18/03/2019 18:40
728 x 90

Azərbaycan xarici borc məsələsində MDB-də iki ən yaxşı ölkədən biri – qalan ölkələr ÜDM-nin yarısını borcludur...

img

Sürətli iqtisadi inkişaf şəraitində Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də xarici borcların həcminin azaldılmasıdır. Bu istiqamətdə müəyyən edilən strategiya və həyata keçirilən tədbirlər artıq öz nəticələrini verir. Maliyyə Nazirliyinin məlumatına əsasən, cari il yanvarın 1-də Azərbaycanın xarici dövlət borcu 8 milyard 927.1 milyon ABŞ dollarına və ya 15 milyard 176.0 milyon manata bərabər olub.

Nazirlik bildirir ki, xarici dövlət borcunun Ümumi Daxili Məhsulda (ÜDM) olan nisbəti 19 faiz təşkil edib: “Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə sərti öhdəliklər daxil edilib. Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyәlәşmә proqramları üçün cəlb edilmiş kreditlәrdәn, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir“.

Qeyd olunan rəqəm Azərbaycanın xarici borcunun azaldığı anlamına gəlir. Belə ki, bir il əvvəl ölkənin xarici dövlət borcu 9 milyard 398.3 milyon ABŞ dolları olmuşdu. Beləilklə, xarici borc azalır, alınan son borclar isə əsas etibarı ilə infrastruktur layihələrinə sərf olunur. Həmin layihələrin işə düşməsi isə ölkəyə xarici borcları daha tez qaytarmaq imkanı yaradır. Ümumiyyətlə, xarici borc məsələsində Azərbaycan nümunəvi bir mövqe nümayiş etdirir və borc həcminin bundan sonra daha sürətlə azalması gözlənir. Bunu beynəlxalq maliyyə qurumları da açıq etiraf edir. Məsələn, Rusiyanın “Sberbank Investment Research” analitiklərinin hazırladığı "CIS Market Daily" adlı hesabatda göstərilir ki, Azərbaycanın sürətli iqtisadi inkişafı ona xarici borc məsələsində də əlverişli mövqeyə yüksəlmək imkanı qazandırır: “Azərbaycan iqtisadiyyatı xarici amillərə qarşı dayanıqlı olacaq və ölkənin ümumi daxili məhsulu (ÜDM) 2019-cu ildə 3,2%-ə qədər sürətlənəcək. Azərbaycan hökuməti “maliyyə yastığını” artırmaq və 2018-ci ildə xarici borcu azaltmaq üçün neftin bahalaşmasından istifadə edib. Büdcə profisitlə icra edilib, Azərbaycan Dövlət Neft Fondunun aktivləri artıb və biz gözləyirik ki, cari ildə həmin hadisələr təkrarlanacaq. Belə vəziyyətdə ölkənin xarici borcları tədricən azalacaq. Çünki hökumət və dövlət şirkətləri xarici borcun yerli borcla əvəz edilməsinə çalışır”. 

Daha əvvəl isə "Moody's" beynəlxalq reytinq agentliyi də bu xüsusda ölkəmiz barədə nikbin proqnozlar səsləndirib. Qurum bu xüsusda bildirib:“Bu il Azərbaycanın cari əməliyyatlar hesabında profisit ÜDM-in 10,7%-nə bərabər olacaq. Bu, MDB ölkələri arasında ən yüksək göstəricidir. Azərbaycanın xarici dövlət borcunun səviyyəsi MDB ölkələri arasında ən aşağı göstəricilərdəndir.  Azərbaycan və Rusiya istisna olmaqla, MDB ölkələrində xarici borcun səviyyəsi ÜDM-in 50%-dən yüksəkdir”. Sənəd müəllifləri bəyan ediblər ki, hökumətin xalis maliyyə aktivləri ilə bağlı yeni fiskal qaydaların tətbiqi üçün cəhdləri ölkənin xalis kreditor statusunu qoruyub saxlaya bilər. 

Onu da xatırladaq ki, bu il üçün nəzərdə tutulan büdcəyə görə, dövlət borclarının qaytarılması üçün 2 milyard 334,8 milyon manat ayrılıb. Bu, 2018-ci illə müqayisədə 72 milyon manat, yaxud 3,2% çoxdur. Görülən tədbirlər nəticəsində qarşıdakı dövrdə xarici dövlət borcunun səviyyəsinin ümumdaxili məhsula olan nisbəti daha da endiriləcək. Azərbaycanın xalis maliyyə aktivlərinin yüksək olması isə ölkəyə borcu birdəfəyə bağlamaq imkanı da verir. Burada ən önəmli faktorlardan biri də budur ki, Azərbaycan xaricdən kredit alışını, demək olar ki, dayandırıb. Belə vəziyyətdə xarici borc məsələsində Azərbaycan daha uğurlu manevr etmək imkanı qazanır. Digər tərəfdən xatırladaq ki, bir müddət əvvəl dövlət başçısı tərəfindən “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” təsdiq edilib. Burada da əsas məqsədlərdən biri xarici borcun tədricən azaldılmasıdır. Belə ki, 2025-ci ildə Azərbaycanda xarici dövlət borcunun məbləğinin 2018-ci illə müqayisədə 9,7 milyard dollardan 6,5 milyard dollaradək azalması nəzərdə tutulur. Bu, ÜDM-də borc səviyyəsinin indiki 19 faizdən 12 faizədək azalması deməkdir. Hazırda 46 milyard dollar təşkil edən valyuta ehtiyatları isə borc məsələsində Azərbaycana yeni manevr imkanları qazandırır. Digər tərəfdən, dövlət zəmanəti altında götürülmüş xarici kreditlər iqtisadiyyatın real sektoruna yönəldilib ki, bu da son nəticədə Azərbaycan iqtisadiyyatının artım templərinin yüksəlməsinə səbəb olacaq.  Onu da qeyd edək ki, xarici dövlətlərin də ölkəmizə borcu var. Elə bundan irəli gəlir ki, xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlərdən 2019-cu ildə dövlət büdcəsinə 69 milyon 148 min manat daxil olacaq. Məlumat üçün qeyd edək ki, 2018-ci ilin dövlət büdcəsində Azərbaycanın verdiyi borclar üzrə daxilolmalarının həcmi 68 milyon 529 min manat göstərilib.  Hazırda Serbiya, Belarus və Gürcüstanın Azərbaycan tərəfindən verilmiş kreditlər üzrə borc öhdəliyi var. Proqnozlara görə, xarici dövlətlər Azərbaycana olan borclarını ödəməkdə davam edəcək və 2022-ci ilə qədər bu aşağıdakı həcmdə olacaq: 2020-ci ildə 67 milyon 594 min manat, 2021-ci ildə 65 milyon 348 min manat və 2022-ci ildə 62 milyon 631 min manat. Bütün bunlar ölkənin iqtisadi müsəvidə həyata keçirdiyi siyasətin mühüm uğurları hesab edilir.

Tahir TAĞIYEV

Son xəbərlər