24/03/2019 03:49
728 x 90

Almaniyanın Azərbaycana diri heyvan satışını məhdudlaşdırmasına dair inanılmaz izah...

“İstənilən halda, belə bir məsələ varsa, narahat olmağına dəyər”

img

Nicat Nəsirli: “Mən özüm dəfələrlə şahidi olmuşam ki, bu heyvanlar müasir nəqliyyat vasitələri ilə ölkəyə gətirilib, təsərrüfatlara paylanıb”

 

Almaniyanın Şlezviq-Holşteyn (Schleswig-Holstein) Federal Əyaləti Türkiyə, Yəmən, Liviya, Mərakeş, Əlcəzair, Azərbaycan, Suriya, İordaniya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan kimi əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən ölkələrə diri heyvan satışını dayandıra bilər.

Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən mətbuata daxil olan məlumatda deyilir ki, buna əsas kimi, Azərbaycan da daxil olmaqla, həmin ölkələrdə heyvan hüquqlarının pozulması göstərilir. Şlezviq-Holşteyn Federal Əyalətində müəyyən edilmiş qaydalara görə, heyvanlar daşınarkən maksimum 29 saatdan bir nəqliyyat vasitəsindən endirilməli, gəzintiyə çıxarılmalı, onlara su və yemək verilməlidir. Şlezviq-Holşteyn hökumətinin bildirdiyinə əsasən, adıçəkilən ölkələr aldıqları heyvanlara qarşı bu qaydaları pozur, onların dincəlmək, yemək, su və içmək rejiminə riayət etmirlər. Məlumatda o da qeyd olunur ki, son illərdə mal-qaranın daşınması zamanı onların havasızlıqdan boğularaq tələfolma halları da artıb.

Siyahıya Azərbaycanın da daxil edilməsi bir qədər təəccüblə qarşlanır. Çünki Azərbaycanda son illər cins heyvandarlığın inkişafı üçün bir sıra işlər görülür. Bununla bağlı dövlət büdcəsindən vəsait ayrılır, sahibkarlara əlverişli şərtlərlə kredit verilir, xaricdən cins heyvanlar gətirilir. Onlara qulluq qaydaları öyrənilir və s. Belə olan halda, Azərbaycanda heyvan hüquqlarının pozulması haqda səslənən fikirlər nə dərəcədə reallığa uyğundur?

Sözügedən məsələyə aydınlıq gətirən “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin şöbə müdiri, kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirlinin fikrincə, bu məlumat dəqiqləşdirilməlidir: “Almaniyanın Şlezviq-Holşteyn Federal Əyalətinin bir sıra Şərq ölkələrinə, eyni zamanda, Azərbaycana da cins mal-qara satışını dayandıracağı haqqında bəyanatı əlbəttə ki, dəqiqləşdirilməlidir. İstənilən halda, belə bir məsələ varsa, narahat olmağına dəyər. Çünki ölkəmizdə son illər heyvandarlıqda cins tərkibinin dəyişdirilməsi ilə bağlı çox mühüm addımlar atılır. Bu məsələdə əsas tərəfdaş ölkələrdən biri Almaniyadır. Yaxın vaxtlarda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən heyvandarlığın inkişafı ilə bağlı yeni dövlət proqramı elan olunacaq. Təbii ki, o proqramda ölkədəki təsərrüfatlarda yeni məhsuldar cinslərin istehsalata daxil edilməsi xüsusi xətlə keçməlidir. Xarici ölkələrdən Azərbaycana heyvanların gətirilməsi indiyə qədər “Aqrolizinq” ASC-nin nəzarəti altında təchizatçı şirkətlər tərəfindən həyata keçirilib. Yəni daşınmaya cavabdeh birbaşa bu şirkətlərdir. “Aqrolizinq”lə bu şirkətlər arasında mövcud olan müqavilələrdə açıq şəkildə tələb olunur ki, heyvanlar hər 24 saatdan bir dincəlsin, nəqliyyat vasitəsindən düşürülərək yemlənsin, təmiz hava alsınlar. Hətta heyvan yolda tələf olarsa, xəstəlik tutarsa, məsuliyyəti təchizatçı şirkətlətin boynundadır. Ölkəyə gətirilərək sağlam çəkidə təhvil verilərsə, məsuliyyət “Aqrolizinq”ə keçir. “Aqrolizinq” isə, ilk növbədə, bir neçə aylıq karantin rejimi tətbiq edir və bu zaman heyvanın sağlam olub-olmaması, xəstəlikləri aşkara çıxır”.

N.Nəsirlinin sözlərinə görə, Almaniyadan bura 5 min kilometr məsafə var: “Mən özüm dəfələrlə şahidi olmuşam ki, bu heyvanlar müasir nəqliyyat vasitələri ilə ölkəyə gətirilib, təsərrüfatlara paylanıb. Lakin bu heyvanların Almaniyadan bura 5 min kilometrə qədər keçib gəldikləri məsafə var. Bu qədər məsafədə onlara hansı münasibət göstərilib, təbii ki, bunu təchizatçı şirkətlər aydınlaşdırmalıdır. Hətta yaxşı olar ki, daşıma ilə bağlı tətbiq etdikləri qaydaları ictimaiyyətə nümayiş etdirsinlər. Məsələnin başqa bir tərəfi, cins heyvanların təsərrüfatlarda saxlanma-bəslənmə şəraitinin təmin olunmasıdır. Fikrimcə, bu gün ölkəmizdə cins mal-qara alıb saxlamağa maraq göstərən yüzlərlə heyvandar var. Ancaq onların müasir bilikləri varmı? Heyvandarlar bilməlidirlər ki, Avropadan gəlmiş heyvanlar qüvvəli yemə, qulluğa son dərəcə tələbkardırlar. Potensial məhsuldarlığı yüksək olan bu cinslər yalnız ən yüksək səviyyədə qulluqla əhatə olunanda ciddi artım verir. Son illər respublikamızda tikilmiş çoxsaylı iri heyvandarlıq təsərrüfatında saxlama, yemləndirmə şəraiti yüksək səviyyədə təşkil edilib. Kiçik təsərrüfatlarda bu qaydalara əməl edilmədiyini görürük. Saxlama, qüvvəli yemləndirmə, baytarlıq xidmətləri olmayan kiçik heyvandarlar xaricdən gətirilmiş cins mal-qara alarkən ciddi düşünməli, heyvanların uçot sistemini qurmalı, yem əkinlərinə nail olmalıdırlar. Yaxşı olar ki, onlar xaricdən gətirilmiş cinslərə maraq göstərməkdənsə, vaxtilə gətirilmiş, indi isə yerli iqlimə uyğunlaşdırılmış heyvanlardan damazlıq kimi istifadə etsinlər. Bu cür cinslər satan iri təsərrüfatlar respublikamızda kifayət qədərdir”.

Məsələ ilə əlaqədar “Aqrolizinq” ASC-dən münasibət öyrənməyə çalışsaq da, bu mümkün olmadı.

Vidadi ORDAHALLI

Son xəbərlər