19/11/2018 16:15
728 x 90

Azərbaycan peşəkar rəqs sənətinin banisi Əlibaba Abdullayev...

img
Azərbaycan rəqs sənəti böyük tarixi inkişaf yolu keçib. Bəlli olduğu kimi, respublikamızda bu sənətin qədim tarixi var və bir neçə mərhələni uğurla adlayan rəqslərimiz uzun əsrlər xalq arasında yaşayıb. Sonra xalqdan səhnəyə, səhnədən yenidən xalqa təqdim edilib. Azərbaycan torpağında ta qədim çağlardan ritm tutan insanlar, musiqini duyanlar, onu hərəkətlərdə ifadə edənlər çox olub. Tarixən hərəkətlə danışmağı, rəqs elementləri ilə fikrimizi ifadə edə bilmişik.
Yüzlərlə rəqs doğulub bu torpaqda. Azərbaycan qadınının, Azərbaycan kişisinin ovqatını, əhvalını ifadə edən rəqslər səhnədə daha peşəkar şəkildə ifadəsini tapıb.
Azərbaycan peşəkar rəqs məktəbinin yaranması, bu məktəbin neçə-neçə nəslinin formalaşması, rəqslərimizin toplanması, işlənib səhnəyə qoyulması böyük bir sənətkarın adı ilə bağlıdır. Bu, Azərbaycan peşəkar rəqs məktəbinin banisi, bu ilin mart ayının 23-də 100 yaşı tamam olan görkəmli rəqs ustadı Əlibaba Abdullayevdir.
23 mart 1915-ci ildə Bakıda doğulan və 9 avqust 1980-ci ildə 65 yaşında burada vəfat edən Əlibaba Abdulla oğlu Abdullayev Azərbaycan SSR xalq artisti, rəqs quruluşçusu, filmlərdə iştirak edən, arxiv kadrlarda iştirak edən bir sənətkar olub. Görkəmli sənətkar əməkdar artist fəxri adını 1943-cü ildə alıb. Bu gün adı məşhur olan, tanınan rəqqas və rəqqasələrin müəllimi olub Əlibaba Abdullayev. Rəqs sənətindən, onun tarixindən, peşəkar səviyyədə təbliğindən danışırıqsa, mütləq ustadı yada salmalıyıq.
Məlumat üçün bildirək ki, 1936-cı ildə Azərbaycan Dövlət Filarmoniyası Rəqs Ansamblının, 1941-ci ildə isə Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olub. 1946-1947-ci illərdə Musiqili Komediya Teatrında yüksək kateqoriyalı aktyor kimi çalışıb. 1957-ci ildə Moskvada keçirilən Tələbə və Gənclərin 6-cı Ümumdünya Festivalında qızıl medala layiq görülüb. «Nəlbəki» və «Vağzalı» rəqslərinin ilk quruluşu Əlibaba Abdullayevə məxsusdur. 1936-cı ildə Üzeyir Hacıbəyov onun haqqında yazıb: «Əlibaba musiqinin ritmini dərindən duyur. Tamaşaçıya elə gəlir ki, onun rəqsləri səslənən melodiyanın əyani təsvirini canlandırır».
Əlibaba Abdullayev haqqında tanınmış kinoşünas, tədqiqatçı, əməkdar incəsənət xadimi Aydın Kazımzadənin çox maraqlı fikirləri var. Ə.Abdullayevi rəqsimizin korifeyi olaraq xatırlayan kinoşünas qeyd edir ki, Azərbaycanın xalq artisti, baletmeyster, peşəkar rəqqas, kinomuzda quruluşunu verdiyi və əksər hallarda özünün ifa etdiyi orijinal rəqsləri ilə seçilən görkəmli sənətkar Əlibaba Abdullayev unudulmaz sənətkarlarımızdandır: «Əlibaba Abdullayev tamaşaçılar arasında çox populyar idi. Onun sənəti dahi bəstəkarımız Üzeyir Hacıbəyovun rəhbərliyi altında və dəstəyi ilə püxtələşib, kamilləşib və yaradıcılıq zirvəsinə çatıb».
Ə.Abdullayevin qızı Elmira xanımın atası haqqında yazdığı fikirlərə istinad edən kinoşünas bildirir ki, dahi rəqqas Ü.Hacıbəyov, S.Ələsgərov, T.Quliyev, C.Cahangirov və başqa bəstəkarlarla sıx əlaqədə işləyib, qədim xalq rəqslərini toplayıb, onların oynaq ritmlərindən istifadə edib, yenidən quruluş verib. A.Kazımzadə bildirir ki, sənətkarın qızının dediyinə görə, onun sənəti xalqa yaxın, quruluş verdiyi rəqslərin isə hamısı mənalı, rəngarəng olub.
Ə.Abdullayev «Çobanlar», «Bənövşə», «Bulaq başı», «Bahar», «Ay gözəl», «Qazağı», «Məzəli rəqs», «Qaytağı», «Gəlin tərifi», «Nağaraçılar» rəqslərinə quruluş verib: «Əlibaba Abdullayev öz üzərində daim çalışır, sənətinə aid çoxlu ədəbiyyat oxuyurdu. Gecələr kağız üzərində rəqs qurur və müxtəlif eskizlər çəkirdi. Əvvəl rəqsin məzmununu, musiqisini açır, sonra onlara aid rəqs yaradırdı. Onun gözəl əl qabiliyyəti vardı. O, asta-asta zümzümə edir, rəqsin eskizlərini çəkirdi. Ertəsi günü çəkdiyi eskizləri Filarmoniyada rəqqaslara göstərir, eskizlər əsasında rəqsi qurur, onlarla məşq edirdi. İş prosesində nəyi isə saxlayır, nəyi isə lazımsız bilib üstündən xətt çəkirdi.
Əlibaba Abdullayev rəssamlarla da sıx əlaqədə işləyirdi: B.Əfqanlı, R.Topçubaşova, K.Kazımzadə, E.Fətəliyev və başqa sənətkarlar Əlibabanın ən yaxın sənət dostları idi. Hər rəqs üçün ayrıca milli geyim eskizlərini çəkdirərdi, sonra parçasını seçər, hər rəqqas üçün geyim sifariş verərdi.
Vaxtilə Azərbaycan Televiziyasında «Kino tarixindən» müəllif verilişini aparırdım. Növbəti veriliş üçün Böyük Vətən Müharibəsi dövrünün kinoxronikasını nəzərdən keçirərkən Dövlət Filarmoniyasında Mahnı və Rəqs Ansamblının çıxışlarına rast gəldim. İlahi, çox gənc və gözəl Leyla Bədirbəyli və şux qamətli, yaraşıqlı Əlibaba Abdullayev «Bir dənəsən, bir dənə» rəqsini elə məharətlə ifa edirdilər ki, adam gözünü ekrandan çəkə bilmirdi. Mən həmin rəqsi verilişimə daxil etdim. Veriliş efirə verilərkən Leyla xanıma (xalq artisti Leyla Bədirbəyliyə. Leyla xanım incəsənət sahəsinə rəqslə gəlib-İ.S) zəng vurdum. Günlərin birində görüşərkən Leyla xanım özü Filarmoniyadakı fəaliyyətindən danışdı. Söhbət onun tərəf-müqabili Əlibaba Abdullayevdən düşəndə dedi: «Əlibaba çox istedadlı insan idi. O əvvəllər Filarmoniyada rəqqas kimi çıxış edirdisə, sonralar özü rəqslərə quruluş verirdi. Əsl baletmeyster idi. Mən filmlərə çəkildiyim üçün Filarmoniyadan çox tez çıxıb getdim. Sonra teatrda çalışmağa başladım. Amma Filarmoniyada çalışanların fəaliyyətini daim izləyir, uğurlarına sevinirdim. Bizim yaradıcılıq yolumuz bir neçə dəfə C.Cabbarlı adına «Azərbaycanfilm» Kinostudiyasında yenidən kəsişdi. Mən filmlərə çəkilirdim, Əlibaba müəllim isə filmlərdə ifa olunan rəqslərə quruluş verirdi. Bəzən də həmin rəqslərdə özü də çıxış edirdi. Mən ilk dəfə Əlibaba Abdullayevlə 1941-ci ildə çəkilmiş «Səbuhi» filmində rastlaşdım. O vaxtı hər ikimiz Filarmoniyada işləyirdik. Bu filmdə Tubu rolunda çəkilirdim. Əlibaba filmdə istifadə olunan «Şalaxo» rəqsini qururdu. Çox yaxşı alınmışdı. Bundan sonra daha bir neçə filmdə - «Arşın mal alan» (1945), «Fətəli xan», «Görüş», «Dəli Kür» və s. kinofilmlərdə görüşəsi olduq». Əlibaba Abdullayevin rəqslərinə quruluş verdiyi filmlər çoxdur. «O olmasın, bu olsun» kinokomediyasında iki epizodda rəqs qrupu ilə rastlaşırıq. Birinci epizod: Məşədi İbadı hamama gətirirlər.
İkinci epizod: Məşədi İbadın toyu. Cavanlar rəqs edir. «Görüş» kinokomediyasına baxanlar Özbəkistan pambıqçılarının şərəfinə kolxozda təşkil olunmuş ziyafəti yəqin ki, xatırlayırlar. Əlibaba Abdullayevin qurduğu rəqs həqiqətən göz oxşayır, bir-birindən maraqlı rəqs elementləri insana zövq verir. Leyla Bədirbəylinin «Görüş» filmindəki rəqsi çox gözəl alınıb. Rəqqas və baletmeyster Əlibaba Abdullayev «Dəli Kür», «Əmək və qızılgül», «Əhməd haradadırğ», «Ulduzlar sönmür», «Sehrli xalat» bədii, «Qobustan», «Salam, Əlcəzair», «Afrika görüşləri», «Məktuba cavab» sənədli filmlərində, «Abşeron ritmləri» film-konsertdə, «Doğma xalqımıza» bədii-sənədli filmdə istifadə olunan rəqslərə quruluş verib».
A.Kazımzadə bildirir ki, kinorejissor Tofiq Tağızadənin çəkdiyi «Əmək və qızılgül» musiqili filmi SSRİ xalq artisti, görkəmli rəqqas Mahmud Esembayevin həyat və yaradıcılığına həsr olunub. Onun bildirdiyinə görə, incəsənət aləmində onu «rəqs şairi» adlandırırlar: «Mahmud Esembayev filmdə dünya xalqlarının rəqslərini, o cümlədən bizim mahir rəqqasəmiz Əminə Dilbazi ilə «Naz eləmə» rəqsini ifa edir. Onların ifasında bu rəqs o qədər gözəl alınmışdı ki, baxanı heyran edirdi. «Naz eləmə» üçlüyün - quruluşçu Əlibaba Abdullayevin, rəqqasə Əminə Dilbazinin və virtuoz rəqqas Mahmud Esembayevin sənət uğuru idi. Onların hərəkətlərində ciddi bir plastika duyulurdu. Azərbaycanın məşhur balerinası Qəmər Almaszadənin Əlibaba Abdullayevlə iş birliyi də maraqlı olub. Moskvada Azərbaycan incəsənəti ongünlüyündə Qəmər xanıma SSRİ xalq artisti fəxri adı verilməsi gözlənilirdi. O, Əlibaba müəllimdən xahiş etmişdi ki, onun üçün rəqs qursun. Əlibaba Abdullayev də rəqsi çox ustalıqla qurmuşdu. Həmin günlərdə Qəmər Əlibaba müəllimin quruluş verdiyi rəqsi çox məharətlə ifa etmişdi. Nəinki dekada iştirakçılarının xoşuna gəlmişdi, həm də mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdi. 1959-cu il iyunun 11-də «Sovetskaya kultura» qəzetində beş nəfərin, o cümlədən Qəmər Almaszadənin SSRİ xalq artisti adı alması barədə qərar dərc edilmişdi. Əlibaba Abdullayevə ongünlüyün laureatı adı verilmişdi. Bakıda isə o, Azərbaycan Ali Sovetinin fərmanı ilə (10 iyun 1959-cu il) respublikanın xalq artisti adına layiq görülmüşdü. 1960-cı ilin sonlarında Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı Afrika ölkələrində qastrol səfərində olmuşdu. Ansamblın kollektivi bir sıra şəhərlərdə və Mərakeşin paytaxtı Rabatın məşhur «Rəyyal» salonunda çıxış edib və Kasablankada konsert verib. Tamaşaçılar Azərbaycan artistlərinin çıxışlarını hər yerdə böyük maraq və sevinclə qarşılamışlar. Yerli mətbuat Azərbaycan artistlərinin çıxışlarına yüksək qiymət vermişdi. Bu səfərlə bağlı C.Cabbarlı adına «Azərbaycanfilm» Kinostudiyasında «Afrika görüşləri» 2 hissəli rəngli sənədli film çəkilib. Rejissor S.Bədəlovun 1961-cı ildə lentə aldığı bu kinooçerkdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Afrika ölkələrinə qastrol səfərlərindən söhbət açılır.
Əlibaba müəllimin həm də gözəl səsi vardı. O, səhnədə həm rəqs edir, həm də oxuyurdu. Azərbaycan Televiziyasının radioya aid arxivində Əlibaba Abdullayevin lent yazıları durur. «Bir dənəsən», «Dilbərim», «Sarı gəlin» mahnıları onun ifasında məlahətlə səslənir. Bakının bir sıra institutlarında, o cümlədən M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Universiteti) Əlibaba Abdullayev «Lalə» özfəaliyyət ansamblını yaradıb. Bu ansambl müsabiqələrdə diplom və fəxri fərmanlara layiq görülüb. Həm də «Əhməd haradadırğ» kinokomediyasında Əlibaba Abdullayevin quruluş verdiyi maraqlı «Üzüm yığımı» kompozisiyasını «Lalə» özfəaliyyət ansamblı ifa edib».
Tədqiqatçı qeyd edir ki, respublikanın xalq artisti, görkəmli baletmeyster və rəqqas Əlibaba Abdullayevlə bağlı fikirlərini görkəmli Azərbaycan aktrisası, böyük sənətkar Leyla xanım Bədirbəylinin sözləri ilə bitirmək istəyir:» Leyla xanım yazır: «Əlibabanın sənəti ölməzdir, ona görə ki, onun tələbələri, onun davamçıları Azərbaycanın milli rəqsinin inkişafı uğrunda böyük məhəbbətlə çalışır və belə sənətkarların həyatı həmişə indiki gənclər üçün, rəqs meydanında öz sənətlərini nümayiş etdirən rəqqas və rəqqasələr üçün nümunə ola bilər... Əlibaba Abdullayev rəqslərini ifa etdiyi «Dədə Qorqud» kompozisiyası kimi ölməzdir və millətimizin, xalqımızın qəlbində əbədiyaşardır...».
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



Son xəbərlər