23/02/2019 05:45
728 x 90

Avropadan Azərbaycana manatla kredit – milli valyutamızın gücü, ya...

“AYİB-in ölkəmizə milli valyutamız olan manatla kredit verməsi maraqlı qərardır”

img

Yaşar Əsədov: “Manatla ölkəmizə kredit verilirsə, deməli, ölkədən xaricə çıxan milli valyutanın bir hissəsi geri qayıdacaq”

 

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan şirkətlərinə manatla kredit ayrılmasının davam etdirilməsi imkanlarına baxmağa hazırdır. Bunu bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri İvana Duarte deyib. O bildirib ki, yerli kapital bazarlarının inkişafı və yerli valyutada kreditləşdirmə AYİB-in Azərbaycanda əsas prioritetlərindən biridir: "Əsasən milli valyutada gəlir qazanan şirkətlər valyuta risqləri ilə üzləşməməlidirlər".

Xanım İ.Duarte Azərbaycanda manat istiqrazlarının buraxılması prosesindən də danışıb: "Bu proses zəruri hüquq bazanın olmasından, həmçinin, münasib bazar şərtlərindən asılıdır. Bütün zəruri elementlər təmin olunan kimi müvafiq informasiyanı təqdim edəcək və manat istiqrazlarının buraxılışını elan edəcəyik".

Nümayəndəliyin rəhbəri AYİB-in bu məsələlərin həlli və həmin prosesin icrası ilə bağlı müvafiq qurumlarla işlədiyini təsdiq edib.

Məlumat üçün qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda 2017-ci ilin sonunda ilk dəfə olaraq yerli valyuta ilə korporativ kredit verib. Kredit plastik və metal boruların iri istehsalçısı olan METAK şirkətinə ayrılıb. Kreditin dəyəri manat ekvivalentində 8 milyon avro təşkil edib.

Görünən odur ki, AYİB yenidən bu istiqamətdə kredit siyasətini davam etdirmək istəyir. Ümumilikdə, mili valyuta ilə kredit verilməsi sahibkarlar üçün daha sərfəlidir. Bu baxımdan xarici maliyyə qurumunun belə təkliflə çıxış etməsi maraqlıdır. Adətən belə qurumlar xarici valyuta ilə kredit təklif edirlər. Bütövlükdə, AYİB tərəfindən təklif olunan kreditlərin arxasında nə dayanır və ekspertlər ümumən bunu necə şərh edirlər?

Sözügedən məsələni dəyərləndirən iqtisadçı-ekspert Yaşar Əsədovun fikrincə, bunun bir sıra üstünlükləri ola bilər: “AYİB-in milli valyuta ilə kredit verməsilə xaricə axan manatın bir hissəsi geri qayıdacaq. Avropa Yenidənqurma və İnkişaf Bankının ölkəmizə milli valyutamız olan manatla kredit verməsi maraqlı qərardır. Bu məqam onu düşünməyə əsas verir ki, həmin maliyyə institutunun Azərbaycan valyutasında da ehtiyatları var. Həmin bankda Azərbaycan milli valyutası toplanıb və manatla ölkəmizə kredit verilirsə, deməli, ölkədən xaricə çıxan milli valyutanın bir hissəsi geri qayıdacaq. Bundan çıxış edərək deyə bilərik ki, dövriyyədə olan milli valyutanın həcmi artacaq. Bu da, öz növbəsində, milli valyutanın, tələb və təklifə uyğun olaraq, qiymətdən düşməsi ilə bağlı bəzi risqlər meydana çıxara bilər. Çünki milli valyuta ölkəmizdə daxili dövriyyədə istifadə olunur. Xarici ticarət əlaqələrində isə, faktiki olaraq, manatdan istifadə edilmir. Ancaq, hər halda, nəzərə almaq lazımdır ki, bundan əvvəl də manatla kredit verilib. Bunun hər hansı fəsadı olmayıb. O baxımdan elə bir problemin olmayacağını düşünürəm”.

Vidadi ORDAHALLI

Son xəbərlər