18/03/2019 18:43
728 x 90

Bu il Azərbaycanın valyuta ehtiyatları bir neçə milyard artacaq...

img

Maliyyə sahəsində bu gün Azərbaycanın əsas üstünlüklərindən biri də böyük həcmdə valyuta ehtiyatlarına sahib olmasıdır. Məhz bu ehtyiatlar ölkəyə çoxsaylı manevr imkanları qazandırır. Ölkənin ixrac potensialının artırılması istiqamətində görülən tədbirlər qarşıdakı dövr ərzində Azərbaycanın valyuta ehtyiatlarının daha da artacağını deməyə əsas verir.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatları 44,9 milyard dollar olub. Strateji ehtiyatlar 31 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 3 dəfə, manatla geniş pul kütləsini 5,3 dəfə üstələyib. Cari ilin ötən dövrü ərzində isə valyuta ehtiyatları artıq 46 milyard dolları keçib. Araşdırmalar göstərir ki, son 10 ildə Azərbaycan Dövlət Neft Fondunun valyuta ehtiyatları 27 milyard  296 milyon dollar və yaxud 3,4 dəfə artıb.  Hazırda qurumun valyuta ehtyiatları 40 milyard dollara yaxınlaşır. Son 10 ildə  Mərkəzi Bankın valyuta ehtiyatları isə 511,3 milyon dollar və yaxud 8,3% azalıb. Buna əsas səbəb məlum devalvasiyalar olub. Amma görülən tədbirlər nəticəsində artıq Mərkəzi Bankın da valyuta ehtiyatları artır.  Belə ki, Mərkəzi Bankın sərəncamında olan valyuta ehtiyatları fevralın 1-nə 5 milyard 655,9 milyon dollar olub. Bu göstərici ötən ayın müvafiq dövrü ilə müqayisədə 33,4 milyon dollar çoxdur. Son bir ildə isə valyuta ehtiyatları 274,7 milyon dollar artıb. Qarşıdakı dövr ərzində isə valyuta ehtiyatlarının daha sürətlə artması gözlənir. Elə iqtisadçı-ekspert Vüqar Bayramov da vurğulayır ki, Azərbaycana daxil olan valyuta ehtiyatlarının həcmi bundan sonra xeyli artacaq: “2020-ci il Azərbaycan üçün prioritet illərdən biridir. Gələcəyə baxış konsepsiyasında və Strateji Yol xəritəsində 2020-ci il Azərbaycanda aparılan islahatlar dövrünün həlledici mərhələsi kimi dəyərləndirilir”.

Ekspert bildirib ki, 2015-ci ildə başlanan dərin islahatlar gələcək üçün baza formalaşdırıb: “İslahatların tərkib hissəsi olaraq 2019-ci ilin ilk iki ayında əhalinin sosial iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində inqilabi addımlar atılıb. 2020-ci il üçün nəinki Azərbaycan hökuməti, eyni zamanda, beynəlxalq maliyyə qurumları – Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı ölkəmizdə iqtisadi artım tempinin sürətlənəcəyini proqnozlaşdırır. 2017-ci il stabillik, 2018-ci il artımların əldə edilməsi dövrü kimi yadda qalıb. 2019-cu il daha sürətli artım, 2020-ci il isə bu sürətli artımın qorunub saxlanması ilə xarakterik olacaq”.

Ekspert vurğulayıb ki, 2020-ci ildə Azərbaycana valyuta axınının daha da artacağı gözlənir: “Gələn il “Cənub Qaz Dəhlizi” çərçivəsində TAP boru kəmərinin istifadəyə verilməsi ilə Avropa bazarına Azərbaycan təbii qazının nəqli nəzərdə tutulur. İlkin mərhələdə Avropa bazarına 10 milyard kubmetr Azərbaycan qazı nəql olunacaq. TANAP-la Türkiyəyə nəql edilən qaz həcmləri isə 6 milyard kubmetrə çatacaq ki, bu da ölkəyə daxil olan valyutanın həcmini əhəmiyyətli dərəcədə artıracaq. 2020-ci ildə Bakı-Tiflis-Qars dəmir yolu xəttilə yükdaşımaların artması fonunda da valyuta gəlirləri çoxalacaq. Bundan başqa, Sumqayıt Kimya Parkında qurulan zavodlar qeyri-neft sektorunun artımını sürətləndirələcək. Eyni zamanda, sahibkarlığın inkişafı istiqamətində mühüm addımlar atılacaq”. Bütün bunlar Azərbaycanın ixrac potensialını və bu fonda da ölkəyə valyuta daxilolmalarını artırır.

Beynəlxalq qiymətləndirmələrə görə, cari ildə Azərbaycanın valyuta ehtiyatları daha bir neçə milyard dollar artacaq. Bunu şərtləndirən başlıca səbəb qeyri-neft sektorudur. Azərbaycanın hazırda ümumdaxili məhsulunun üçdə iki hissəsindən çoxu məhz qeyri-neft sektorunun hesabına formalaşır. Ekspertlər bildirir ki, turizm, nəqliyyat, kənd təsərrüfatı, informasiya-kommunikasiya sektoru tükənməyən gəlir mənbəyidir ki, bu sahədə də işlər kifayət qədər uğurlu qurulub. Digər tərəfdən, dünyanın bir çox yerlərində Azərbaycanın sənaye evləri və ticarət mərkəzləri açılıb. Bunlar da Azərbaycan brendinin dünyaya çıxmasını şərtləndirən amillərdir. Eləcə də faktdır ki, Azərbaycan artıq Avrasiya məkanının nəqliyyat qovşağına çevrilib. Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqaməti üzrə nəqliyyat qovşağının işə düşməsilə bu istiqamətdən də ölkəyə valyuta axını sürətlə artır. Belə vəziyyətdə artan valyuta ehtiyatları Azərbaycanın beynəlxalq iqtisadi reytinqlərinin yüksəlməsinə də əhəmiyyətli dərəcədə təsir edir.

Tahir TAĞIYEV

Son xəbərlər