17/02/2019 21:00
728 x 90

MDB ölkələri arasında kapitallaşmaya görə ən yüksək səviyyə Azərbaycana nə verir…

“Bank sektoruna yatırılan investisiyaların həcminin artması da kapitallaşmanın həcminə təsir göstərir”

img

Könül Nuriyeva: “Son zamanlar bank sektorunda maliyyə vasitəçiliyinin artması müşahidə olunur”

 

“Moodys" Azərbaycan bank sektoru ilə bağlı açıqlama yayıb. Agentlik bildirir ki, Azərbaycan bank sektoru MDB ölkələri arasında ən yüksək kapitallaşma səviyyəsinə malikdir.

“Moodys Investors Service” beynəlxalq reytinq agentliyinin yeni hesabatında həmin nailiyyət başlıca olaraq ölkənin ən iri bankı olan Azərbaycan Beynəlxalq Bankına (İnternational Bank of Azerbaijan – İBA) dövlət tərəfindən göstərilən maliyyə yardımları ilə izah edilir.

Bundan əlavə, MDB ölkələrində iqtisadi artım sürətinin yenidən artması ilə bütün region boyu əməliyyat mühitinin də yaxşılaşdığı göstərilir: “MDB ölkələrinin iqtisadiyyatlarının 2017-2018-ci illərdə bərpa olunmasından sonra yaxın iki il ərzində iqtisadi artım göstərəcəklərini gözləyirik. MDB ölkələrinin bank sektoruna dair proqnozumuz müsbətdir”.

Azərbaycan bank sektorunun MDB ölkələri arasında ən yüksək kapitallaşma səviyyəsinə yüksəlməsi ilə bağlı fikir bildirən iqtsadçı-ekspert  Könül Nuriyeva “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bank sektorunun kapitallaşması məsələsi bankların özündən asılıdır: “Ötən illərə nisbətən son zamanlar bank sektorunda kapitallaşma artıb. Bunun da səbəbi bank sektoruna güvənlə bağlıdır. Güvənin artması isə dayanıqlı infrastruktura söykənir.

Bank sektoruna yatırılan investisiyaların həcminin artması da kapitallaşmanın həcminə təsir göstərir. MDB ölkələri ilə müqayisədə Azərbaycan bank sektorunun kapitallaşma səviyyəsi üzrə ön sıralarda olması sevindiricidir. Bunun da səbəbi həmin ölkələrin bank sektorunda kapitalın yetərincə olmamasıdır”.

Xanım iqtisadçı bildirdi ki, Azərbaycan bankları banka səhmdar cəlb etməklə kapitalın həcmini artırırlar.

K.Nuriyeva onu da vurğuladı ki, son zamanlar bank sektorunda maliyyə vasitəçiliyinin artması müşahidə olunur. Təbii ki, bu, kapitallaşmanın həcminə təsir göstərir.

Günel CƏLİLOVA

Son xəbərlər