23/03/2019 01:36
728 x 90

Ekspertlər Prezidentin müşavirədəki çıxışının bəzi məqamları üzərində xüsusi təhlillər aparmağa başladı...

“Hesab edirəm ki, 2018-ci ildə əldə olunan nəticələr 2019-cu ildə islahatların dərinləşməsi fonunda artacaq”

img

Fikrət Yusifov: “Qeyri-neft sektorunun fəaliyyət sahəsində işgüzar şərait daha da əlverişli olacaq”

 

Yanvarın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Prezident İlham Əliyev 2018-ci ilin ölkəmiz üçün uğurlu olduğunu, dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik inkişaf etdiyini bildirib.

Ötən il regionların sosial-iqtisadi inkişafı ilə bağlı üçüncü beşillik proqramın başa çatdığını, bu il dördüncü proqramın qəbul olunacağını, keçən il bölgələrə 24 dəfə səfər etdiyini deyən dövlət başçısı ölkədə ictimai-siyasi vəziyyətin sabit olduğunu, xarici siyasət sahəsində də bir sıra uğurların əldə edildiyini, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayının artdığını bildirib.

Prezident qeyd edib ki, 2018-ci ildə hərbi sahədə böyük nailiyyətlər qazanılıb, uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpağa tam nəzarət olunur. Dövlət başçısı xüsusi vurğulayıb ki, 2018-ci ildə üçüncü peykimiz orbitə buraxılıb, “Cənub Qaz Dəhlizi”nin rəsmi açılışı olub, TANAP layihəsi işə düşüb, Ələt Beynəlxalq Ticarət Limanı fəaliyyətə başlayıb. 2018-ci ili həm də dərin islahatlar dövrü kimi xarakterizə edən dövlət başçısı əsas iqtisadi göstəricilərdən danışarkən bildirib ki, ötən il ümumdaxili məhsul 1,4 faiz olub. Qeyri-neft sektoru 1,8, sənaye istehsalı 1,5, kənd təsərrüfatı isə 4,6 faiz artıb. Valyuta ehtiyatları 45 milyard dollara çatıb, ölkədə 118 min daimi iş yeri yaradılıb.

Yekun nitqində 2019-ci ildə qarşıya qoyulan vəzifələrin icra olunacağına əminliyini ifadə edən ölkə başçısı bildirib ki, vergi və gömrük sahəsində aparılan islahatlar çox böyük əhəmiyyət daşıyır. Bu il də infrastruktur layihələrinin icra ediləcəyini deyən Prezident İlham Əliyev qazlaşdırma, içməli su təminatı, kənd və magistral yolların salınması, meliorativ tədbirlərin görülməsi, məcburi köçkünlərin, şəhid ailələri və Qarabağ əlillərinin, həmçinin, hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.

Ümumilikdə, 2018-ci ilin nəticələri, 2019-cu ildə görüləcək işlər baxımından sözügedən iclasda qeyd olunan məsələlərin əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?

Məsələyə münasibət bildirən iqtisad elmləri doktoru Fikrət Yusifovun sözlərinə görə, 2018-ci ildə əldə olunan uğurlu nəticələr bu il davam edəcək: “Ötən il pozitiv göstəricilərlə yadda qaldı. Reallıq ondan ibarətdir ki, bu göstəricilər 2019-cu il üçün nəzərdə tutulan proqnozlara uyğun göstəricilərdir. Hesab edirəm ki, 2018-ci ildə əldə olunan nəticələr 2019-cu ildə islahatların dərinləşməsi fonunda artacaq. Xüsusən də vergi, gömrük islahatlarının dərinləşməsi fonunda, sahibkarların, iş adamlarının vergi yükünün yüngülləşməsi, onun azalması və bununla da sahibkarlıq üçün fəaliyyət meydanının daha da münbitləşdirilməsi nəticəsində daha sürətlə inkişaf edəcək. Bu il 2018-ci ildə yaranmış bazanın üzərində daha yaxşı nəticələr əldə etmək mümkün olacaq. Prezident də müşavirədə məhz bu məsələləri vurğuladı. Görünən odur ki, 2018-ci ildə əldə olunan nailiyyətlər 2019-cu ildə daha sürətlə inkişaf edəcək. Hesab edirəm ki, 2019-cu ildə daha yaxşı göstəricilərin əldə edilməsi üçün kifayət qədər əsaslar var. Buna əsas verən başlıca faktor büdcə islahatları paketinin qəbul edilməsidir. Qeyri-neft sektorunun fəaliyyət sahəsində işgüzar şərait daha da əlverişli olacaq. Bu da imkan verəcək ki, ölkədə qeyri-neft sektoru sürətlə inkişaf etsin. Digər tərəfdən də bu il ilk dəfə 2019-cu il üçün manat ifadəsi ilə Azərbaycan büdcəsi ən yüksək səviyyədə proqnozlaşdırıldı. Burada milyardlarla investisiya xərcləri nəzərdə tutulur ki, bu da bütövlükdə iqtisadiyyatın inkişafını stimullaşdıracaq amillərdən biridir”.

Vidadi ORDAHALLI

Son xəbərlər