23/02/2019 05:45
728 x 90

Azərbaycanın ümumi ixracı ildə 20 milyardı ötdü...

“Aparılan islahatlar və görülən işlər ölkə iqtisadiyyatının inkişafını stimullaşdırır”

img

Rəsul Cahangirli: “Bütün bunlar, nəticə etibarilə, ixracda ciddi nəticələrin əldə olunmasına öz müsbət təsirini göstərib”

 

2018-ci ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 185 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 113 ölkəyə məhsul ixrac olunub, 178 ölkədən isə idxal olunub.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 31 milyard 755,9 milyon dollar, o cümlədən, ixracın dəyəri 20 milyard 290,9 milyon dollar, idxalın dəyəri 11 milyard 465,0 milyon dollar təşkil edib. Nəticədə 8 milyard 825,9 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

2017-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 30,9 faiz, o cümlədən ixrac 31,1 faiz, idxal 30,5 faiz artıb. Digər tərəfdən, 2018-ci ildə ölkədən 1689,2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2017-ci ilə nisbətən faktiki qiymətlərlə 9,8 faiz çoxdur.

Ümumilikdə, Azərbaycanın ixrac etdiyi məhsulların dəyərinin 20 milyard dollardan çox olması ölkənin ciddi inkişafından xəbər verir. Bütün bunlar da təsadüfi deyil. Məsələ ondadır ki, Azərbaycanda son illər müxtəlif sahələrdə həyata keçirilən islahatların müsbət nəticəsi hər ötən il özünü daha qabarıq şəkildə göstərir. Ölkəmiz dünyada əsasən nef-qaz istehsalçısı və ixracatçısı kimi tanınsa da, görülən işlərin nəticəsi olaraq qeyri-neft sektorunda böyük canlanma müşahidə olunmaqdadır. Bütün bunların nəticəsidir ki, ötən il Azərbaycanın ixrac etdiyi məhsulların dəyəri 20 milyard dollardan çox olub.

Ümumən, bu göstəricini ekspertlər necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, belə bir artım ölkə iqtisadiyyatının ciddi inkişafından xəbər verir: “Reallıq ondan ibarətdir ki, aparılan islahatlar və görülən işlər ölkə iqtisadiyyatının inkişafını stimullaşdırır. Bu da bütün sahələrdə özünü göstərir. Nəticədə ixrac olunan məhsulların həcmi, dəyəri artır. 2018-ci ildə Azərbaycan 1 milyard 689 milyon dollar dəyərində qeyri-neft məhsulu ixrac edib. Bu isə 2017-ci ilə nisbətən 10 faiz çoxdur. Hesab edirəm ki, indiki dövrdə bütün bunlar çox ciddi rəqəmlərdir. Ötən il çox ixrac edilən qeyri-neft məhsulları əsasən pomidor, qızıl və xurma olub. Təkcə meyvə-tərəvəz ixracı 560 milyon dollar olub. Bununla yanaşı, digər məhsulların ixracı da artır. MDB ölkələrinə dəyəri 1 milyardan çox ixrac həyata keçirilib. Bunun üzərinə Avropa, Ərəb və Şərq ölkələrinə olan ixrac məbləğini əlavə etsək, deyilənlərin reallığı əks etdirdiyini göstərir. Düzdür, ölkə ixracında neft-qaz məhsulları əsas paya malikdir, ancaq qeyri-neft sektorunun inkişafı ilə bağlı böyük işlər görülür. İxracın sürətlə artmasında Prezident İlham Əliyevin verdiyi qərarlar, eləcə də Strateji Yol Xəritəsi və regionların iqtisadi inkişafına dair dövlət proqramları həlledici rola malikdir. İxracın nəinki MDB, o cümlədən digər ölkələrə artırılması üçün dövlət tərəfindən sahibkarlara ciddi köməklik edilir. Ötən il sənayenin inkişafı ilə yanaşı, üzümçülüyün, pambıqçılığın, baramaçılığın, şərabçılığın, tütünçülük sənayesinin inkişafı ilə də bağlı böyük işlər görülüb. Bütün bunlar, nəticə etibarilə, ixracda ciddi nəticələrin əldə olunmasına öz müsbət təsirini göstərib”.

Vidadi ORDAHALLI

Son xəbərlər