24/03/2019 03:46
728 x 90

Prezidentin geniş sosial himayə paketi və sabit qalan qiymətlər - başqa ölkələrdə tam əksinə proses gedir...

“Ölkədə biznes və işgüzar şərait aparılan islahatlar fonunda daha da yaxşılaşıb”

img

Rəsul Cahangirli: “Görülən işlər monopoliyanın aradan qaldırılmasına və süni qiymət artımının qarşısının alınmasına xidmət edir”

 

Əvvəllər maaş və pensiyalar artan kimi, bu o dəqiqə qiymətlərə təsir göstərirdi. Vətəndaşlar artımları hələ almadan görürdülər ki, bazarlarda qiymətlər bahalaşmağa başlayır. Əksər hallarda belə qiymət artımları bazarda tələbin artmasından yox, süni amillərdən qaynaqlanırdı. Bir növ, işbazlar bundan sui-istifadə edərək qiymətləri artırırdılar. Bu da, əlbəttə ki, aztəminatlı insanların sosial vəziyyətinə mənfi təsir göstərirdi. Nəticədə artımlar inflyasiyaya məruz qalırdı.

Məlum olduğu kimi, bu ildən başlayaraq Prezident İlham Əliyevin sərəncamları ilə pensiyalar, maaşlar, bütün sosial müavinətlər əhəmiyyətli dərəcədə artırıldı. Sözügedən qərarlar bu gün də davam etdirilir. Elə sahələr var ki, orada əməkhaqqı 50 faiz, bir sıra sosial müavinətlər bir neçə dəfə artırılıb. Bu ilin əvvəlindən bütün pensiyaların sığorta hissəsi qaldırıldı. Martın 1-dən minimum əməkhaqqı 38.4 faiz artırılaraq 130 manatdan 180 manata çatdırılıb. Minimum əməkhaqqının artırılması nəticəsində dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım olacağı deyilir.

Bundan əlavə, martın 1-dən etibarən əmək pensiyası alanların da pensiyalarına əlavələr təyin olunub. Minimum pensiya məbləğinin artırılması, ümumilikdə, 233 min pensiyaçını, o cümlədən, 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi əhatə edəcək. Artımların digər sahələrdə də olacağı gözlənir.

Bütün bunlarla yanaşı, diqqətçəkən və maraqlı məqam ondan ibarətdir ki, il başlayandan həyata keçirilən sözügedən artımlar bazarlarda qiymətlərin yüksəlməsinə, bir sözlə, qiymət artımına gətirib çıxarmır. Düzdür, mövsümi amillərlə, bayramla əlaqədar olaraq bəzi məhsulların qiymətində bahalaşma var. Ancaq nəzərə almaq lazımdır ki, belə hallar hər il yaşanır. Bayram bitəndən sonra vəziyyət axarına düşür.

Maraqlıdır, pensiya və maaşların artması fonunda bu il qiymət artımı niyə müşahidə olunmur?

Sözügedən məsələyə aydınlıq gətirən ekspert Rəsul Cahangirli bunu bir sıra amillərlə əlaqələndirdi: “Bunun başlıca səbəbi ölkədə aparılan kompleks islahatlarla bağlıdır. Məsələ ondadır ki, ölkədə biznes və işgüzar şərait aparılan islahatlar fonunda daha da yaxşılaşıb. Sahibkarlıq fəaliyyəti ilə bağlı prosedurlar sadələşdirilib. Sahibkarlar bir sıra güzəştlərdən istifadə edirlər. Gömrük prosedurları əvvəlki illərlə müqayisədə çox sadələşdirilib. Bu işlərdə insan amilinin rolu minimuma endirilib. Tətbiq olunan “bir pəncərə” sistemi sahibkarlara daha geniş imkanlar yaradır, seçim imkanları artır. Bu zaman rahat şəkildə istənilən məhsulu ölkəyə gətirmək mümkündür. Təsadüfi deyil ki, həyata keçirilən islahatlar nəticəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı artır. Digər tərəfdən, görülən işlər monopoliyanın aradan qaldırılmasına və süni qiymət artımının qarşısının alınmasına xidmət edir. Kənd təsərrüfatı məhsullarının satışı ilə bağlı yarmarkalar təşkil olunur. Prezident İlham Əliyevin tapşırığı ilə Novruz yarmarkaları keçirilir ki, sakinlərin seçim imkanı geniş olsun. Bu günlərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bəyan etdi ki, həm BŞİH, həm də Kənd Təsərrüfatı Nazirliyinə və digər strukturlara, birmənalı olaraq, yarmarkalarda qiymətlərin aşağı olmasına nəzarət edilməsi tapşırılıb. Bütün bu və digər tədbirlərin kompleks şəkildə görülməsi pensiyaların, maaşların artırılmasından sonra qiymət artımının qarşısını alır. Hesab edirəm ki, bu yöndə atılan addımlar doğru qərardır”.

Vidadi ORDAHALLI

Son xəbərlər