23/02/2019 05:38
728 x 90

Prezident bank əmanətlərinin tam sığortalanması müddətindən narahat vətəndaşlara da əlini uzatdı…

“Banklara dövlət zəmanəti olmadan vəsaitin yerləşdirilməsi risqli hesab olunur”

img

Rəşad Həsənov: “Əmanətlərin sığortalanması ilə bağlı müddət uzadılarsa, bu, bank və maliyyə sektorunun inkişafına səbəb ola bilər”

 

Məlum olduğu kimi, 2016-cı ildən tətbiqinə başlanan “Əmanətlərin tam sığortlanması haqqında” Qanunun vaxtı bu ilin mart ayında bitəcək. Ekspertlər bildirirdilər ki, bu müddət uzadılmazsa, bank sektorunda böhran yaşana bilər. Bu səbəbdən də əmanətlərin sığortalanması müddətinin uzadılması təklif olunurdu.  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əmanətlərin tam sığortalanması müddətinin bir il də uzadılması təşəbbüsünü irəli sürüb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib. O qeyd edib ki, “Əmanətlərin tam sığortalanması haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihə Milli Məclisdədir: “Prezident İlham Əliyevin təşəbbüsü ilə əmanətlərin tam sığortalanması 2020-ci ilin mart ayının 4-ə qədər uzadılır. Beləliklə, Əmanətlərin Sığortalanması Fonduna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla növbəti bir il müddətində də tam sığortalanır və tam kompensasiya olunur. Sığortalanmış əmanət qorunan əmanətin (bank hesabında olan vəsaitin) elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə Fond tərəfindən kompensasiya olunur. Sığorta hadisəsi baş verdikdə kompensasiya milli valyutada olan əmanətlərə manatda, ABŞ dolları və avroda olan əmanətlərə həmin valyutalarda veriləcək”.

Əmanətlərin tam sığortalanması müddətinin bir il uzadılmasının maliyyə və iqtisadi sektor üçün əhəmiyyəti nə olacaq?

İqtisadçı-ekspert Rəşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, uzun müddət idi ki, ölkə ictimaiyyəti əmanətlərin tam sığortalanması müddətinin uzadılmasının vacibliyini bildirirdi: “Digər sektorlarla müqayisədə maliyyə və bank sektoru mövcud problemləri tam həll edə bilməyib. Bankların sağlamlaşdırılması prosesi hələ başa çatmayıb, risq qalmaqdadır. Nəzərə almaq lazımdır ki, məzənnə risqləri də hələ də öz aktuallığını qoruyur. Bu, bazar iştirakçılarının davranışında da öz əksini tapır. Bəzi hallarda insanlar öz əmanətlərini vaxtsız geri çəkirlər. Bu isə onu deməyə əsas verir ki, hələlik bank sektorunun nüfuzunun aşağı olması və eyni zamanda, məzənnə risqlərinin mövcudluğu şəraitində əmanətlərin sığortalanması ilə bağlı qanunvericilikdə məhdudiyyət tətbiq olunarsa, bu zaman bankların əmanət cəlb  etməkdə ciddi problemi yarana bilər. Bu vəsaitlər insanların əlində yığım şəklində qalarsa, sonrakı dövr ərzində məzənnə risqi zamanında pul valyuta bazarlarına yönələr və manatı təhlükə gözləyə bilər. Həmçinin, vəsaitlərin real və bank sektorundan kənarda qalması onların iqtisadi dinamika üçün istifadəsini məhdudlaşdırar, dövriyyədən kənarlaşmasına səbəb ola bilər. Təbii ki, bunların heç biri arzuolunan deyil. Hazırkı şərtlər daxilində banklarda vəsaitlərin yerləşdirilməsi risqli hesab olunur”.

Həmsöhbətimiz onu da bildirdi ki,banklara dövlət zəmanəti olmadan vəsaitin yerləşdirilməsi risqli hesab olunur. Banklara 813 milyarda yaxın vəsait yerləşdirilib ki, onun da 16, 4 milyardı qorunan əmanətlərdir. Əmanətlərin sığortalanması ilə bağlı müddət uzadılarsa, bu, bank və maliyyə sektorunun inkişafına səbəb ola bilər.

Günel CƏLİLOVA

Son xəbərlər