19/11/2018 16:10
728 x 90

Naxçıvan yallıları - mədəniyyətimizin rəqs simvolu...

img

Azərbaycan rəqs sənətinin geniş yayıldığı ərazilərdən biri Naxçıvan diyarıdır. Ən qədim rəqs elementlərimizin yaşadığı ellərdəndir Naxçıvan. Elə rəqs növlərimiz var ki, o ancaq bu yurd üçün xarakterikdir. Əlbəttə, Azərbaycanın hər yerində rəqs sənəti yaşayır, ancaq Naxçıvandakı qədər qədimlik qoruna bilməyib. Naxçıvan rəqsləri birbaşa ənənələrə söykənir və əski elementləri özündə ifadə edir.
2014-cü ildə «Musiqi dünyası» jurnalında Naxçıvan rəqsləri ilə bağlı Amil Əsgərovun maraqlı bir yazısı dərc edilib. Əlbəttə, bu, Naxçıvanda rəqs ənənələrini öyrənmək, bu sahədə mövcud olan inkişafı müşahidə etmək üçün maraqlı faktdır. Musiqişünasın qeyd etdiyinə görə, Azərbaycanın qədim diyarı Naxçıvanın musiqi mədəniyyəti öz tarixi, mənəvi və bədii təcəssümünü, ilk növbədə, zəngin musiqi folklorunda tapır. Onun yazdığına görə, bu diyarın musiqi folkloru geniş janr tərkibinə, zəngin ənənələrə, ifadə vasitələrinə və ifaçılıq xüsusiyyətlərinə malikdir: «Naxçıvan musiqi folklorunun regional özünəməxsusluğu onun melodiya, məqam, forma, intonasiya, ritm səciyyəsində və ifa tərzində də özünü göstərir. Musiqi folklorunun bir növü də xalq rəqsləridir. Ən qədim tarixi dövrlərdən günümüzə qədər yaşayan Naxçıvan xalq rəqsləri bu regionun spesifik musiqi üslubunu və ifaçılıq ənənələrini özündə əks etdirir. Digər tərəfdən, xalq rəqsləri etnoqrafiya, mifologiya, xalq məişəti, əmək fəaliyyəti, həyat tərzi, bayramlar və mərasimlər ilə bağlı şəkildə yaranıb və yaşayıb. Bu baxımdan, Naxçıvan xalq rəqsləri folklorşünasların, filoloqların, etnoqrafların, arxeoloqların diqqətini cəlb edib, bu zəngin irs haqqında müxtəlif məqalələr yazılıb, onların tarixi, etimiologiyası, etnoqrafiyası, poetik mətni barədə müəyyən fikirlər irəli sürülüb. Xalq rəqslərinin janr, ifaçılıq, ifadə vasitələri baxımdan ən qədim növlərindən biri də yallı rəqsləridir. Əbəs deyil ki, əsrlər boyu Naxçıvan istər Qafqaz, istər Yaxın və Orta Şərq, istərsə də Avropa xalqları arasında «yallıların vətəni», «yallıların məskəni» kimi tanınıb. Belə demək olarsa, yallı Naxçıvanın ənənəvi musiqi irsinin qədim mədəniyyət abidəsidir».
Naxçıvan yallılarının spesifik xüsusiyyətlərini önə çəkən alim vurğulayır ki, yallıların belə uzunömürlü olmasında, yaşamasında Heydər Əliyevin rolu böyükdür: «Ulu Öndər Heydər Əliyev hələ 1970-ci illərdə Naxçıvan yallılarını bundan sonra da qorumağı və yaşatmağı tövsiyə edib, bu folklor irsimizi «Naxçıvanın tacı» adlandırıb. Azərbaycan musiqi tarixinə dair nəşrlərdə də yallı rəqsinin qədimliyi qeyd olunub, bu folklor rəqsinin qədim mərasimlərlə bağlılığı bildirilib. Naxçıvan yallıları diyarın tarixi, etnoqrafiyası, mərasimləri, mifoloji inancları, adət-ənənələri, ifaçılıq mədəniyyəti ilə sıx bağlı şəkildə təşəkkül tapıb və tarixi təkamül yolu keçib. Yallı rəqslərinin Naxçıvanın müasir musiqi həyatında da yaşaması və ifa olunması bu janrın musiqi tarixində əsaslı yer tutmasını bir daha təsdiq edir. Naxçıvanın musiqi-ifaçılıq tarixinin tədqiq olunmasında yallı rəqslərinin hərtərəfli və kompleks öyrənilməsi mühüm elmi əhəmiyyət kəsb edir. Bu baxımdan yanaşdıqda, ilk növbədə, Naxçıvan yallılarının musiqişünaslıq tədqiqatları və öyrənilmə aspektləri nəzərdən keçirilməli, bu sahədə görülən işlər konkret olaraq müəyyənləşməlidir. Yalnız bundan sonra yallı rəqslərinin ifaçılıq aspektlərinin tədqiqində qarşıda dayanan vəzifələr müəyyən olunmalıdır».
Qeyd edək ki, Naxçıvan ərazisində yayılmış xalq rəqsləri haqqında musiqişünaslıq elmi tərəfindən də bir sıra tədqiqatlar aparılıb. Bu tədqiqatlara, əsasən, Naxçıvan yallıları aiddir. Tədqiqatlarımız belə nəticəyə gətirir ki, Naxçıvanın yallı rəqsləri musiqişünaslar tərəfindən iki istiqamətdə öyrənilib:
1. Naxçıvan yallılarının toplanması, nota yazılması və nəşr olunması;
2. Naxçıvan yallılarının musiqişünaslıq baxımından araşdırılması və təhlili.
A.Əsgərov vurğulayır ki, Naxçıvan yallıları haqqında ilk məqsədyönlü elmi-tədqiqat və dissertasiya işi görkəmli etnomusiqişünas-alim, professor Bayram Hüseynliyə məxsusdur. B.Hüseynli 1967-ci ildə «Azərbaycan xalq rəqs musiqisi» mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Dissertasiyada yallı rəqslərinin tədqiqinə də geniş yer verib. Alimin qeydlərinə görə, B.Hüseynlinin xalq rəqsləri haqqında elmi məqalələrində də yallılar haqqında maraqlı fikirlər irəli sürülüb. «Azərbaycan xalq rəqslərinin klassifikasiyası» məqaləsində B.Hüseynli yallı rəqslərini «kütləvi rəqslər» növünə aid edib. Müəllifin fikrincə, kütləvi rəqslər mahnı-rəqs yaradıcılığının bir şaxəsini təşkil edir. «Kütləvi oyun, mahnı-rəqslərin bir çoxu xoreoqrafik hərəkətlərlə qəhrəmanlığı, mərdliyi, zəhməti, sevinci və s. təsvir edir».
Alim bildirir ki, etnomusiqişünas-alim B.Hüseynlinin bu istiqamətdə daha bir araşdırması iki dəftərdən ibarət «Azərbaycan xalq rəqs melodiyaları» məcmuəsidir. Birinci dəftər yallı, ikinci dəftər halay nümunələrinin not yazılarıdır: «Azərbaycan xalq rəqs melodiyaları» məcmuəsinin birinci dəftərinə 25 yallı nümunəsi daxildir. Bu məcmuəni Naxçıvan yallılarına ilk elmi-məqsədyönlü yanaşma adlandırmaq olar. Belə ki, Naxçıvan yallılarının ilk not yazıları məhz bu məcmuəyə daha ətraflı, daha çox daxil edilib.
A.Əsgərovun sözlərinə görə, məcmuənin giriş hissəsində müəllif tərəfindən yallının Azərbaycanda yayılması haqqında müəyyən məlumatlar verilib: «Kütləvi xalq rəqsi yallı Azərbaycanda, əsasən Noraşen, Ordubad, Şahbuz, Laçın, Nuxa və Qazax rayonlarında hələ qədim zamanlardan geniş yayılıb. Bu rayonlarda elə bir toy və bayram olmayıb ki, burada qocalardan tutmuş, uşaqlara qədər dəstə tutub yallı getməsinlər». Müəllifin yallı rəqsinin adına verdiyi açıqlama da maraq doğurur. Mübahisəli görünsə də, onun fikrinə diqqət edək: «Yallı məfhumu Azərbaycan xalqının dilində çox qədim zamanlardan mövcuddur. Bildiyimiz kimi, Azərbaycan dilində «yal» sözü bir neçə mənada işlənir. Bunlardan biri də dağlar, təpələrdir ki, Azərbaycan xalqı arasında onlara «yal» da deyilir. Zənnimizcə, «yallı» məfhumu da məhz bu mənadan doğub. Çünki yallı rəqsində əl-ələ verib oynayan adamlar bir növ çiyin-çiyinə durmuş dağları xatırladır. Heç də təsadüfi deyil ki, Gəncə şəhərindən 30 km. cənubda, dağlıq yerdə sıra ilə düzülmüş sarı qayalıq «Sarı yal» adlanır. Deməli, cərgəyə düzülərək dəstə ilə ifa olunan kütləvi rəqslərdən birinə Azərbaycan xalqı hələ qədim zamanlardan yallı adı verib. Çox vaxt xalq arasında bu rəqsə «el yallısı» da deyilir».
Bayram Hüseynli yallıların təsnifatını da verib. Bu təsnifat indiyə qədər musiqişünaslar və folklorşünaslar tərəfindən istifadə edilən yeganə bölgüdür. Belə ki, B.Hüseynli yallıların təsnifatını iki aspektdə - xoreoqrafik məzmunları və musiqi müşayiəti əsasında aparıb. Onun yanaşmasına görə, xoreoqrafik məzmun baxımından yallılar iki yerə bölünür. Bunlardan birincisi süjetli yallılardır ki, müəllif onları «oyun-yallı» adlandırır, onların xalq arasında «yallı-yallı» da adlanmasını qeyd edir. Bu növ yallılara «Köçəri», «Qaz-qazı», «Çöp-çöpü» rəqslərini misal göstərir. Məcmuədə ikinci növ yallılar «rəqs-yallı» adlandırılır: «İkinci növ yallılar isə, müəyyən əhval-ruhiyyəni, xüsusən qəhrəmanlığı, gümrahlığı, gəncliyi və cəldliyi ümumi şəkildə tərənnüm edən rəqs-yallılardır. Bu yallılara «Dönə yallı», «Siyaqutu», «Tənzərə», «Ürfanı» və qalan yallılar daxildir.
A.Əsgərov bildirir ki, Bayram Hüseynlinin yallı ilə bağlı maraq doğuran fikirlərindən biri də musiqi müşayiəti məsələsidir ki, bu məsələ bilavasitə yallıların ifaçılıq xüsusiyyətinə aiddir. Belə ki, müəllif yallıları musiqi müşayiətinə görə iki yerə bölür:
1. Mahnı müşayiəti ilə ifa olunan yallılar;
2. Musiqi müşayiəti ilə ifa olunan yallılar.
«Daha sonra B.Hüseynli yallı müşayiətinin bu iki növünün maraqlı izahını verir. Elmi baxımdan bu maraqlı təsnifata münasibət bildirərkən, qeyd etmək istəyirik ki, bizim də yallıların müşayiətinə dair təsnifatımız var.
B.Hüseynlinin daha bir fikri yallı rəqslərinin tarixini və ifaçılığını əlaqəli öyrənmək baxımdan çox maraqlıdır. Onun fikrincə, yallılar «ritmli küy» ilə də müşayiət olunur. «Ritmli küylə müşayiət bir neçə növ olur. Bura yallı gedərkən rəqqasların çəpik çalmasından, yanındakı rəqs yoldaşı ilə əl-ələ vurmasından, öz buduna vurmasından, ayaq döyməsindən, çırtma çalmasından alınan ritmli küylər, yallıda istifadə olunan atributların (çomaq, çubuq, qamçı və sairə) zərbindən alınan ritmli küylər və eləcə də tamaşaçıların əl vurmasından, çırtma çalmasından, ayaq döyməsindən alınan ritmli küylər daxildir»- deyə bildirən A.Əsgərov vurğulayır ki, beləliklə, B.Hüseynlinin «ritmli küy» adlandırdığı müşayiətin aşağıdakı növləri var:
- Yallı gedənlərin çəpik və ya çırtma çalması; rəqs yoldaşı ilə əl-ələ vurması; ayaq döyməsi;
- Tamaşaçıların çəpik və ya çırtma çalması, ayaq döyməsi,
- Atributların (çomaq, çubuq, qamçı və sairə) zərb ilə vurulması.
Fikrimizcə, yallı rəqslərini müşayiət baxımından 5 növə bölmək mümkündür:
1. Oxuma ilə (vokal) ifa olunan yallı rəqsləri;
2. Çalğı alətləri ilə (instrumental) ifa olunan yallı rəqsləri;
3. Oxuma və çalğı ilə birlikdə (vokal-instrumental) ifa olunan yallı rəqsləri;
4. Əl çalmaq və ya çırtma ilə (özünümüşayiət ilə) ifa olunan yallı rəqsləri.
5. Atributiv müşayiətlə ifa olunan yallı rəqsləri.
Müşayiət xüsusiyyətinə görə birinci qrupa daxil olan yallı rəqslərinə Naxçıvanda xalq arasında «dil yallı», «dil yallısı» da deyilir. İkinci (instrumental) müşayiət növünə aid olan yallılar istisna olmaqla, digər müşayiət növləri ilə ifa olunan yallılar «mahnı-rəqs» səciyyəsi daşıyır. Başqa sözlə, bu yallıları «mahnı-rəqs» və ya «mahnı rəqsləri» ümumi adı altında birləşdirmək mümkündür. Çünki belə müşayiətlərə malik olan yallı nümunələri musiqi folklorunun iki janr xüsusiyyətini özündə birləşdirir: mahnı və rəqs. Bu baxımdan, B.Hüseynlinin «mahnı müşayiəti ilə ifa olunan yallılar» fikri də maraq doğurur. Belə ki, «mahnı-rəqs» kimi ifa olunan yallılara artıq mərasim sinkretizminin qədim nümunələri kimi yanaşılmasını təklif edirik: «Yallıların ifaçılıq aspektini araşdırdıqda belə nəticəyə gəlirik ki, tarixi baxımdan ən qədim müşayiət forması əl çalmaq, çırtma çalmaq və atributlar ilə müşayiətdir. Belə ki, istər qədim mərasim mahnılarının və rəqslərinin, istərsə də yallıların ifası zamanı musiqi alətləri ilə müşayiət nisbətən sonrakı əsrlərin məhsuludur. Mərasim icrasında ən qədim müşayiətedici alət insan əlləri olub. Atributlarla müşayiət isə xalqın əmək məşğuliyyətinin və məişət həyatının təsiri ilə meydana gəlib. Belə ki, musiqi folkloru xalqın mərasimlərilə, xalqın əmək fəaliyyəti, məişəti və həyat tərzi ilə bağlı şəkildə yaşayıb və inkişaf edib. Bu baxımdan yallıların ifasında çomaq, qamçı, çubuq, tas, küp, dolab kimi əmək və məişət vasitələrindən istifadə olunması yallıların tarixi qədimliyinə və etnomədəni mahiyyətinə dəlalət edir: «Bayram Hüseylinin məcmuəsində yer alan yallı nümunələri aşağıdakılardır: 1. Dönə yallı; 2.Hağışda; 3. Üçayaq yallı (Ordubad variantı); 4. Leninakanı; 5. Siyaqutu; 6. El yallısı (Ağdam variantı); 7. Köçəri; 8. Çınq-çınq; 9. Yeravanı; 10. İkiayaq yallı; 11. Üçayaq yallı (Noraşen variantı); 12. Qaladan qalaya; 13. Tənzərə (Ordubad variantı); 14. Tənzərə (Noraşen variantı); 15. Gopu; 16. Ürfanı; 17. Qaleyi; 18. Ləyli xanı; 19. Hoynare; 20. Güleynare; 21. Nənüke; 22. Qaz-qazı (Oyun-yallı); 23.Kürdün ağırı; 24.Çöp-çöpü; 25. Ciran-ciran. Bu nümunələrdən «El yallısı» (Ağdam variantı), «Üçayaq yallı» (Noraşen variantı), «Tənzərə» (Noraşen variantı) yallıları istisna olmaqla, digər nümunələr məhz Naxçıvan ərazisində ifa olunan yallılardır. Qeyd edək ki, Azərbaycanın bölgələrində yallı rəqsləri ad, melodiya, ifa variantları ilə geniş yayılıb. Variantlılıq yallı rəqslərinin əsas yaşama və yayılma xüsusiyyətlərindən biridir. Bu baxımdan, Naxçıvan yallılarının istər Naxçıvan ərazisində, istərsə də Azərbaycanın digər bölgələrində variantlı şəkildə mövcud olması elmi baxımdan maraq doğurur. Belə ki, bu variantlılıq yallı rəqslərinin ifaçılıq, melodiya, ad baxımından müxtəlif və zəngin olduğunu təsdiqləyən faktlardan biridir. Digər tərəfdən, yallı rəqslərinin variantlılığı onların Naxçıvanda yayılan yallı nümunələrinin etnomusiqi xəritəsini və dialekt növlərini müəyyən etməyə əsas verir. Bayram Hüseynlinin bu məcmuəsi yallı rəqslərinin, musiqi folklorunun tədqiqatçıları üçün bu gün də nəzəri və praktik əhəmiyyət kəsb edir. Məcmuəyə daxil olan yallı nümunələrinin ifaçılıq təhlili müasir musiqişünaslıq elminin qarşısında dayanan vəzifələrdən biridir. Müəllifin bu yallılar haqqında fikir və məlumatlarını yüksək qiymətləndirərək, qeyd edirik ki, bu nümunələrin ifaçılıq aspekti kompleks və sistemli yanaşma tələb edir. Belə ki, yallı sinkretik mədəniyyətdir, buna görə də bir çox ifaçılıq komponentlərini-təfsir, üslub, melodiya, intonasiya, məqam, ritm, söz, müşayiət - özündə ayrılmaz vəhdət şəklində ehtiva edir. İkincisi, yallı rəqslərinin tarixi-mədəni kökləri məhz Azərbaycan mərasim mədəniyyətinə daxildir.
Yallıların mərasim mədəniyyətindən ayrı öyrənilməsini elmi-metodoloji baxımdan mühüm və düzgün yanaşma hesab edirik. Yallı-mərasim əlaqələrinin isə bir çox istiqamətləri var: yallı və mifologiya; yallı və dünyagörüşü; yallı və etnomədəni sistem; yallı və musiqi təfəkkürü; yallı və ifaçılıq».
Alim yazır ki, bütün bu amilləri nəzərə alaraq, B.Hüseynlinin «Azərbaycan xalq rəqs melodiyaları» məcmuəsinə daxil olan yallı nümunələrinin tədqiq və təhlilinə müasir musiqişünaslığın yeni yanaşma metodologiyasını vacib hesab edirik.
Ardı var...
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



Son xəbərlər