26/03/2019 23:53
728 x 90

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında investisiya siyasətinin “yol xəritəsi” çəkilir...

Turizmlə bağlı “yol xəritəsi” iqtisadi sahədə əlaqələrin genişlənməsində təkanverici rol oynaya bilər

img

Səudiyyə Ərəbistanının Turizm Assosiasiyaları Konfederasiyası ərəb turistlərinin Azərbaycana cəlb edilməsinə kömək edən "yol xəritəsi" hazırlayır. Bu barədə mətbuata açıqlamasında Azərbaycan-Ərəb Ölkələri Əməkdaşlıq Assosiasiyasının (AASS) Azərbaycanda fəaliyyət göstərən icraçı direktoru Yalçın Əliyev deyib.

Onun sözlərinə görə, "yol xəritəsi" beş il üçün nəzərdə tutulub. Tərəflərin əməkdaşlığının bütün aspektləri Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən təmsil olunan hökumətlə əlaqələndiriləcək. Y.Əliyev əlavə edib ki, ərəb tərəfi də turistlərin Azərbaycana cəlb edilməsi ilə məşğul olacaq və ölkədə ən azı beş faiz səviyyəsində investisiyaların illik artımını təmin edəcək.

Ərəb ölkələri ilə əməkdaşlığı genişləndirmək planları barədə danışan agentliyin təmsilçisi qeyd edib ki, bu il Azərbaycan nümayəndə heyətlərinin Qətər, Küveyt, Səudiyyə Ərəbistanı və İordaniyaya qarşılıqlı səfərləri planlaşdırılır: “Ötən il Azərbaycan, İordaniya, İraq, Birləşmiş Ərəb Əmirlikləri və Qətər nümayəndə heyətləri Azərbaycana səfər ediblər və bu il də oxşar görüşlər keçiriləcək. Hesab edirəm ki, səfərlərin dəqiq tarixi yanvarın sonuna qədər müəyyən ediləcək. Həmçinin, Bakıda genişmiqyaslı tədbir keçirilməsi planlaşdırılır”.

Qeyd edək ki, bu günə qədər Səudiyyə Ərəbistanının dövlət və özəl şirkətləri Azərbaycan iqtisadiyyatına təxminən 370 milyon dollar sərmayə qoyublar. 2018-ci ilin yanvar-noyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 17,7 milyon dollar təşkil edib.

O da məlumdur ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra İslam Konfransı Təşkilatında təmsil olunmaqla yanaşı, bütün müsəlman ölkələri ilə yaxşı münasibətlərə malikdir. O cümlədən, ərəb ölkələri ilə bu yöndə yaxşı münasibətlər qurulub. Son illər Azərbaycanın Körfəz ölkələri ilə əlaqələrində dinamizmin artması müşahidə olunur. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, məhz Körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunur. Azərbaycanda mövcud olan yüksək tolerantlıq, bütün dinlərə münasibətdə sərgilənən bərabər yanaşma ərəb ölkələrinin bura olan marağını artırır. Yəni təriqət amili sözügedən məsələdə əsla hansısa diskomfort mühit yaratmır. Bu məsələdə məxsusən Azərbaycan cəmiyyətində mövcud olan mehriban münasibətin tayı-bərabəri yoxdur. Baxmayaraq ki, Azərbaycan coğrafi baxımdan çox həssas bir regionda yerləşir. Görünən odur ki, get-gedə ərəb ölkələri bütün bunların fərqinə daha çox vararaq Azərbaycana maraq göstərirlər.

Ərəb ölkələri arasında iqtisadi imkanlarının böyüklüyünə görə lider statusunda çıxış edən dövlət Səudiyyə Ərəbistanıdır. Çünki sözügedən ölkə dünyada ən böyük neft hasilatçısı və ixracatçısıdır. Bir sıra ölkələr zaman-zaman ucuz Səudiyyə sərmayəsinə xüsusi maraq göstərirlər. Nəzərə alsaq ki, bu günə qədər Səudiyyə Ərəbistanının dövlət və özəl şirkətləri Azərbaycan iqtisadiyyatına təxminən 370 milyon dollar sərmayə qoyublar, bu, iki ölkənin potensialına cavab vermir. Yəni prinsip etibarilə bu daha böyük rəqəmlərlə ölçülməli idi. O baxımdan mövcud potensialdan daha geniş müstəvidə faydalanmaq üçün müvafiq proqramların olması vacibdir. Bu baxımdan, ərəb turistlərinin Azərbaycana cəlb edilməsini özündə ehtiva edən "yol xəritəsi"nin hazırlanıb həyata keçirilməsi sözügedən məsələdə ciddi təkan olacaq. Bu daha çox ərəb turistin ölkəyə gəlməsinə gətirib çıxaracaq ki, nəticədə Azərbaycana böyük həcmdə valyuta daxil olacaq. Eyni zamanda, Səudiyyə sərmayəsinin iqtisadiyyatın müxtəlif sahələrinə qoyulması deməkdir. İki ölkə arasında iqtisadi əlaqələrin inkişafı həm də bir sıra kənd təsərrüfatı və digər məhsulların Səudiyyə bazarına çıxması deməkdir. Nəzərə alsaq ki, coğrafi baxımdan Səudiyyə Ərəbistanı Azərbaycana uzaq deyil, nəqliyyat daşımaları çox xərc aparmaz. Bu da hər iki tərəfə sərfəli olacaq. O üzdən, turizmlə bağlı “yol xəritəsi” iqtisadi sahədə əlaqələrin genişlənməsində təkanverici rol oynaya bilər.

Vidadi ORDAHALLI

Son xəbərlər