23/02/2019 05:39
728 x 90

Minimum əməkhaqqının artırılması pensiyaların artımına necə təsir göstərəcək...

“Minimum əməkhaqqının artırılması pensiyaların həcminə də öz təsirini göstərəcək”

img

Rəsul Cahangirli: “Pensiyaların nə qədər artacağı orta aylıq nominal əməkhaqqının artım tempinə əsasən müəyyən olunur”

 

Məlum olduğu kimi, Prezident minimum əməkhaqqının 130 manatdan 180 manata çatdırılması barədə sərəncam imzalayıb. Qeyd edək ki, minimum əməkhaqqı 2018-ci ilin yanvarında 116 manatdan 130 manata qədər artırılmışdı.

Bu addımı zəruri edən əsas səbəb odur ki, manatın kəskin dəyər itirdiyi və onun səbəb olduğu ikirəqəmli inflyasiyanın baş verməsi nəticəsində, rəsmi məlumata görə, 2014-cü ildən indiyədək yaşayışın dəyəri 50 faizədək artıb. Məsələn, 2014-cü ilin yekunlarına görə, rəsmi təsdiqlənən yaşayış minimumunun dəyəri 125 manat idisə, hazırda 180 manatdır. O vaxtdan indiyə qədər bunda 55 manat artım var.

Azərbaycanda rəsmi olaraq yaşayış minimumu 2007-ci ildən tətbiq edilməyə başlanıb. O zaman yaşayış minimumu 64 manat, minimum əməkhaqqı 64 manat idi. Minimum əməkhaqqı dövlətin əlində özəl sektorda məvacibləri tənzimləyə biləcək yeganə mexanizmdir. Əmək qanunvericiliyinə görə, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, heç kəs öz işçisnə bu məbləğdən aşağı maaş verə bilməz.

Rəsmi açıqlamaya görə, minimum əməkhaqqının artımı 600 minə yaxın insanın maaşına təsir göstərəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım özünü göstərəcək.

O da qeyd edilməlidir ki, Azərbaycanda 1 milyon 300 min nəfərə yaxın pensiya alan var. Artıq inflyasiyaya uyğun olaraq, pensiyaların sığorta hissəsinin artırılmasına qərar verilib.

Bütün bunların fonunda, minimum əməkhaqqının artırılması pensiyaların məbləğinə necə təsir göstərəcək?

Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, sözügedən artımlar pensiyaların həcminə də öz təsirini göstərəcək: “Çünki adətən belə artımlar bu və ya digər dərəcədə pensiya artımına da öz təsirini göstərir. Zaman-zaman belə artımlar pensiyaların da artımına gətirib çıxarıb. Artıq bu, ənənə halını alıb. Eyni zamanda, pensiyaların nə qədər artırılacağı rəsmi səviyyədə də bəyan olunub. 2018-ci ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 544,1 manat olub. Rəsmi statistikaya əsasən, orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 3 faiz artıb. Məlumat üçün bildirək ki, pensiyaların nə qədər artacağı orta aylıq nominal əməkhaqqının artım tempinə əsasən müəyyən olunur. Bu isə o deməkdir ki, bu il üçün  pensiyalar da 3 faiz həddində artırılacaq. Yəni 200 manat pensiyada artım 6 manat, 150 manat pensiyada artım 4,5 manat, 100 manat pensiyada isə artım 3 manat olacaq. Onu da qeyd edək ki, 2017-ci il ərzində ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2016-cı ilə nisbətən 5,7 faiz artdığı üçün, 2018-ci ilin əvvəlində pensiyalar 5,7 faiz artırıldı. Hesab edirəm ki, iqtisadi artım yüksəldikcə, bu, pensiyaların məbləğinin daha da artmasına öz təsirini göstərə bilər. Onu da nəzərə almaq lazımdır ki, pensiyaların böyük məbləğdə artırılması inflyasiyanın böyük rəqəmlərlə ölçülməsinə gətirib çıxara bilər. O üzdən, belə artımlar bu kimi məqamlar nəzərə alınmaqla həyata keçirilməlidir”.

Vidadi ORDAHALLI

Son xəbərlər