24/03/2019 03:46
728 x 90

Prezidentin problemli kreditlər barədə qərarı 17 min manatadək krediti olan borclulara da qapı açdı...

“17 min manat ekvivalentində olan problemli kreditlər üzrə yenidən restrukturizasiya nəzərdə tutulur”

img

Rəşad Həsənov: “Yəni faizlərin, dəbbələrin silinməsi, bu kreditlərin 5 il müddətində 1-ci il heç bir faiz ödəmədən, 1-ci ildən sonra isə...”

 

“Problemli kreditlərin restrukturizasiyası üzrə, yəni yeni müddətlərin uzadılması, faizlərin silinməsi üzrə tədbirlər manatla kreditlərə də şamil olunacaq. Yəni məbləği 17 min manata qədər olan kreditlər də eyni şərtlərlə restrukturizasiya olunacaq”.

Bunu mətbuata açıqlamasında Mərkəzi Bankın baş direktoru Rəşad Orucov dövlət başçısının "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanını şərh edərkən deyib. O bildirib ki, kreditin qalıq məbləği 17 min manatdırsa və onun vaxtı 1 ildən çox, yəni 365 gündən çox keçibsə, o zaman banklar bu qrup əhalinin də borclarını restrukturizasiya edəcək.

Qeyd edək ki, Prezidentin imzaladığı fərmanda 10 000 dollaradək kredit götürənlərə güzəştlər müəyyən edilib. Yəni fiziki şəxslərin banklara on min dollaradək olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi kompensasiya edilir. Ancaq müştərilərin bir qismi manatla da kredit götürdüyü üçün, məlum devalvasiyadan sonra müəyyən çətinliklərlə üzləşiblər. Bu baxımdan, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman manat kreditləri ilə də bağlı çətinliklərin aradan qaldırılmasına kömək edəcək. O üzdən bunu ekspertlər necə dəyərləndirirlər?

Sözügedən məsələyə münasibət bildirən iqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, fərman əsasən ikiistiqamətlidir: “Birinci istiqamət xarici valyutada olan kreditlər üzrə devalvasiyadan dəymiş zərərin kompensasiya olunmasıdır. İkinci istiqamət isə problemli kreditlərlə bağlı yaranmış vəziyyətə müəyyən qədər dəstəyin təmin edilməsidir. Birinci istiqamət artıq məlumdur. İkinci istiqamət üzrə isə 17 min manat ekvivalentində olan problemli kreditlər üzrə yenidən restrukturizasiya nəzərdə tutulur. Yəni faizlərin, dəbbələrin silinməsi, bu kreditlərin 5 il müddətində 1-ci il heç bir faiz ödəmədən, 1-ci ildən sonra isə il ərzində 1 faiz ödəmək şərtilə bu vəsaitin əsas borc qalığının geri qaytarılması nəzərdə tutulur. Məsələn, şəxsin 10 min manat kredit borcu varsa, məbləğ təxminən 5 ilə bölünür. 1-ci ildə faiz tətbiq edilmir. Növbəti 4 il üçün 1 faiz tətbiq edilməklə krediti geri qaytarmış olur. Burada vətəndaş nə əldə edir? Birincisi, fərman qüvvəyə minən günədək olan bütün dəbbələr, faizlər silinir. İkincisi, iş problemli kredit siyahısından çıxarılır, məhkəmələrdən iş geri çəkilir. Üçüncüsü, bundan sonra artırılan müddətdə, yəni 5 il üçün 1-ci il faiz olmadan, qalan illərdə isə 1 faiz tətbiq edilməklə kredit qaytarılmış olur. Adətən isə Azərbaycanda ortalama illik 20-25 faiz hesablanırdı. Bu faizlər hesablanmır, sadəcə, əsas borcun geri qaytarılması nəzərdə tutulur. Bununla yanaşı, fərmanda problemli kreditin konkret olaraq tərifi verilir, yəni 360 gündən çox gecikdirilmiş borclar problemli hesab olunur. Hökumət banklara 682 milyon manat pul təklif edir ki, həmin vəsait məhz problemli kreditlərin restrukturizasiyası üçün istifadə edilsin. Bundan başqa, problemli kreditlərlə yanaşı, devalvasiyanın vurduğu zərərin müəyyən bir qisminin kompensasiya edilməsi normaldır. Çünki burada ayrıseçkilik olmur. Hətta ödəniş etmiş şəxslərə belə, kompensasiyalar verilir. Hesab edirəm ki, fərman problemli kreditlərin həllinə müsbət təsir göstərəcək”.

Vidadi ORDAHALLI

Son xəbərlər