12/12/2017 04:56
728 x 90

DİN, Gömrük Komitəsi və Sərhəd Xidməti İrandan gətirilən narkotik yükünün izinə birlikdə düşdü və…

img

Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin ölkə ərazisində realizə olunacağı barədə əməliyyat məlumatı daxil olub.

DGK Mətbuat Xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, həmin məlumat əsasında Bakı şəhərinin Binəqədi rayonu ərazisində Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birgə əməliyyat tədbirləri keçirilib. Nəticədə, narkotik vasitənin alqı-satqısını reallaşdırmaq üçün əraziyə gələn Elxan Əfrail oğlu Şirinov 5 ədəd bağlamada, ümumi xalis çəkisi 4930 qram olan həşiş qətranını şərti alıcıya satmaq istəyərkən saxlanıb.

Bundan başqa, Elxan Əfrail oğlu Şirinovun üzərinə baxış keçirilərkən gödəkçəsinin cibində 1 ədəd bükümdə, xalis çəkisi 0,634 qram olan həşiş qətranı aşkar olunub.

İstintaqla müəyyən edilib ki, Elxan Əfrail oğlu Şirinov 2017-ci il noyabrın əvvəllərində külli miqdarda narkotik vasitəni satış məqsədilə əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçirmək barədə İran İslam Respublikasında və Azərbaycan Respublikasında adları hələlik istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib. O, sözügedən şəxslər tərəfindən Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilən, ümumi xalis çəkisi 4930,634 qram olan həşiş qətranını Bakı şəhərinin Qaradağ rayonu ərazisindəki "Binə" ticarət mərkəzinin yaxınlığında əldə edib.

Beləliklə, Elxan Əfrail oğlu Şirinov şübhəli şəxs qismində tutulub, təqsirləndirilən şəxs qismində cəlb edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham edilib və barəsində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər