18/03/2019 18:37
728 x 90

Azərbaycanda yeni layihə - ödənişli ictimai iş nə deməkdir...

“Vətəndaşların ictimai işlə təmin edilməsi ilə bağlı fəaliyyətlərin genişləndirilməsi məqsədəuyğundur”

img

Vüqar Bayramov: “Xüsusən də minimum əməkhaqqı 130 manatdan 180 manata qaldırılandan sonra bu tip...”

 

“Mənim göstərişimlə Azərbaycanın rayonlarında ödənişli ictimai işlər yaradılıb”. Bunu Prezident İlham Əliyev Beyləqan rayonundakı Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra idmançılar və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.

Ölkə başçısı bildirib ki, bu il ən azı 30 min ictimai iş yaradılacaq: “Həm Bakıda, böyük şəhərlərdə, bütün rayonlarda, o cümlədən Beyləqan rayonunda yüzlərlə ödənişli ictimai iş yaradılıb ki, hələlik iş tapa bilməyən vətəndaşlar bu işlərə cəlb olunsunlar və maaş alsınlar”.

Dövlət başçısı qeyd edib ki, sahibkarlığa dəstək göstərilir, güzəştli şərtlərlə kreditlər verilir: “Beyləqanda üç aqropark yaradılıb. Vətəndaşlar orada çalışırlar, işləyirlər. Kənd təsərrüfatı müasir səviyyədə inkişaf etdirilir”.

Görünən odur ki, bu kimi tədbirlər rayonlarda işsizliyin aradan qaldırılmasına və məşğulluğun təmin olunmasına müsbət təsir göstərir. Müşahidələr göstərir ki, rayonlarda məşğulluğun təmin edilməsi ilə bağlı bu tədbirlər ümumən müsbət effekt verir. Nəzərə almaq lazımdır ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı indyə qədər bir sıra işlər görülüb.

Bütün bu deyilənlərlə yanaşı, maraqlıdır, ictimai işlərin mahiyyəti nədir? Ekspertlər bunu necə dəyərləndirirlər?

Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, ictimai iş daha çox regionlarda yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilən layihələr və vətəndaşların buna cəlbi deməkdir: “Son illər ödənişli ictimai işlərə cəlb olunan vətəndaşların sayında artımlar var. Bu da, nəticə etibarilə, onlar üçün müvəqqəti də olsa iş yeri və əməkhaqqı deməkdir. Xüsusən də minimum əməkhaqqı 130 manatdan 180 manata qaldırılandan sonra bu tip ictimai işlərə marağın artması müşahidə olunur. Çünki əməkhaqlarının artırılması, birmənalı şəkildə, vətəndaşların işlə təmin olunmasına müsbət təsir edir. O baxımdan düşünürəm ki, vətəndaşların ictimai işlə təmin edilməsi ilə bağlı fəaliyyətlərin genişləndirilməsi məqsədəuyğundur. Növbəti illərdə yerli icra qurumlarının timsalında vətəndaşların ictimai işlərə daha çox cəlbi gözlənir. Bu onların əməkhaqqı ilə təmin olunmasına kömək edəcək. Bu baxımdan, yeni 30 min ictimai işin yaradılacağı təqdirəlayiqdir”.

Vidadi ORDAHALLI  

Son xəbərlər