23/02/2019 05:47
728 x 90

Minimum əməkhaqqı artımı ilə inflyasiya artımını əlaqələndirənlərə ekspert sözü...

Fikrət Yusifov: “Minimum əməkhaqqının artırılması ilə ölkədə inflyasiyanın da artacağına dair səslənən fikirlərin heç bir əsası yoxdur”

img

“Beynəlxalq təşkilatların Azərbaycanda inflyasiya barədə proqnozları hökumətin proqnozları ilə üst-üstə düşür”

 

Məlum olduğu kimi, Prezient İlham Əliyevin sərəncamı ilə martın 1-dən minimum əməkhaqqı 38,5 faiz (50 manat) artırılaraq 180 manata çatdırılacaq. Sözügedən qərar dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və özəl sektorda çalışan azı 600 min işçinin əməkhaqqının artmasına imkan verəcək.

Rəsmi məlumata görə, dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə bu artım əməkhaqları Vahid Tarif Cədvəli (VTC) üzrə ödənilən 450 mindən çox işçiyə şamil olunacaq. Eyni zamanda, minimum əməkhaqqı artımı özəl sektorda çalışan və əməkhaqqı 180 manatdan az olan işçilərin (ilkin hesablamalara əsasən, azı 150 min nəfər) əməkhaqqının artmasına səbəb olacaq. Sərəncam həm də muzdla çalışanların azı 40 faizinin əməkhaqlarının artmasına imkan verəcək.

Bütün bunlardan çıxış edərək, bəziləri sosial şəbəkələrdə məsələ ilə bağlı müəyyən müzakirələr açıblar. İddia edirlər ki, guya məlum artımlar ölkədə inflyasiyaya ciddi təkan verəcək. Məhsulların qiyməti bir müddətdən sora bahalaşacaq və bu, əhalinin sosial vəziyyətinə mənfi təsir edəcək. Əslində isə bu belə deyil. Ona görə ki, artımlar məsələsində bütün parametrlər nəzərə alınıb. Bu il üçün inflyasiya gözləntiləri böyük deyil.   

Bu günlərdə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bəyan etdi ki, 2019-cu ildə bank səlahiyyətləri çərçivəsində qiymət sabitliyini təmin etmək məqsədilə inflyasiyanı 4 faiz səviyyəsində saxlamağı planlaşdırır. Onun sözlərinə görə, manatın sabitliyi gələn il inflyasiyanın aşağı səviyyəsinin əsas şərtlərindən biri olacaq.

Bundan başqa, aparıcı reytinq agentlikləri də Azərbaycanda inflyasiyanın aşağı olacağını bəyan edirlər. Məsələn, “Fitch” beynəlxalq reytinq agentliyi qarşıdakı üç il ərzində manatın məzənnəsinin hansı səviyyədə qalacağı ilə bağlı proqnoz açıqlayıb. Qeyd olunur ki, 2018-2021-ci illərdə Azərbaycanda ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7 manat qalacaq.

Digər reytinq agentliyi “Standard and Poors” 2021-ci ilə qədər dollar/manat cütlüyünün 1,97 səviyyəsində olacağı proqnozunu verib.

Belə olan halda, inflyasiyanın artacağı ilə bağlı səslənən iddialar nə dərəcədə doğrudur?

Məsələyə münasibət bildirən iqtisad elmləri doktoru Fikrət Yusifovun sözlərinə görə, inflyasiyanın artacağı ilə bağlı deyilənlərin əsası yoxdur: “Minimum əməkhaqqının artırılması ilə ölkədə inflyasiyanın da artacağına dair səslənən fikirlərin heç bir əsası yoxdur. Hökumət bu artımları, minimum əməkhaqqının artımını da 2019-cu il üçün öncədən proqnozlaşdırıb. Beynəlxalq təşkilatların da Azərbaycanda inflyasiya barədə proqnozları hökumətin proqnozları ilə üst-üstə düşür. Son illər Azərbaycanda sosial məsələlərin həlli istiqamətində bir-birinin ardınca olduqca mühüm qərararlar qəbul edilir. Bu il də istisna təşkil etmədi. Cari ilin ötən dövrü ərzində artıq əhalinin sosial müdafiəsi ilə bağlı çox mühüm qərarlar qəbul edilib. Prezident İlham Əliyevin son sərəncamı əhalinin sosial durumunun yaxşılaşdırılması sahəsində inqilabi bir addım idi. Bu addımın miqyası olduqca böyük, onun əhatə dairəsi isə kifayət qədər genişdir. Bu addım ölkə Prezidentinin daxili siyasətində sosial məsələlərin hansı səviyyədə dayandığını bir daha hər kəsə əyani bir şəkildə göstərdi. Son illər, demək olar ki, hər dəfə ölkə başçısı ilin başlanğıcında insanların əməkhaqlarının və təqaüdlərinin artırılmasının qayğısına qalır. O bu addımları dünya iqtisadi böhranının ölkəmizin iqtisadiyyatında azalmalara səbəb olduğu 2016-cı il başa çatan kimi - yəni 2017-ci ilin yanvar ayında da belə atdı. Dünya iqtisadi böhranının Azərbaycan iqtisadiyyatı üçün yaratdığı mənfi fəsadlara və ümumu iqtisadiyyatın 3,8 faiz azalmasına baxmayaraq, Prezident yenə də əhalinin sosial təminatı ilə bağlı məsələlərə yox demədi”.

F.Yusifovun fikrincə, sözügedən bu mühüm sosial əhəmiyyətli tədbir, eyni zamanda, əmək münasibətlərinin leqallaşdırılması istiqamətində istədiyimiz nəticələrin əldə olunmasına imkan verəcək: “Minimum əməkhaqqının 180 manat səviyyəsində müəyyən olunması o deməkdir ki, mülkiyyət formasından asılı olmayaraq, heç bir müəssisə onda çalışan işçilərə bundan az əməkhaqqı verə bilməz. Əmək qanunvericiliyinə əsasən, əməkhaqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənişlərin məcmusudur. İşçilərin əməkhaqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əməkhaqqı miqdarından az əməkhaqqı verilməsi qanunla qadağandır”.

Vidadi ORDAHALLI

Son xəbərlər