23/02/2019 05:40
728 x 90

Nəsimidə aptek oğruları ələ keçdi - FOTO

img

Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin canlı qüvvə və texniki vasitələri ilə qorunan obyektlərin, eləcə də xüsusi mülkiyyətlərin təhlükəsizliyi 24 saat etibarlı şəkildə qorunur. Bunu sübut edən hadisələrdən daha biri ötən gecə Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 16-da qeydə alınıb. Belə ki, həmin ünvanda yerləşən aptekdə oğurluğun qarşısı mühafizə polisləri tərəfindən vaxtında çevik reaksiya göstərilərək alınıb. Polislərin operativliyi nəticəsində obyektə külli miqdarda ziyan vurulmasına imkan verilməyib.

Belə ki, gecə saat 04:22 radələrində Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan həmin aptekdən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Dərhal hadisə yerinə yaxınlaşan Nəsimi Mühafizə İdarəsinin əməkdaşları, polis serjantları Elmin Rəhimov və Adil Əliyev aptekin kassasından oğurluq etmək istəyən şəxsi tuta bilib. Saxlanan zaman onun üzərində axtarış aparılarkən həmin şəxsdən kəsici alətlər və hadisə zamanı aptekin qapısını qırmaq üçün istifadə etdiyi dəmir parçası aşkar olunaraq götürülüb. Oğurluq etmək istəyən şəxs daha sonra ərazi üzrə 19-cu Polis Şöbəsinə təhvil verilib. Şöbədə araşdırma zamanı oğurluğa cəhd göstərən şəxsin paytaxt sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Anar Rəşidzadə olduğu məlum olub.

Qeyd edək ki, saxlanan şəxsin aptekə oğurluq niyyəti ilə daxil olması və mühafizə polisləri tərəfindən saxlanması obyektin təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktla bağlı A.Rəşidzadə barəsində araşdırmalar davam etdirilir. Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə,  Nəsimi RPİ və ya  19-cu PŞ-nə müraciət edə bilər.

Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi bir daha əhalini əmin edir ki, Mühafizə Polisinə etibar edərək onlara müqavilə bağlayan istənilən şəxsin xüsusi mülkiyyəti və obyekti günün hər bir saatı etibarlı şəkildə qorunur.

Son xəbərlər