23/02/2019 05:46
728 x 90

Ekspert ölkədə əməkhaqlarının artım məsələsinin artıq müzakirə olunduğunu deyir

img

Fikrət Yusifov: “Yaxın gələcəkdə bir sıra sahələrdə əməkhaqqının artırılması ilə bağlı qərarlar qəbul oluna bilər”
Könül Nuriyeva:İqtisadiyyatda yaşanan inkişaf bu templə davam edərsə, müxtəlif sahələrdə əməkhaqqının məbləği də arta bilər

 

“Minimum əməkhaqqı davamlı olaraq artırılacaq". Bunu media nümayəndələrinə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov bildirib.

O qeyd edib ki, beynəlxalq təcrübədə əməkhaqlarının paket şəklində verilməsi qeyri-rəsmi məşğulluğun bir növü kimi qiymətləndirilir: "Minimum əməkhaqqının artırılmasını qeyri-rəsmi məşğulluğun aradan qaldırılması kimi qəbul etmək lazımdır. Bu zaman əməkhaqqının qeyri-rəsmi verilən hissəsi rəsmiləşmiş olur. İşəgötürən ixtisassız şəxslərə əməkhaqqını 180 manatdan az verməməlidir. Qeyri-rəsmi verilən əməkhaqqının iqtisadiyyatımıza mənfi tərəfləri çoxdur. İşçi bundan gəlir vergisi vermir, dövlətə daxilolmalar azalır. Büdcəyə daxilolmalar artdıqca, əhalinin sosial müdafiəsinin yaxşılaşmasına daha çox vəsait ayrılır".

Ekspertlərin fikrincə, ölkə əhalisinin sosial rifahının yüksəlməsi istiqamətində mütəmadi olaraq əməkhaqqı artırılır və artırılacaq.

İqtisadçı-ekspert Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bir sıra sahələrdə əməkhaqqının artırılması gözlənir. Xüsusən də dövlətin ayrı-ayrı strukturlarında çalışan şəxslərin əməkhaqqı artacaq: “Məsələn, dövlət qulluğunda çalışan şəxslərin əməkhaqqında artım qeydə alına bilər. Ancaq hansısa qurumun sektor müdiri və ya onun müavini vəzifəsində çalışan şəxslərin əməkhaqqında artım baş verə bilməz. Məndə olan məlumata görə, əməkhaqqı ilə bağlı layihələr artıq müzakirəyə çıxarılıb. Yaxın gələcəkdə bir sıra sahələrdə əməkhaqqının artırılması ilə bağlı qərarların qəbul olunmasının şahidi olacağıq. Növbəti artım çox güman ki, cari il ərzində yaşanacaq”.

İqtisadçı-ekspert Könül Nuriyeva bildirdi ki, son zamanlar ölkə iqtisadiyyatında uğurlu inkişaf yaşanır. Təbii ki, inkişaf olursa, bu hal minimum əməkhaqqının artmasına da təsir edəcək. Ölkəyə yatırılan investisiyaların həcminin artması əməkhaqqının artmasına təsir edəcək. Əhalinin rifah halının yüksəlməsi üçün davamlı şəkildə minimum əməkhaqqının məbləği artırıla bilər: “İqtisadiyyatda yaşanan inkişaf bu templə davam edərsə, müxtəlif sahələrdə əməkhaqqının məbləği də arta bilər”.

Günel CƏLİLOVA 

Son xəbərlər