18/03/2019 18:40
728 x 90

Prezidentin sosial siyasət paketinin davamı – qanunsuz tikililərin sənədləşdirilməsi “yerindən tərpəndi”…

“Hazırlanacaq konsepsiya, əvvəlki dövrlərdə qəbul edilən qərarlardan fərqli olaraq, problemin əhəmiyyətli hissəsinin həllinə şərait yaradacaq”

img

Rəşad Həsənov: “… qanuna uyğun olmayan formada tikilmiş mənzillərin köçürülməsi…”

 

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı sahəsində son illər bir sıra yeniliklər və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı geniş tədbirlər həyata keçirilir. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, bununla bağlı “kütləvi çıxarış”, “əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kimi sosial layihələr reallaşdırılmaqla vətəndaşlara öz ünvanlarında xidmət göstərilir, əmlaklarının qeydiyyata alınması məsələləri təbliğ edilir.

Lakin qeyd edilməlidir ki, bir çox hallarda, vətəndaşlar tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlarda, habelə mühafizə zolaqlarında yaşayış və ya qeyri-yaşayış binaları inşa edilir ki, onların qeydiyyata alınması qanunvericiliklə mümkün olmur və çətinliklər yaranır.

Digər tərəfdən, vətəndaşlar qeydiyyatla bağlı müvafiq sənədləri olmasına baxmayaraq, əmlaklarının qeydiyyata alınması barədə müraciət etmirlər.

Hazırda Prezident Administrasiyasının tapşırığına uyğun olaraq, komitə tərəfindən özbaşına və sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır. Yaxın zamanlarda həmin konsepsiya Prezident Administrasiyasına təqdim ediləcək.

Eyni zamanda, ölkə başçısının tapşırığına əsasən, istismara qəbul edilmiş çoxmərtəbəli yaşayış binalarında yerləşən mənzillərin qeydiyyata alınması sahəsində bilavasitə ünvanlarda sakinlərin çıxarışlarının verilməsi işlərinə başlanıb və davam etdirilir.

Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanması barədə fikir bildirən iqtisadçı-ekspert Rəşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ehtimal olunur ki, yeni hazırlanacaq konsepsiyada torpaqların təyinatının dəyişdirilməsi məqamları olacaq, eyni zamanda, mənzillərin elektron qaydada qeydə alınması nəzərə alınacaq: “Həmçinin, konsepsiyada neft şirkətinin ərazisində, yüksək gərginlikli elektrik dirəyinin altında yerləşən və ya strateji əhəmiyyətli kəmərlərin ətrafında qanuna uyğun olmayan formada tikilmiş mənzillərin köçürülməsi, bunun kompensasiya olunması ilə bağlı olaraq müəyyən detallar öz əksini tapacaq. İstənilən halda, belə bir konsepsiyanın hazırlanması kifayət qədər əhəmiyyətli məsələdir. Çünki müxtəlif hesablamalara görə, ölkədə təxminən 450-500 min sənədsiz fərdi yaşayış evi var. Nəzərə almaq lazımdır ki, orta statistik Azərbaycan ailəsi 4 nəfərdən ibarətdir. Bu isə onu deməyə əsas verir ki, təxminən 1,7-2 milyon arasında vətəndaş qeyri-rəsmi yaşayış məskənlərində məskunlaşıb. Onlar öz hüquqlarından da istifadə edə bilmirlər. Hazırda həmin mənzillərin qeydiyyatsız olması qeyd olunan kateqoriyaya aid olan şəxslər üçün ciddi problemlərdən biridir”.

Həmsöhbətimiz onu da vurğuladı ki, sənədsiz fərdi evlərdə yaşayan şəxslər əsasən aztəminatlı ailələrdir: “Orta gəlirli ailələr bu kimi hallara diqqət edir. Ancaq aztəminatlı ailələr məcburiyyət qarşısında qalıb həmin evlərdə yaşayırlar. Bu səbəbdən də konsepsiya hazırlanan zaman torpaqların təyinatının dəyişdirilməsinə qərar verilməlidir. Ümid edirəm ki, hazırlanacaq konsepsiya əhatəli olmaqla, əvvəlki dövrlərdə qəbul edilən qərarlardan fərqli olaraq, problemin əhəmiyyətli hissəsinin həllinə şərait yaradacaq”.

Günel CƏLİLOVA

Son xəbərlər