18/03/2019 18:41
728 x 90

Prezident Azərbaycanda vəzifə maaşlarının yeni artımına başladı...

Aytəkin Kamranqızı: “Əmək haqqının artırılması həmin ailələrin maddi vəziyyətinin yaxşılaşmasına səbəb olacaq”

img

“Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişikliklər edilib. Bu barədə qərar Baş nazir Novruz Məmmədov tərəfindən imzalanıb.

Qərara əsasən, AMEA-nın Rəyasət Heyəti və Aparatının, AMEA-nın Gəncə bölməsi aparatında çalışan böyük arxivçi, böyük inspektor və sürücülərin maaşları 193 manatdan 210 manata, arxivçi, makinaçı, katibə-makinaçı, stenoqrafçı, kargüzar, xəzinədar və kadrlar üzrə inspektorların maaşları 180 manatdan 195 manata, texnik, komendant, laborantın maaşı 165 manatdan 180 manata qaldırılıb.

Eyni zamanda “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində işləyən sürücülərin əmək haqları 187 manatdan 210 manata, arxivçilərin maaşı 176 manatdan 195 manata, yardımçı fəhlə, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyətin əmək haqları isə 165 manatdan 180 manata qədər artırılıb.

Həmçinin Azərbaycanda Atatürk Mərkəzində çalışan arxivçi-kitabxanaçı, təsərrüfat müdirlərinin maaşı 180 manatdan 210 manata, kompüter operatoru və katibələrin maaşı 170 manatdan 195 manata, xidməti otaqları yığışdıranın maaşı isə 165 manatdan 180 manata qaldırılıb.

Dəyişikliyə görə, Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzində çalışan makinaçının maaşı 165 manatdan 180 manata qaldırılıb.

Bundan əlavə, icra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıq işçilərinin - xəzinədar, katibə, sürücü və makinaçıların maaşları 209 manatdan 210 manata, eləcə də, gözətçi, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyətlərin əmək haqları 165 manatdan 180 manata qaldırılıb.

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarının artırılmasının sosial əhəmiyyəti haqqında danışan sosioloq Aytəkin Kamranqızı bizimlə söhbətində bildirdi ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində son günlər Prezident tərəfindən əhəmiyyətli sərəncam və fərmanlar imzalanır. Bu istiqamətdə imzalanan hər bir sərəncam insanların sosial həyatının yaxşılaşmasına şərait yaradacaq: “Bu sahədə görülən işlər əhalinin sosial müdafiəsinin gücləndirilməsi baxımından önəmli hadisədir. Sosial müavinətlərin artırılması, dövlət büdcəsindən maliyyələşən təşkilatların əmək haqqısının artırılması əhalinin sosial rifahının yüksəlməsi, yaşayış səviyyəsinin inkişaf etməsinə təkan verəcək”.

Həmsöhbətimiz hesab edir ki, 2019-cu ilin uğurlu iqtisadi tərəqqisi, bütün sahələrin uğurlu inkişafına geniş yol açan davamlılıq son 15 ildə aparılan məqsədyönlü siyasətin məntiqi davamı kimi dəyərləndirilməlidir: “Büdcədən maliyyələşən təşkilatların əmək haqqısının artırılması sevindiricidir. Əmək haqqının artırılması həmin ailələrin maddi vəziyyətinin yaxşılaşmasına səbəb olacaq”.

Günel CƏLİLOVA

Son xəbərlər