19/11/2018 16:12
728 x 90

Milli müəllimlər yetişdirən təhsil məbədi - Qazax Müəllimlər Seminariyası...

img (Əvvəli ötən sayımızda)

Yazı müəllifi bildirir ki, Qazax Müəllimlər Seminariyasının rəsmi açılışı 1918-ci il noyabrın 10-da olub və həmin gündən dərslər başlanıb. Bu haqda "Azərbaycan" qəzetinə Qazax ziyalısı Əli Hüseynov ətraflı məlumat ünvanlayıb. Qəzetdə dərc edilmiş məlumatda bildirilirdi ki, seminariyanın açılışında şəhərin hərbi komendantı Səbri bəy, Qazaxdakı Osmanlı qarnizonunun rəisi Camal Cahid bəy, qəza rəisi Halay bəy Şıxlınski, xalq məktəbləri müfəttişi Nəsib ağa Qiyasbəyli və yerli hökumət idarələrinin məmurları, şəhərin hörmətli şəxsləri, seminariyaya yeni qəbul edilmiş şagirdlərin valideynləri iştirak edib.
Açılışda birinci çıxış edən seminariyanın ilahiyyat müəllimi İbrahim əfəndi Qayıbov Quran ayələri oxuyub, pedaqoji təhsilin əhəmiyyəti və gənc dövlətimiz üçün onun vacibliyini qeyd edib. Səbri bəy Qazax ictimaiyyətini və seminariyaya yeni qəbul edilmiş şagirdləri təbrik edib, bu təhsil ocağının xalq kütlələrinə nurlu ideyalar çatdıracaq yorulmaz mübarizlər hazırlayacağına inandığını bildirib.
Camal bəy də öz qısa, lakin duyğulu çıxışında seminariyaya daxil olmuş gəncləri Vətənin rifahı naminə səylə çalışmağa, biliklərə yiyələnməyə çağırıb. Qeyd edib ki, Vətən təkcə sivri qılıncla deyil, həm də zəka ilə, ağılla qorunur.
Sonda çıxış edən seminariyanın direktoru Firudin bəy Köçərli bildirib ki, Cənubi Qafqaz Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi uzun müddət ərzində yad mühitdə, Gürcüstanın mərkəzi hissəsində fəaliyyət göstərməsinə baxmayaraq, öz milli keyfiyyətlərini tam şəkildə qoruyub saxlaya bilib, xalq məktəbləri üçün çoxlu sayda müəllim kadrları hazırlayıb. Firudin bəy Azərbaycan şöbəsinin müstəqil seminariyaya çevrilməsi və Qazax şəhərinə köçürülməsinin böyük əhəmiyyətini vurğulayaraq, doğma zəmində bu təhsil ocağının fəaliyyətini daha da gücləndirəcəyini, xalqın mənəvi gerilikdən azad olması işinə böyük töhfələr verəcəyini əminliklə bəyan edib.
Seminariya direktorunun Xalq Maarif Nazirliyinə ünvanladığı raportda 1918-ci il noyabrın 8 və 9-da keçirilmiş qəbul imtahanlarının nəticələri bildirilib. Raportdan aydın olur ki, qəbul olunmaq üçün müraciət etmiş 42 şagirddən 35-i imtahanları müvəffəqiyyətlə verərək seminariyada oxumaq haqqı qazanıb. Seminariyaya ilk qəbul edilən bu şagirdlərdən biri - Səməd Yusif oğlu Vəkilov gələcəkdə Azərbaycanın görkəmli şairi olan Səməd Vurğun idi.
1919-cu ildə seminariyaya qəbul olunmaq istəyənlər daha çox idi. Dövlət hesabına oxumaq üçün ayrılmış 8 yerə 40 ərizə verilmişdi. Qəbul edilməyən şagirdlərin valideynləri həmin vaxt Qazaxda keçirilən kəndli qurultayında iştirak etmək üçün gəlmiş Azərbaycan parlamenti üzvləri Əhməd bəy Pepinov, Hacı Kərim Sanıyev və Səməd ağa Ağamalıoğludan kömək istədilər. Parlament üzvlərinin müraciətinə cavab olaraq seminariyanın direktoru bildirib ki, o, ömrünü pedaqoji işə həsr etmiş qocaman müəllim kimi hamının təhsil almasını istəyir. Lakin seminariyanın binası bütün arzu edənləri qəbul etməyə uyğun deyil. Seminariya, yuxarıda qeyd edildiyi kimi, Məşədi İbrahim Hacı İsmayıl oğlunun malikanəsində fəaliyyətə başlamışdı. Yaşayış üçün nəzərdə tutulmuş bu binada çətinliklə 60 nəfərin oxuması mümkün idi. Buna baxmayaraq, seminariyada xəzinə hesabına təhsil alan 60 şagirddən əlavə, yeni qəbul edilmiş 5 şagird də öz hesabına oxuyur və pansionatda qalırdı. Yeni qəbul edilmiş daha 11 şagird də dərslərdə iştirak edir və evlərinə gedirdilər. Beləliklə, 1919-1920-ci tədris ilində seminariyada 76 şagird təhsil alırdı və həmin il birinci buraxılış olmalı idi.

Firudin bəy nəyi hökumətdən xahiş edib?

Teymur müəllimin qeydlərinə görə, Firudin bəy Köçərli parlament üzvlərinə bu məlumatları verdikdən sonra onlardan xahiş edib ki, Qazax Müəllimlər Seminariyası üçün yeni böyük bina tikilməsi məsələsinin həllini sürətləndirsinlər":Xalq Maarif Nazirliyi respublikada fəaliyyət göstərən müəllimlər seminariyalarının imkanlarının məhdudluğundan xəbərdar idi. Nazirliyin 1919-cu ilin oktyabr ayında Azərbaycan Parlamentinə ünvanladığı "Tədris müəssisələrinin açılması haqqında qanun layihəsinə izahat qeydi" adlı sənəddə ölkə ərazisində cəmi 3 müəllimlər seminariyasının fəaliyyət göstərdiyi və onların da hər il ən çoxu 50 müəllim hazırladığı əks olunub. Müqayisə üçün qeyd etmək lazımdır ki, Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini mövcud olduğu 40 ilə yaxın müddət ərzində 250-yə qədər müəllim bitirmişdi.
1919-cu il oktyabrın 17-də Qazax general-qubernatoru Əmir xan Xoyski seminariyada ümumi vəziyyətlə tanış olub. O, bütün sinifləri gəzərək dərslərdə iştirak edib, şagirdlərin milli ədəbiyyat, tarix və pedaqogika fənlərinə necə yiyələnməsi ilə tanış olub. Qubernator aşağı hazırlıq sinfi şagirdlərinin oxuduqları milli mahnını dinləyib, yataq otaqlarına və yeməkxanaya da baş çəkib. Sonda seminariyada tədris işini nümunəvi təşkil etdikləri üçün müəllim heyətinə minnətdarlığını bildirib.

20-yə yaxın qadın müəllim seminariyanın dinləyicisi olub

Alimin yazdıqlarına görə, Xalq Maarif Nazirliyi Qazax Müəllimlər Seminariyasının potensialından qısamüddətli pedaqoji kurslar təşkilində də istifadə edirdi. Nazirlik Qazaxda və qonşu bölgələrdə milli məktəblərdə çalışmaq üçün müəllim hazırlamaq və onların peşə hazırlığı səviyyəsini yüksəltmək məqsədilə 1919-cu ilin yayında seminariyanın nəzdində pedaqoji kurs təşkil edib. Kursun dinləyiciləri arasında kişi müəllimlərlə yanaşı, 20-dən çox qadın müəllimə də olub.
Qazax Müəllimlər Seminariyasında yaradıldığı zamandan başlıca olaraq milli kadrlar çalışırdı. Seminariyanın direktoru F.Köçərli və kargüzar A.Vəkilovun imzaları ilə Xalq Maarif Nazirliyinə göndərilmiş 1 aprel 1919-cu il tarixli məlumatdan aydın olur ki, bu təhsil ocağında çalışan müəllim və texniki işçilərin, demək olar ki, hamısı azərbaycanlıdır. Məlumatda qeyd edilib ki, seminariyanın direktoru F.Köçərli 1897-ci ildən pedaqoji sahədə çalışır və aylıq maaşı 1095 manat 83 qəpikdir. İlahiyyat müəllimi İbrahim əfəndi Qayıbov 1911-ci ildən pedaqoji fəaliyyətdədir və aylıq maaşı 715 manatdır. Rus dili müəllimi İsfəndiyar Vəkilov (aylıq maaşı 815 man.), türk ədəbiyyatı və metodika müəllimi Yusif Qasımov (aylıq maaşı 845 man), riyaziyyat müəllimi Məhəmməd Hüseynzadə (aylıq maaşı 811 man.), tarix və coğrafiya müəllimi Əli Hüseynov (aylıq maaşı 845 man.) seminnariyada 20 oktyabr 1918-ci ildən çalışırdılar. Gimnastika müəllimi M.Mustafayev (aylıq maaşı 250 man.), nəğmə və musiqi müəllimi Georgi Lyapin (aylıq maaşı 208 man.), qrafika sənəti və rəsm müəllimi M.Həsənov 1 dekabr 1918-ci ildən işləməyə başlayıblar. Seminariyanın feldşeri Məcid Vəkilov və daha 8 texniki işçi 1918-ci ilin oktyabr-noyabr aylarında işə götürülüb. Xalq maarif nazirinin 25 oktyabr 1919-cu il tarixli əmrilə Qazax qəzasında kənd həkimi işləyən S.N.Tsinamzqvarov və Qazaxda ikisinifli məktəbdə müəllim işləyən Həsən Bəsri Musazadə Qazax Müəllimlər Seminariyasına təyinat aldılar. S.N.Tsinamzqvarov seminariyaya həkim, H.B.Musazadə nəğmə müəllimi təyin edilib.
1919-cu il dekabrın 1-də isə Xalq Maarif Nazirliyi Türkiyədən dəvət edilmiş müəllimləri - Bəhri Mühiddini və Nurulla əfəndini də Qazax Müəllimlər Seminariyasına müəllim təyin edib. Nazirlik Nurulla əfəndinin Qazaxda normal yaşayıb işləməsi üçün müvafiq şərait yaradılması məqsədilə 3596 manat vəsait ayırıb.
Beləliklə, Qazax Müəllimlər Seminariyasının müəllim kollektivi 1919-cu ilin sonunda tamamilə azərbaycanlı və Türkiyədən dəvət edilmiş mütəxəssislərdən ibarət olub. Bu, seminariyanın direktoru F.Köçərlinin 1919-cu il dekabrın 8-də Xalq Maarif Nazirliyinə göndərdiyi seminariyanın şəxsi heyəti haqqında aşağıdakı məlumatdan da aydın görünür:
1. Seminariyanın direktoru F.Köçərli - 1885-ci ildə Cənubi Qafqaz Müəllimlər Seminariyasını bitirib.
2. İlahiyyat müəllimi İ.Qayıbov - 1911-ci ildə Tiflisdə sünni müsəlmanları ruhani məktəbini bitirib.
3. Türk dili müəllimi Y.Qasımov - 1917-ci ildə Cənubi Qafqaz Müəllimlər Seminariyasını bitirib, 1918-ci ildə Tiflisdə Aleksandrovsk Müəllimlər İnstitutunda tarix üzrə 1-ci kursun dinləyicisi olub.
4. Riyaziyyat müəllimi M.Hüseynzadə - 1917-ci ildə Cənubi Qafqaz Müəllimlər Seminariyasını bitirib.
5. Tarix və coğrafiya müəllimi Əli Hüseynov - kurs bitirib və 1901-ci ildən müəllim işləyir (Əli əfəndi Hüseynov 1901-ci ildə Cənubi Qafqaz Müəllimlər Seminariyasını bitirib - T.B.).
6. Hazırlıq sinfi müəllimi M.Vəlizadə - 1889-cu ildə Cənubi Qafqaz Müəllimlər Seminariyasını bitirib.
7. Rus dili müəllimi İ.Vəkilov - 1907-ci ildə Cənubi Qafqaz Müəllimlər Seminariyasını bitirib.
8. Nəğmə müəllimi Həsən Bəsri - İstanbul Darülmüəllimini - Müəllimlər Seminariyasını bitirib, 1919-cu ilin oktyabr ayında nazirliyin əmrinə əsasən Qazax Müəllimlər Seminariyasında işləməyə başlayıb.
Xalq Maarif Nazirliyi həmin dövrdə Qazax Müəllimlər Seminariyasını ana dilində dərslik və dərs ləvazimatı ilə təmin etmək üçün də tədbirlər görürdü. Nazirliyin dəftərxanasında olan qeydə görə, 1919-cu il dekabrın 7-də F.Köçərliyə 20 ədəd "Ədəbiyyat dərsləri", 10 ədəd "Müntəxəbat" kitabı verilib. Nazirliyin dəftərxanasında saxlanan 1920-ci il yanvarın 6-na aid məlumatda isə Qazax Müəllimlər Seminariyasının direktoruna 4282 man. 90 qəp. dəyərində türk dilində dərslik və kitablar verildiyi göstərilib.

Seminariyaya yardımlar...

Akademikin yazdıqlarına görə, Qazax qəzasının imkanlı şəxsləri seminariyanın normal fəaliyyət göstərməsi üçün yardımlarını davam etdirirdilər":Seminariyanın hesabına böyük həcmdə vəsait keçirmiş qazaxlı tacir Nəsib Əyyubov bu xeyriyyəçilik fəaliyyətinə görə xalq maarif nazirinin 27 iyul 1919-cu il tarixli, 223 saylı əmri ilə seminariyanın fəxri hamisi təyin edilmişdi.
Bu yardımlar seminariyanın fəaliyyətini qismən genişləndirməyə imkan verdi. 1919-20-ci dərs ilinin əvvəlində seminariyada aşağı hazırlıq sinfi yaradıldı. Nazirliyin 9 sentyabr 1919-cu il tarixli əmri ilə Mirzə Mehdi Nəbi əfəndi oğlu Vəlizadə həmin sinfə müəllim təyin edildi".
Qazax Müəllimlər Seminariyasının fəaliyyətinə qısa da olsa nəzər saldıq. Qüdrətli şəxsiyyətlərin və Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin elmə, təhsilə qayğısı sayəsində açılan, formalaşan bu seminariyanın xalqımızın elm-təhsil tarixində yeri özəldir. O təhsil müəssisəsi olmasaydı, bu sahə kasıb görünərdi. Onun yetirmələri Azərbaycanın elm tarixinə çox böyük xidmətlər göstərib və xalqa, dövlətə xidmət ediblər.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər