24/03/2019 03:49
728 x 90

Azərbaycanın turizm strategiyası beynəlxalq yanaşmalar müstəvisində...

img

Bu gün qeyri-neft sektorunda ən sürətlə inkişaf edən sahələrdən birinin turizm olması əldə edilən nəticələr fonunda özünü getdikcə daha qabarıq formada büruzə verir. Qeyd olunan sahədə əldə edilən nailiyyətlər dünya miqyasında da yüksək qiymətləndirilir. Məsələn, Ümumdünya Turizm Təşkilatının (ÜTT) yeni reytinq cədvəlində Azərbaycan turizmin inkişafına görə Avropa ölkələri arasında 7-ci yeri tutub. 

Qurum Azərbaycanda turizm sektorunun inkişaf dinamikasını yüksək qiymətləndirib. ÜTT Bakını ecazkar məkanlardan biri kimi təqdim edərək onu “Yeni Dubay"a bənzədib, neftlə zəngin ölkənin Avropa və Asiya arasında, o cümlədən Şərqdə sürətlə inkişaf edən qovşağa çevrildiyini bəyan edib. Belə vəziyyət, öz növbəsində, Azərbaycana turist axınını daha da artırır. Xüsusən də Novruz bayramı ərəfəsində ölkəyə turist axınında yeni artım müşahidə olunur. Hətta İran vətəndaşlarının ölkəmizə səfərlərini təşkil etmək üçün bu ölkədəki turist firmaları rəqabət aparmağa başlayıb. Belə ki, Tehranda fəaliyyət göstərən “Tours. select” və “Offer.select” portallarının “İnstagram” platformalarında Azərbaycan haqqında videoçarx yerləşdirilib. Videoçarxlarda Bakı və Azərbaycanın turizm məkanları əks olunub. Çoxsaylı izləyicisi olan platformalarda yerləşdirilən videoçarxlar böyük marağa səbəb olub. Bayram ərəfəsində bir çox ərəb ölkələrindən də Azərbaycana turist axını qeydə alınır.

Hazırda Azərbaycanın əsas hədəflərindən biri böyük əhali sayına malik Hindistan və Çin kimi ölkələrdən də ölkəyə turist axınını təşkil etməkdir. Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Nahid Bağırov bu xüsusda qeyd edir ki, artıq cari ilin may ayından etibarən Hindistanın Mumbay və Dehli şəhərlərindən Bakıya birbaşa aviareyslərin həyata keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, sözügedən uçuşları Hindistanın “İndigo Airlines” şirkəti yerinə yetirəcək. 

Çinin Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın Dövlət Turizm Agentliyi arasında isə çinli turistlərin Azərbaycana qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Xatırladaq ki, Çin xaricə gedən turistlərin sayına görə dünya lideridir. Qlobal turizm dövriyyəsinin təxminən 15 faizə yaxını çinli turistlər tərəfindən təmin edilir. Bu fonda ölkəmizə üz tutan çinli turistlərin sayında da artım qeydə alınır. Ümumiyyətlə isə, turizm potensialının tam realizə edilməsi məqsədilə həyata keçirilən tədbirlər öz nəticəsini verir  və Azərbaycana maraq göstərən turistlərin sayı sürətlə çoxalır. Tikilən yeni və müasir otellər, çəkilən dünya standartlarına uyğun yollar, bir sözlə, qurulan infrastruktur Azərbaycanı xaricilər üçün daha da cəlbedici edir. Bundan başqa, beynəlxalq miqyaslı tədbirlər də burada öz rolunu oynayır. məsələn, gələn ay keçriləcək “Formula-1” yarışı Azərbaycana turist axınının çoxalmasında vacib əhəmiyyət kəsb edir.  İndiyə qədər keçirilən bu yarışlar fonunda isə ölkəmiz 277,3 milyon dollar gəlir əldə edib. Bu məbləğin 164,2 milyon dolları birbaşa gəlirlərdir. Onun 22,7 milyon dolları turizm, nəqliyyat və otellərin payına düşür. Yarışların başlanmasına hələ 1 aydan çox vaxt qalmasına baxmayaraq, hazırda paytaxt otellərinin 90 faizi tutulub. Bu qəbildən olan tədbirlərin turistəlrin cəlbində mühüm rol oynamasını isə Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev də təsdiq edir. O, Azərbaycana üz tutan rus turistlərinin say artımını şərh edərkən bu xüsusda vurğulayır: “Azərbaycan müsbət mənada təəccübləndirməyi bacaran ölkə kimi tanınır. “Eurovision”, Birinci Avropa Oyunları, qısa bir vaxtda dünyada ən mühüm hadisələrdən birinə çevrilən Bakı Beynəlxalq Humanitar Forumunu xatırlayaq. Azərbaycan tədbirlərin yüksək təşkilatçılığı bacarığı ilə məşhurdur. Buna əlavə olaraq, bu ölkənin qeyri-adi və çox maraqlı, şərqlisayağı parlaq, özünəməxsus və heyranedici mədəniyyətini də qeyd etmək lazımdır”.

Bununla yanaşı, turistlərin cəlbi üçün  digər layihələrin də reallaşdırılması həyata keçrilir və məqsəd ölkəmizi dünyada Qafqazın ən cəlbedici turizm regionuna çevirməkdir. Bu proseslərin həyata keçirilməsinin nəticəsi olaraq 2023-cü ilin sonuna qədər Azərbaycana gələn turistlərinin sayının 4 milyona çatdırılması nəzərdə tutulur. Hazırda yalnız Bakı deyil, ölkənin digər bölgələrində də yeni infrastruktur layihələri həyata keçirilir. Əsas məqsəd Azərbaycandakı turizm regionlarına daha çox turist cəlb etməkdir. Belə vəziyyətdə turizm sahəsinin inkişaf etdirilməsi qeyri-neft sektorundan gələn gəlirləri artırır, ölkənin iqtisadi potensialını möhkəmləndirir. Bu sahədə infrastrukturun və xidmət sektorunun vəziyyətinin yaxşılaşdırılması, Azərbaycanın dünyada tanıdılması yönündə aparılan ardıcıl işlər, o cümlədən viza sisteminin sadələşdirilməsi də qarışdaya qoyulan məqsədə daha asan şəkildə çatmağa imkan verir.  

Tahir TAĞIYEV

Son xəbərlər