19/11/2018 18:27
728 x 90

Tarix və diyarşünaslıq muzeyləri - yaşayan tariximizin təkrarsız ünvanı...

img

Tarix və diyarşünaslıq muzeyləri xalqımızın qədimlərdən üzü bəri formalaşan tarixi mədəniyyətinin qorunduğu, mühafizə edildiyi, təbliğ olunduğu məkanlardır. Azərbaycanın elə bölgəsi yoxdur ki, orada tariximizin izlərini yaşadan maddi-mənəvi, tarixi-mədəni abidələrimizin qorunduğu tarix və diyarşünaslıq muzeyləri olmasın. Bu muzeylərdə o bölgələrə xas olan mədəniyyət elementləri saxlanır.
Bilirik ki, qədim insan yaşayış məskəni olan Azərbaycan torpağında çox zəngin bir mədəniyyət də yaranaraq formalaşıb. Biz tariximizin bir sıra açılmayan qatlarına arxeoloji qazıntılar zamanı üzə çıxarılan maddi sərvətlər vasitəsilə bələd oluruq.
Layihə çərçivəsində bu muzeylər haqqında araşdırma aparıb oxucularımızı tarix və diyarşünaslıq muzeyləri ilə tanış etmək istəyirik.

Tarix və diyarşünaslıq muzeylərimiz....

Abşeron rayonu Tarix-Diyarşünaslıq Muzeyi Xırdalan şəhərində yerləşir. Ağdam Tarix-Diyarşünaslıq Muzeyi Ağdam rayonu Qaradağlı kəndində yerləşir. Ağdaş rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Ağcabədi rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Astara rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Ağstafa rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Ağsu rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Azərbaycan Dövlət Din Tarixi Muzeyi, Beyləqan rayonu Tarix-Diyarşünaslıq Muzeyi,
Bərdə rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Biləsuvar rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyi (muzeyə 19 minə yaxın eksponat toplanıb. 1993-cü ilin dekabrında muzey Bakıda, İstiqlal Muzeyinin fondunda yerləşdirilib), Cəlilabad rayonu Tarix-Diyarşünaslıq Muzeyi,
Daşkəsən rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Füzuli Tarix-Diyarşünaslıq Muzeyi (hazırda rayon Ermənistan tərəfindən işğal olunduğu üçün müvəqqəti olaraq Bakı şəhərində yerləşir. Muzeydə Füzuli rayonunun təbiətini və tarixini əks etdirən 9 mindən çox eksponat toplanıb. 1993-cü il iyul-avqust aylarında rayonun erməni işğalına məruz qaldığı bir vaxtda muzey eksponatlarının 7 minə yaxını çıxarılaraq Bakıda «İstiqlal» muzeyinə yerləşdirilib), Gəncə Tarix-Diyarşünaslıq Muzeyi, Göygöl rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Goranboy rayonu Tarix-Diyarşünaslıq Muzeyi,
Gədəbəy rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Göyçay rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Hacıqabul rayonu Tarix-Diyarşünaslıq Muzeyi, İsmayıllı rayonu Tarix-Diyarşünaslıq Muzeyi, İmişli Tarix-Diyarşünaslıq Muzeyi, Kürdəmir rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Lerik rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Lənkəran rayonu Tarix-Diyarşünaslıq Muzeyi,
Masallı rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Mingəçevir şəhərinin Tarixi Muzeyi, Naxçıvan MR Kəngərli rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Naxçıvan MR Şahbuz rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Naxçıvan MR Sədərək rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Naxçıvan MR Babək rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Naxçıvan MR Culfa rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Naxçıvan MR Ordubad rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Naftalan Tarix-Diyarşünaslıq Muzeyi,
Neftçala rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Lahıc Tarix-Diyarşünaslıq Muzeyi, Qax rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Qusar rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Quba rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Qazax rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Qubadlı rayonu Tarix-Diyarşünaslıq Muzeyi
(hazırda rayon Ermənistan tərəfindən işğal olunduğu üçün müvəqqəti olaraq Sumqayıt şəhərində yerləşir. İşğaldan sonra muzeyin fonduna 600-dən çox eksponat toplanıb), Qəbələ rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Salyan rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Saatlı rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Sumqayıtın Tarixi Muzeyi, Sabirabad rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Şirvan Tarix-Diyarşünaslıq Muzeyi,
Şabran rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Şuşa şəhərinin Tarixi Muzeyi (Şuşa Tarix Muzeyində XX əsrə qədər dövrləri əhatə edən müxtəlif əşyalar, ləvazimatlar daxil olmaqla 5 mindən yuxarı eksponat olub. Erməni işğalı ilə əlaqədar olaraq hazırda fəaliyyət göstərmir), Şəmkir rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Şəki Xalq Tətbiqi Sənəti Muzeyi,
Şəki rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Şamaxı rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Tovuz rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Tərtər rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Ucar rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Xankəndi Tarix-Diyarşünaslıq Muzeyi (Muzeydə Xankəndi şəhərinin təbiətini və tarixini əks etdirən eksponatlar toplanıb. Hazırda şəhər Ermənistan tərəfindən işğal olunduğu üçün müvəqqəti olaraq fəaliyyət göstərmir), Xaçmaz rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Xoylu Tarix-Diyarşünaslıq Muzeyi, Yaloba Tarix-Diyarşünaslıq Muzeyi (Xocalı şəhərində yerləşirdi. Şəhər Ermənistan tərəfindən işğal olunduğu üçün müvəqqəti olaraq fəaliyyət göstərmir), Yardımlı rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Yevlax rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Zərdab rayonu Tarix-Diyarşünaslıq Muzeyi, Zaqatala rayonu Tarix-Diyarşünaslıq Muzeyi özündə Azərbaycan tarixinin müxtəlif mərhələlərini əks etdirir.

Saatlıda yeni muzey və rəsm qalereyası...

Qeyd edək ki, 2012-ci ildə İlham Əliyevin iştirakı ilə Saatlıda Tarix-Diyarşünaslıq Muzeyi və Rəsm Qalereyasının yeni binasının açılışı olub.
Azərbaycan dövlətinin mədəniyyət siyasətinin tərkib hissəsi olan muzeylərə qayğı məsələsi özünü doğruldur. Dövlət səviyyəsində muzeylərin, xüsusən də bölgələrdə yerləşən diyarşünaslıq muzeylərinin hərtərəfli inkişafına böyük önəm verilir. Azərbaycan qədim və zəngin maddi-mədəniyyət abidələrinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə tarix-diyarşünaslıq muzeylərinin fəaliyyəti xüsusi məna daşıyır. Saatlı rayon Tarix-Diyarşünaslıq Muzeyi də qədim maddi-mədəniyyət abidələrinin qorunmasına xidmət edir. Muzeyin rayonun Heydər Əliyev parkının ərazisində tikilən, ümumi sahəsi 917 kvadratmetr olan binası xüsusi dizaynla inşa olunub. Binanın həyətində qədim dövrdə Saatlı ərazisində yaşamış insanların məişət əşyalarından və əmək fəaliyyətindən bəhs edən guşələr qurulub. İkimərtəbəli binanın digər xüsusiyyəti isə burada Rəsm Qalereyasının yaradılmasıdır. Binanın ikinci mərtəbəsindəki qalereya bütün lazımi avadanlıqla təchiz olunub. Yeni bina bütün lazımi kommunikasiya xətləri və müvafiq avadanlıqla təchiz olunub. Binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rayona səfərlərindən bəhs edən fotoguşələr yaradılıb.
Birinci mərtəbədə yerləşən Tarix-Diyarşünaslıq Muzeyi arxeologiya, etnoqrafiya, mədəniyyət, ideoloji və təsviri sənət bölmələrindən ibarətdir. Arxeologiya bölməsində Saatlı ərazisində tapılan və eramızdan əvvəl III minilliyə aid müxtəlif məişət əşyaları nümayiş olunur. Burada Kür-Araz mədəniyyətindən başlayaraq orta əsrlər dövrünədək istifadə olunan məişət əşyaları da sərgilənir. Müxtəlif tarixi formasiyalar zamanı əhali tərəfindən istifadə edilən pullardan ibarət numizmatika guşəsi də böyük maraq doğurur.
Muzeyin etnoqrafiya bölməsində XIX-XX əsrlərdə saatlıların həyat tərzini və məişətini əks etdirən eksponatlar yer alıb. Dəmirçi və dulusçu emalatxanalarının, evlərin kiçik maketləri əhalinin qədim dövrlərdə yaşayış tərzini əks etdirir. Mədəniyyət bölməsində müxtəlif sənət əsərləri, xüsusilə də xalçaçılığa aid nümunələr, bəzək əşyaları sərgilənir. İdeoloji bölmədə isə Azərbaycan tarixi, görkəmli şəxsiyyətlər və dövlətçiliyimizə həsr olunan filmlər nümayiş olunur. Muzeydə eksponatların bərpası və qorunması məqsədilə ayrıca fond-bərpa otaqları da yaradılıb.
Binanın ikinci mərtəbəsində yerləşən Rəsm Qalereyasına baxan dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, burada geniş məkanda müxtəlif janrlarda çəkilmiş rəsm əsərləri nümayiş etdirilir. Əsasən yerli rəssamların əsərlərinin sərgiləndiyi Rəsm Qalereyasında heykəltəraşlıq nümunələri də yer alıb. Qalereyada ayrıca konfrans zalı, fond və digər texniki otaqlar da var.

Gəncənin Diyarşünaslıq Muzeyi

Azərbaycan bölgələrində fəaliyyət göstərən diyarşünasılıq muzeylərindən biri də Nizami Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq Muzeyidir. Gəncə şəhərində yerləşən ən böyük və qədim muzeyin əsası 1924-cü ildə qoyulub. Məlumatlara görə, hazırda muzeydə 30.000-dən çox eksponat saxlanır.
Muzeyin yerləşdiyi bina XIX əsrdə tikilib. Bu bina Cavad xanın nəticələri İsmayıl xan və Adil xan Ziyadxanovların şəxsi mülkü olub. Adil xan və İsmayıl xan Ziyadxanovlar Cavad xanın nəvəsi Əbülfət xan Ziyadxanovun oğulları idi. Adil xan ADR dövründə Azərbaycanın İrandakı səlahiyyətli nümayəndəsi olub, ADR-in süqutundan sonra isə Türkiyəyə mühacirət edib.
Gəncənin milis rəisi olan İsmayıl xan isə 1920-ci ildə istintaqsız, məhkəməsiz güllələnib. Onların şəxsi mülkü olan bina da zadəgan ailələrinə məxsus bir çox binalar kimi ictimailəşdirilib. Sovet dövründə burada bir çox idarə və təşkilatlar yerləşib. 1972-ci ildən bina Gəncə Tarix-Diyarşünaslıq Muzeyinə verilib.

Muzeyin tarixi

1924-cü ildə muzeyin yaradılmasında Gəncə Semnariyasının müəllim və tələbələrindən İ. Cəfərzadə, S. Seyidov, C. Rəfibəyov, F. Məlikov və başqaları fəal iştirak ediblər. İlk illər muzey 2 şöbədən ibarət olub: diyarşünaslıq və kənd təsərrüfatı, muzeyin 500-dən çox eksponatı mövcud idi.
1927-ci ildə Xanlarda (indiki Göygöl rayonu) alman arxeoloq Y. İ. Hümmel arxeoloji qazıntılar aparıb. O, tapılan eksponatların bir hissəsini Xanlar Diyarşünaslıq Muzeyinə təhvil verib, digər bir hissəsini isə öz vətəninə göndərməyə nail olub. 1961-ci ildə Xanlar və Gəncə muzeyləri birləşdirilib. 1954-cü ildə muzey Gəncə şəhəri, Əzizbəyov 260 ünvanında yerləşən binaya köçürülüb. Həmin vaxtlar muzey 7 böyük zaldan ibarət olub və 3 şöbəyə bölünüb: təbiətşünaslıq, inqilabaqədərki dövr və sovet dövrü tarixi. 1972-ci ildə muzey indi yerləşdiyi Ziyadxanovlar mülkü binasına köçürülüb.

Muzeyin ekspozisiyası...

Hazırda muzeyin 30 mindən çox eksponatı var. Muzeyin ekspozisiyasında Gəncənin ən qədim dövrlərindən başlamış son zamanlara qədər olan tarixi, arxeoloji tapıntı nümunələri, maddi-mədəniyyət abidələri, etnoqrafik, epiqrafik, numizmatik nümunələri 18 salonda nümayiş etdirilir.
Muzeyin əsas fondunda 24785 eksponat var. Onlardan 4483 arxeologiya, 1648 ədədi etnoqrafiya, 392 rəssamlıq, 9 heykəltəraşlıq, 2753 fotoşəkil, 9259 sənəd, 3441 numizmatika sahələrinə aiddir. 972 kv. m. sahəsi olan muzey salonları hazırda iki şöbədən ibarətdir: qədim dövr və müasir dövr şöbələri.
Qədim dövr şöbəsi Azərbaycanın ən qədim zamanlarından XIX əsrin sonlarınadək olan tarixini əks etdirir. Gəncə yaxınlığından tapılmış tunc təbərzin və onun düzəldilməsi üçün istifadə olunmuş daş qəlib muzeyin eksponatları sırasına daxildir. Həmçinin muzeyin ekspozisiyasında e. ə. II minilliyə aid boyu 2 m. 20 sm. olan qadın skleti və onunla bərabər basdırılmış bəzək və məişət əşyaları nümayiş olunur. Muzeydə VII əsrə aid olan Qafqaz Albaniyası hökmdarına məxsus qəbirüstü abidə saxlanır.
Bunlardan başqa, muzeyin ekspozisiyasına Qafqaz Albaniyası dövrünə aid gümüş qadın tacı, Nizami Gəncəvinin qəbrində aşkarlanmış çıraqlar, Gəncə xalçaçılıq məktəbinə məxsus xalça nümunələri, Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid sikkələr, zərgərlik nümunələri, müxtəlif dövrlərə aid saxsı nümunələri, metalişləmə nümunələri, Gəncə xanlığının bayrağı da daxildir.
Ardı var...
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



Son xəbərlər