qeyd etdiyimiz balet nümunələri heç də Azərbaycan bəstəkarlarının yaratdığı balet əsərlərinin hamısı deyil. Başqa balet nümunələrini də qeyd etmək istəyirik. 1920-ci ildə dahi Üzeyir bəyin yaratdığı "Dağıstan" xoreoqrafik miniatür, Müslüm Maqomayevin yarımçıq qalan "Dəli Muxtar" baleti, Ə.Bədəlbəylinin "Tərlan", İ.Məmmədovun 1964-cü ildə yazdığı "Tülkü və alabaş" uşaq opera-baleti, A.Məlikovun "Ölümdən güclü" (1966), "Xəzər balladası" (1967, T.Bakıxanov, R.Axundova, M.Məmmədov), F.Əmirovun "Şur" (1968, F.Əmirov, Q.Almaszadə - sevgi mövzusunda birpərdəli xoreoqrafik novella), "Leyli və Məcnun" (1969, Q.Qarayev, N.Nəzirova N.Gəncəvinin eyniadlı poeması əsasında birpərdəli xoreoqrafik poema),
"Yallı" (1969, R.Hacıyev, R.Axundova, M.Məmmədov - xoreoqrafik miniatür), "Ləzgihəngi" (1969, R.Hacıyev, R.Axundova, M.Məmmədov - xoreoqrafik miniatür), "Yer üzündə iki nəfər" (1969, A.Məlikov, O.M. Vinoqradov - sevgi), "Qobustan kölgələri" (1969, F.Qarayev, R.Axundova, M. Məmmədov), "Kaleydoskop" (1971, F.Qarayev, R.Axundova, M. Məmmədov-süjetsiz), "Muğam" (1972, N.Əliverdibəyov, R.Axundova, M.Məmmədov Mirzə Şəfi Vazehin şeir və qəzəlləri əsasında), "Azərbaycan süitası" (1972, R.Hacıyev, R. Axundova, M.Məmmədov - birpərdəli xoreoqrafik miniatür), "Çitra" (1972, Niyazi, N.Danilova Rabindranat Taqorun eyniadlı poeması əsasında), "Əlibaba və qırx quldur" (1973, A.Məlikov - nağıl), "Nəsimi dastanı" (1973, F.Əmirov, N. Nəzirova - tarixi), "Xəzəri fəth edənlər" (1975, F.Əmirov, N. Nəzirova - Xəzər neftçilərinin əməyinə həsr olunmuş xoreoqrafik poema), "Kosa-kosa" (1975, R.Həsənova-balet-pantomima), "İlham" (1977, L.Vaynşteyn), "İki ürək dastanı" (1981, A.Məlikov, İ.Çernışov-Mirzə Əbdülqadir Bedilin "Komde və Modan" adlı poeması əsasında), "Humay" (1981, N.Məmmədov Səməd Vurğunun "Komsomol poeması" əsasında), "Nizami" (1984, F.Əmirov, N.Nəzirova-tarixi), "Şərq poeması" (1989, T. Bakıxanov, R.Əhmədov-Sergey Yeseninin eyniadlı əsəri əsasında), "Xeyir və şər" (1992, T.Bakıxanov, T. Şirəliyeva-Nizami Gəncəvinin "Xəmsə"si əsasında uşaq baleti), "Boş beşik" (1993, F.Əlizadə-Nicat Cüməlinin poeması əsasında), "Don Kixot" (Q.Qarayev, R.Əhmədov, G.Kovtun (2000) - P.Agilliu Servantesin eyniadlı romanı və rejissor Q.Kozintsevin eyniadlı film musiqisi əsasında birpərdəli balet-fantaziya), "Yusif və Züleyxa" (1999, A. Məlikov), "Qafqaza səyahət" (2002, A.Əlizadə, T.Şirəliyeva-tarixi), "Rast" (Niyazi, T.Şirəliyeva-Niyazinin eyniadlı simfonik muğamı əsasında ilk muğam-balet), "Qarabağ harayı" (2008, T.Bakıxanov), "Ümid valsı" (2008, A.Əlizadə, P.Agilliu-tarixi), "Sayalı" (2012, E.Dadaşova, P.Agilliu-Novruz bayramında təbiətin oyanması, eşq, gənclik və rəqabət), "Sehrli alma" (2012, O.Zülfüqarov -"Məlikməmməd" xalq nağılı əsasında uşaq baleti), "Şeyx Sənan" (N.Məmmədov) balet tamaşaları maraqla qarşılanıb.
Sankt-Peterburq Teatr Sənəti Akademiyasının aspirantura məzunu, beynəlxalq müsabiqələr laureatı Tahir Eynullayev
məqalələrindən birində qeyd edir ki, rəqs incəsənətin ən qədim növlərindəndir. Onun doğuluşu az qala insanın torpaq üzərindəki ilk addımına qədər gedib çıxır. Hər bir xalq, hər bir millət öz rəqslərini formalaşdırıb. Bu rəqslərdə ölkənin spesifikası, xalqın xarakteri, onun əməyinin səciyyəsi əksini tapıb, zövqləri, meylləri üzə çıxıb, istedadı qol-qanad açıb. İncə naxışlarla çulğalaşan, müəyyən ritmlərdə əksini tapan, vahid melodiya ilə bağlanan, yüzillər boyunca qərarlaşan hərəkətlər rəqslərin mahiyyətini təşkil edir. Xalqların rəqs sənətinin inkişafı onun başlıca formalarından birinin-baletin doğulmasına gətirib çıxarıb. Balet müəyyən süjeti, bütöv musiqi strukturu olan səhnə əsəridir.
1940-cı il aprelin 18-də Azərbaycanın mədəni həyatında əlamətdar hadisə baş verdi, Əfrasiyab Bədəlbəylinin ilk milli baletimiz sayılan "Qız qalası"nın premyerası oldu. Bu faktın önəmi göz qabağındadır: yüzillər boyunca qadının kənar adamın yanında üzünü göstərməyə cəsarət etmədiyi bir ölkədə professional musiqili teatr inkişaf etməyə başladı, Azərbaycanın keçmişindən və bu günündən söhbət açan balet doğuldu. Elə bir balet ki, burada qadın qəhrəmanın obrazını bu ölkənin övladı, azərbaycanlı qız, ilk azərbaycanlı balerina Qəmər Almaszadə yaradırdı. Azərbaycan klassik musiqisinin metri Üzeyir Hacıbəyovun təbirincə desək, "Qəmər Almaszadə öz ifasında müasir xoreoqrafiya sənətinin texnikasını xalq rəqs yaradıcılığı ilə uğurla birləşdirə bilib". "Onun yaratdığı obraz, inandırıcı və məqsədyönlüdür. O, azərbaycanlı qadının faciəsinin təcəssümü olmaqla, uzaq fərəhsiz keçmişi özündə xatırladaraq bizi həyəcanlandırır". "Azərbaycanlı qadının faciəsi..." Gerçəkdən, müsəlman Şərqinin müdhiş boğucu atmosferi nəinki onun təhsilə gedən bütün yollarını bağlayır, hətta mahnı oxumağı və rəqs kimi hər hansı kiçicik bir əyləncəni belə qadağan edirdi. Nizaminin müasiri və dostu olmuş Məhsətinin-istedadlı şairə, müğənni və rəqqasənin nə kimi təhqirlərə məruz qaldığını xatırlamaq kifayətdir. İyirminci illərdə Bakı teatrında azərbaycanlı balerina yox idi. Belə bir fikir hələ də özünə möhkəm yer etmişdi ki, bəs, səhnə qadın üçün deyil. Qəmər onun aktrisa olmaq arzusuna qarşı etiraz edən atasının, qohumlarının təzyiqi ilə üzləşdi. Təkcə anası qızının istək və arzusunu başa düşürdü. Beləcə, qızın rəqslərə olan həvəsi ailə yasağına üstün gəldi və 12 yaşlı məktəbli professional səhnəyə çıxdı. Qəmər Almaszadə baleti S.N.Keverkova və Urusovanın özəl studiyasında öyrənməyə başladı. Özünü baletə həsr etmək kimi qarşısıalınmaz istək klassik rəqsin əsaslarını mənimsəməkdə ona kömək etdi. 1930-cu ildə o, M.F.Axundov adına Bakı Opera və Balet Teatrının səhnəsinə çıxdı. Onun "Koreliya"dakı debütü çoxlarının yaddaşına əbədi həkk olundu. Həmin il milli teatrların Moskvada keçirilmiş olimpiadasında o təkcə balerina kimi çıxış etmir, həm də "Namus" dram tamaşasında Süsən rolunu ifa edir ki, bu da onun kifayət qədər parlaq aktyorluq istedadından xəbər verirdi. 1931-ci il Almaszadənin yaradıcı həyatında mərhələ sayılır. Teatr Qliyerin "Qırmızı lalə" baleti üzərində işə başlayır və Tao-Xoa rolunu ona tapşırırlar. Söyləmək lazımdır ki, on altı yaşlı bu qızcığaz obrazın dramaturgiyasını çox səlis tuta bilmişdi. Lakin həmin dövrdə onda sırf xoreoqrafik səriştə çatışmırdı. O özü də bunu ilk tamaşadaca hiss etmişdi. Elə həmin gün də təhsilini davam etdirməyə qərar verdi. Qəmər Almaszadə Moskvaya, SSRİ Böyük Teatrı yanındakı xoreoqrafiya məktəbinə gəlir, Leontyeva və Çekrıpinanın siniflərində təhsil alır, Monyaxovanın sənətkarlığının sirlərinə yiyələnir. O yorulmadan çalışır. Çünki tələsmək lazımdır, axı vətəndə onu gözləyirlər...". T.Eynullayev qeyd edir ki, klassik baletdən milli "Qız qalası", "Gülşən", "Yeddi gözəl" tamaşalarına yol gələn səhnədə xarüqələr yaradır: "Klassik rəqsi milli Azərbaycan rəqs elementləri ilə bacarıqla uzlaşdırmaqla aktrisa bu partiyaların əsl mənada klassik traktovkalarını yaratmışdı. Onun dərin sevgi ilə yaratdığı Gülyanaq obrazı bu gün gənc balerinalar üçün özünəməxsus "etalona" çevrilib. "Qız qalası" ilə Azərbaycan balet sənətinin şərəfli səhifəsi açılır. Balerina öz qəhrəmanının daxili aləmini son dərəcə incəliklə açır. Başlanğıcda bu dəcəl və şən, demək olar, yeniyetmə bir qızcığazdır. Onun kövrək utancaqlığı və saf işvəsi Poladla görüşündəki lirik-oynaq rəqslərdə açıq duyulur. Toy zamanı onun işıqlı sevinc hissləri ilə dolu cazibəsi və mənəvi gözəlliyi nə qədər saf və təmizdir. Bu xoş anlarda qəfildən Cahangir xan peyda olur. O gəlib ki, qəşəng qızları öz hərəmxanasına aparsın. Hökmdarın nəzəri Gülyanağın üzərində dayanır. Onu özünə arvad edir. Sonluq, aydınlaşma sürətlə yaxınlaşır. Onun tragizmi həm mənəvi qüvvə, həm də ümidsizliklə şərtlənib. Gülyanaq intihar etməyi qəti qərara alıb və qapının arxasından asta addımları eşidib özünü dənizə atır, amma xəbəri olmur ki, bu, Polad idi, onun yanına tələsirdi..." - deyə bildirən musiqiçinin sözlərinə görə, 1950-ci ilin dekabrında-Bakı teatrının səhnəsində yeni Azərbaycan baleti-Soltan Hacıbəyovun "Gülşən"i göstərilir. Librettonun müəllifi, quruluşçu və baş rolun ifaçısı-Qəmər Almaszadədir: "O artıq özünü klassik baletdə təsdiqləmişdi və eyni zamanda Azərbaycan rəqsinin dərin bilicisi kimi tanınırdı. Bu keyfiyyətləri özündə birləşdirməsi Almaszadəyə yeni mürəkkəb vəzifənin öhdəsindən gəlməyə imkan verdi. Baletdə zəhmət hökmrandır. "Gülşən"dən iki il sonra Qara Qarayevin "Yeddi gözəl" baleti səhnəyə qoyulub. Libretto-Sionimski və Rəhman Hidayətzadənin, quruluş-Qusevin idi. Konsultant isə Qəmər Almaszadə idi. Baletin premyerası 9 noyabr 1953-cü ildə oldu. Dahi şair Nizaminin dərin fəlsəfi ideyalarını təcəssüm etdirən bu əsərdə onun yaradıcılığındakı əsas istiqamətlərdən biri- xalqın və hökmdarın qarşılıqlı münasibəti yer alır. Ayişənin xalqın fəlakətləri fonunda cərəyan edən faciəsi musiqidə və xoreoqrafiyada öz gerçək həllini tapmışdı. Tamaşanın milli koloritinin mükəmməl təqdimatı, heç şübhəsiz, Qəmər Almaszadənin-baletin əsas partiyasının ifaçısının və buradakı bir sıra milli rəqslərin quruluşçusunun xidməti sayəsində idi. 1954-cü ildən etibarən Qəmər Almaszadə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının balet truppasına rəhbərlik edir. 1980-ci ildə isə təqaüdə çıxır. Qəmər Almaszadə "Qırmızı lalə", "Şopeniana", "Laurensiya", "Qızıl açar", "Yatmış gözəl" və s. kimi tamaşalara quruluş verib. 1969-cu ildə daha bir Azərbaycan baleti həyata vəsiqə aldı. Bu, Azərbaycan bəstəkarı Fikrət Əmirovun artıq məşhurlaşmış olan və geniş populyarlıq qazanmış "Şur" simfonik muğamına müraciət etmiş xoreoqrafın yaradıcı bioqrafiyasının daha bir zəfəri idi. Simfonik bir əsərin-xarakter etibarilə fərqli bölmələri olan muğamın materialında nəsə bütöv, vahid süjet xətti olan bir şey yaratmağa çalışan baletmeyster xeyli çətinliklərlə üzləşmişdi. "Şur" son dərəcədə bədii taktla, xoreoqrafiyanın klassik əsaslarını pozmadan hazırlanmışdı. Teatrlaşdırılmış milli rəqsin yaradılma prinsipi dünyanın bir çox xoreoqrafiya kollektivlərində uğurla həllini tapır, onun təcəssümünü biz Azərbaycan baletlərində görürük. "Şur" baleti ilə yanaşı, "Xəzər balladası", "Leyli və Məcnun", "Qobustan kölgələri", "Kaleydoskop" kimi birpərdəli baletlər buna misaldır. Bu tamaşalar yaradıcı prinsiplərin genişliyini göstərir. Bizlər, gənc baletmeysterlər və artistlər bütün bunlarla tərbiyə olunuruq.
SSRİ xalq artisti, Dövlət Mükafatı laureatı Qəmər Almaszadə məktəbi-keçmiş sovet baletində ən mükəmməl məktəblərdəndir. Təkcə Azərbaycanda deyil, dünyanın bir çox səhnələrində çıxış etmiş Leyla Vəkilova, Rəfiqə Axundova, Siqnadze, Tamilla Şirəliyeva və bir çox digər balerinalar məhz bu məktəbin yetirmələridir".
Azərbaycanda balet sənətinin inkişafı, tərəqqisi hər zaman müşahidə olunub. Azərbaycan dövlətinin balet ustalarına göstərdiyi qayğı və diqqət, balet təhsilinin inkişafı haqda növbəti sayımızda söhbət açacağıq.
(Ardı var)
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər