24/03/2019 03:47
728 x 90

AMEA problemli kreditlərin həllinin biznesin inkişafına təsir imkanları barədə…

img

İqtisadiyyat və bank sektoru üçün uzun müddətdən bəri ciddi başağrısına çevrilən problemli kreditlərin həlli istiqamətində atılan addımlar qarşıdakı dövr ərzində banklar üçün də bir çox mühüm üstünlüklər vəd etməkdədir.

Belə vəziyyətdə həm də bankların ölkə iqtisadiyyatında daha fəal rol oynaması, kredit faizlərinin aşağı düşməsi gözlənir. Bu mənada, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman, aydındır ki, uzunmüddətli dövrdə Azərbaycan iqtisadiyyatına mühüm töhfələr verməkdə davam edəcək. Ümumilikdə bu fərman problemli kreditlər məsələsinin köklü şəkildə həll edilməsinə imkan verəcək.

Yeri gəlmişkən qeyd edək ki, ölkədə bu qəbildən olan kreditlərin məbləğinin azalması müşahidə olunur. Araşıdrmalar göstərir ki, ölkədə vaxtı keçmiş kreditlərin məbləği bu il fevralın 1-nə 1 milyard 569,4 milyon manat təşkil edib. Bu, yanvarın 1-i ilə müqayisədə 1%, ötən il fevralın 1-nə nisbətən isə 7,5%azdır. Yanvarın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 12,6% təşkil edib. Bu nisbət ötən ilin sonuna 12,2%, ötən ilin yanvarın sonuna isə 14,55% olub.  Rəqəmlərdən göründüyü kimi, problemli kreditlərin həcmi sürətlə azalır. Məsələ ilə bağlı Prezidentin məlum fərmanın icrasından sonra isə azalma həddi daha böyük olacaq. Məhz bu da banklara qarşıdakı dövrdə ölkə iqtisadiyyatında daha çevik rol oynamaq imkanı qazandıracaq. Bütün bunlar onu göstərir ki, Azərbaycanda fiziki şəxslərin problemli kreditlərlə bağlı məsələsinin həll edilməsi həm də ölkənin bank sektoruna dəstəkdir. Belə ki, bununla banklar sağlamlaşacaq, kapital baxımından ciddi dəstək alacaqlar, aktivlərindəki problemli hissəsini azaldacaqlar . Digər tərəfdən, onlar uzunmüddətli kreditləşmə üçün ucuz maliyyə resursları əldə edəcəklər. AMEA İqtisadiyyat İnstitutunun qloballaşma və beynəlxalq iqtisadi münasibətlər şöbəsinin müdiri, iqtisad elmləri doktoru Fuad Qənbərov da məsələyə bu rakusrdan yanaşır.  Onun sözlərinə görə, Azərbaycan digər postsovet ölkələrinə nisbətən problemli kreditlərin həllində daha sistemli və əhatəli yanaşma ortaya qoya bilib.

İqtisadçı qeyd edib ki, yüksək humanistlik nümunəsi olan prezidentin məlum  fərmanı ilə 800 min əhalinin xarici valyutada kreditlərinin manat ifadəsində devalvasiyadan əvvəlki səviyyəyə qayıtması təmin ediləcək: “Eyni zamanda, problemli kreditlərin güzəştli şərtlərlə restrukturizasiya olunması nəzərdə tutulur. Yəni aşağı faiz, uzun müddət və güzəşt dövrü, faizlərin silinməsi və milli valyutada kreditlərin verilməsi mühüm sosial-iqtisadi əhəmiyyətə malikdir. Bununla əhali tərəfindən kreditlərin ödənməsinə yönəldilən vəsaitin həcmi azalacaq və vətəndaşların sərəncamında qalan gəlirlər artacaq. Nəticədə, əhalinin digər tələbatlarını qarşılamaq imkanları əhəmiyyətli dərəcədə artacaq. Bununla da, vətəndaşların sosial rifah halı daha da yaxşılaşacaq”.

F.Qənbərov bildirib ki, fərman təkcə əhalinin müxtəlif təbəqələrini deyil, eyni zamanda, bank sisteminin problemlərini də əhatə edir: “Belə ki, sənəddə bank sektorunun maliyyə dayanıqlığının qorunması məsələləri də nəzərə alınıb. Fərmanla kredit borclarının restrukturizasiyası məqsədilə Mərkəzi Bank tərəfindən banklara 682 milyon manat məbləğinədək illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə kreditlər veriləcək. Bu kreditlərin dövlət zəmanəti ilə verilməsi dövlətin bank sektoruna böyük etimadıdır. Bu zaman banklar güzəştli şərtlərlə və ucuz maliyyə resursları əldə edirlər. Bu isə biznes və bütövlükdə iqtisadiyyatın ucuz maliyyə resurslarına çıxış imkanlarının yaranması deməkdir. İqtisadi baxımdan isə fərman bankların sağlamlaşdırılması və kredit portfelinin pis aktivlərdən təmizlənməsinə müsbət təsir göstərəcək. Bildiyiniz kimi, problemli kreditlər bankların maliyyə vəziyyətinə də mənfi təsir edirdi. Belə ki, problemli kreditlərə görə ehtiyat ayırmaları bank kapitalının “yeyilməsi”ni zəruri edir. Bu səbəbdən də düşünürəm ki, fərmanda nəzərdə tutulmuş tədbirlərin realizasiyası bankların maliyyə sağlamlaşmasına müsbət təsir göstərəcək. İlk növbədə, bankların kredit portfeli sağlamlaşdırılacaq və bununla da problemli kreditlərin bankların kapitalına yaratdığı təzyiq aradan qaldırılacaq. Kompleks şəkildə baxdıqda isə banklara həm kapital dəstəyi, həm də iqtisadiyyatın kreditləşdirilməsi üçün maddi dəstək bütöv iqtisadiyyatı əhatə etmiş olur və real iqtisadiyyatın inkişafına dəstək olacaq”. Ekspert bildirib ki, həmin fərman bank - müştəri münasibətlərində yeni format yaradacaq. Bu isə biznesin daha yaxşı inkişaf etdirilməsinə təkan verəcək. Bütün bunlar, öz növbəsində, qarşıdakı dövr ərzində iqtisadi inkişafı daha dinamik hala gətirəcək. Bu mənada, qarşıdakı dövr ərzində dövlət-özəl sektor münasibətlərinin və biznes mühitinin inkişafında əhəmiyyətli dəyişikliklər də istisna olunmur.

Tahir TAĞIYEV

Son xəbərlər