23/02/2019 05:40
728 x 90

180 manat minimum əməkhaqqı sahibkarların vəziyyətini ağırlaşdıracaq?

“Minimum əməkhaqqının artırılması sahibkarlıqla məşğul olanlara əlverişli şərait yaradacaq”

img

Aydın Hüseynov: “Sahibkar işçiyə yüksək əməkhaqqı verərsə, bu onun məhsuldarlığına müsbət təsir edəcək”

 

Məlum olduğu kimi, Prezident minimum əməkhaqqının 130 manatdan 180 manata çatdırılması barədə sərəncam imzalayıb. Minimum əməkhaqqı 2018-ci ilin yanvarında 116 manatdan 130 manata qədər artırılıb.

Qeyd edək ki, Azərbaycanda rəsmi olaraq yaşayış minimumu 2007-ci ildən tətbiq edilməyə başlayıb. O zaman yaşayış minimumu 64 manat, minimum əməkhaqqı 64 manat idi. Ötən həftə Prezidentin sərəncamı ilə son 12 ildə ilk dəfə olaraq yaşayış minimumunun rəsmi dəyərilə minimum əməkhaqqının məbləği bərabərləşib.

Minimum əməkhaqqının artımı ekspertlər tərəfindən də müsbət qiymətləndirilir. Lakin bu artımın bahalaşmaya və inflyasiyanın artmasına səbəb olacağı da istisna edilməyib. Onların fikrincə, Azərbaycanda həmişə maaş və təqaüdlərin artması ilə paralel olaraq qiymətlər də artır, bu, bahalaşmanı tətikləyən bir amil olur: “Minimum əməkhaqqının artırılması ilə bazara əlavə manat kütləsi daxil olacaq, il ərzində təxminən 450 milyon manata yaxın əlavə ödənişlər olacaq. Bazara əlavə vəsait daxil olması inflyasiyanı və qiymət artımını tətikləyən faktorlardan biri ola bilər”.

Həmin ekspertlərin fikrincə, minimum əməkhaqqının artmasının əsasən orta və ali təhsil sistemində çalışanlara təsiri olmayacaq. Ancaq bu qayda sahibkarlıqla məşğul olanların xərcini artıracaq.

Millət vəkili Aydın Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, minimum əməkhaqqının artırılması sahibkarlara heç bir sahədə təsir etməyəcək: “Minimum əməkhaqqının artırılması iqtisadiyyatın bütün sahələrinə müsbət təsir göstərəcək. Məlumdur ki, dövlət büdcəsindən 400 milyon vəsait ayrılıb. Bu isə o deməkdir ki, ay ərzində azı 35 milyondan yuxarı vəsait ümumi dövriyyəyə daxil olur. Dövriyyəyə çox vəsaitin daxil olması iqtisadiyyatın bütün sferalarında özünü göstərəcək. Eyni zamanda, minimum əməkhaqqının artırılması sahibkarlıqla məşğul olanlara əlverişli şərait yaradacaq. Nəzərə almaq lazımdır ki, sahibkar işçiyə yüksək əməkhaqqı verərsə, bu onun məhsuldarlığına müsbət təsir edəcək. Həmçinin, işçilər də öz işinə daha məsuliyyətlə yanaşacaqlar. Təbii ki, bu amil sahibkarlıqla məşğul olanların xeyrinə təsir edəcək”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, minimum əməkhaqqının artması, ekspertlərin dediyi kimi, inflyasiyaya səbəb olmayacaq. Onun fikrincə, minimum əməkhaqqının artması sahibkarla işçi arasındakı münasibətlərin sağlamlaşmasına şərait yaradacaq.

Günel CƏLİLOVA

Son xəbərlər