18/03/2019 18:41
728 x 90

Sosial müdafiə tədbirləri ölkə iqtisadiyyatının inkişafına necə təsir göstərəcək?

Rüfət Quliyev: “Sosial sahədə atılan addımlar ölkənin iqtisadi və sosial baxımdan inkişaf etməsindən xəbər verir”

img

Son dövrlər xüsusi diqqət və qayğıya ehtiyacı olan vətəndaşların, o cümlədən, qaçqın və məcburi köçkünlər, şəhid ailələri, əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli, məşğulluğun təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Həyata keçirilən tədbirlər sırasında minimum əməkhaqqının həcmi də artıb. Bununla yanaşı, Prezident fərdi şəxslərin problemli kreditlər məsələsini də həll edib. Bununla bağlı ötən həftə fərman imzalanıb.

Son aylar sosial müdafiə sistemində atılan addımlar əhalinin hər bir təbəqəsi tərəfindən müsbət qarşılanır.

Artırılan müavinətlərin ölkənin iqtisadi inkişafına nə kimi təsiri olacağını öyrənmək məqsədilə millət vəkili Rüfət Quliyevə müraciət etdik. O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son aylar sosial sahədə atılan addımlar, xüsusilə minimum əməkhaqqının, minimum pensiyanın, sosial müavinətlərin, tələbə təqaüdlərinin ciddi şəkildə artırılması, çoxmənzilli binaların sənədləşdirilməsi, vətəndaşların problemli kreditlərlə bağlı yaranmış maliyyə yükünün dövlətin öz üzərinə götürməsi kimi inqilabi qərarlar ölkənin iqtisadi və sosial baxımdan inkişaf etməsindən xəbər verir: “Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ən başlıca məqsədi Azərbaycan vətəndaşlarının maraqlarının ifadə olunması, onların sosial rifah halının yüksəldilməsidir. Bütün siyasi fəaliyyət, nailiyyətlər məhz bu məqsədə yönəlib. Ölkənin iqtisadi qüdrəti artdıqca, iqtisadi potensialı yüksəldikcə, bu, ilk növbədə, vətəndaşlarımızın rifah halına yönəlir. Əməkhaqlarının, təqaüdlərin, pensiyaların, sosial müavinətlərin artırılması, eyni zamanda, şəhid ailələrinə birdəfəlik yardımın ödənilməsi, qaçqın və məcburi köçkün ailələrinin, Qarabağ veteranlarının, əlillərinin sosial qayğısının gücləndirilməsi və s. nümunələr dediklərimizi sübut edir.

Bəllidir ki, problemli kreditlər məsələsi xalqımızı ən çox narahat edən məsələlərdən biri idi. Sevindirici haldır ki, əhalinin narazılığına səbəb olan problemli kredit məsələsi artıq həllini tapıb”.

Millət vəkili onu da vurğuladı ki, sosial müavinətlərin artırılması ilə bağlı imzalanan hər bir sərəncam əhalinin sosial rifah halını yüksəltməklə yanaşı, ölkə iqtisadiyyatının inkişafına da səbəb olacaq.

Günel CƏLİLOVA

Son xəbərlər