23/02/2019 05:46
728 x 90

Gül ixracı üzrə Azərbaycan dövlətlər arasında öncül yerini necə qaytara bilər?

“Gülçülük sahəsinin inkişafı yeni iş yerlərinin sayının artmasına səbəb ola bilər”

img

Qadir Bayramlı: “Bu sahə ilə məşğul olanlara müəyyən güzəştlər tətbiq edilməlidir”

 

İnsanların hədiyyə qismində təqdim etdikləri sırasında gül ilk sırada yer alır. Xüsusi bayramlar var ki, həmin vaxt gül satışı yüksək olur. Bir çox ölkə gülçülük sahəsi ilə dünyada ad qazanıb. Ümumiyyətlə, dünyada bir çox ölkə çiçəkdən qazanc əldə edir.

Bu gün Hollandiyanın çiçək satışından illik ixracı 4,5 milyard dollardan çoxdur. Bir sıra dünya ölkələrində sənayeyönümlü gülçülük də inkişaf etdirilir. Dünya bazarlarında gül yağına da tələbat hər il artmaqdadır. Dünya bazarlarında gül yağının bir kq. qiyməti 5 min-6 min 500 avro arasındadır.

Bəllidir ki, bu gün Azərbaycana güllər ən çox Hollandiya, Fransa, İspaniya, İran və Türkiyədən gətirilir.

Məlumat üçün bildirək ki, respublikada ilk dəfə olaraq sənaye xarakterli gülçülük təsərrüfatı Şəki-Zaqatala bölgəsində yaradılıb. Ötən əsrin 70-ci illərində isə Azərbaycanda böyük gülçülük təsərrüfatları olub. Ən çox gülçülük sovxozları Zabrat, Maştağa, Nardaran, Bilgəh, Mərdəkan və Şüvəlanda fəaliyyət göstərib. Bakı kəndlərində bu sahələr həm Azərbaycanı, həm də keçmiş Sovet İttifaqını güllə təmin edib. Lakin Sovet İttifaqı dağıldıqdan sonra gülçülük təsərrüfatları da geriləməyə başlayıb.

Dünyada kəsilmiş güllərin ixracında Hollandiya, Kolumbiya, Ekvador, Keniya, Zimbabve, Zambiya, Tailand ön sıradadır. Dibçək güllərinin ixracında isə Hollandiya (48%), Danimarka (16%), Belçika (10%) ilk sıralarda gəlir.

Mərkəzi Anadolu Dekorativ Gül və Məhsul İxracatçıları Assosiasiyasının başçısı İsmayıl Yılmaz Türkiyə mediasına açıqlamasında bildirib ki, Azərbaycan Türkiyədən ən iri gül idxalçıları sırasındadır.

Azərbaycanın gülçülük sahəsində hazırda vəziyyət nə yerdədir? Daha çox hansı ölkələrə gül ixrac edilir?

Mövzu ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Qadir Bayramlıya müraciət etdik. O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda ənənəvi gülçülük sahəsi var: “Gülçülük sahəsində ölkəmiz müəyyən təcrübəyə malikdir. Sovet dönəmində Azərbaycan digər regionlara ən çox gül göndərən respublikalardan biri idi. O zaman bu sahədə xeyli inkişaf var idi. 1990-cı ildən etibarən iqtisadiyyatın digər sahələrində yaşanan tənəzzül gülçülük sahəsinə də təsir etdi. Bu səbəbdən biz xeyli bazar itirdik. Gülçülük sahəsinin geriləməsi səbəblərindən biri Azərbaycanda istixanaların istiliklə təminatında problem yaşanması idi. Belə olan halda, gülçülük sahəsinə maraq azaldı. Bununla yanaşı, gülçülüklə məşğul olan müəyyən təsərrüfatlar var idi ki, onlar qalmışdı”.

Həmsöhbətimiz hesab edir ki, gülçülük sahəsinin inkişafı üçün bu sahə ilə məşğul olanlara müəyyən güzəştlər tətbiq edilməlidir. İlk olaraq, onlar münasib qiymətə istiliklə təmin olunmalı, dövlət tərəfindən dəstək verilməklə onların yer təminatı yaxşılaşdırılmalıdır: “Gülçülükdə müasir avadanlıqlar, sistemlər tətbiq olunmalı, xəstəliklərə qarşı preparatlarla təmin olunmalı, uzunmüddətli kreditlər verilməlidir. Bununla yanaşı, aqrosığorta da tətbiq olunmalı, bu işlə məşğul olanlara müstəqillik verilməlidır. Eyni zamanda, xarici təcrübə də araşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, gülçülükdə yeni üsullar yaranıb. Bütün bunlar gülçüklük sahəsində tətbiq olunarsa, qeyd olunan sahədə inkişaf baş verə bilər”.

Ekspert onu da vurğuladı ki, gülçülük sahəsinin inkişafı yeni iş yerlərinin sayının artmasına səbəb ola bilər.

Q.Bayramlının sözlərinə görə, gülçülük əsasən Abşeron yarımadasında inkişaf edib. Yaxşı olar ki, bu sahə respublikanın digər rayonlarında da yayılsın: “Gülçülük sahəsini gücləndirmək üçün peşəyönümlü ixtisaslar açılmalıdır. Bu sahədə elmi tədqiqatlar genişlənməlidir”.
Günel CƏLİLOVA

Son xəbərlər