23/01/2019 18:38
728 x 90

Prezidentin Rusiya televiziyasına açıqladığı 2019-cu ildə daha böyük iqtisadi inkişaf proqnozunu Dünya Bankı da dəstəklədi...

“2018-ci il əvvəlki ildə əldə edilən stabilliyin iqtisadi artıma çevrilməsi ili kimi yadda qaldı”

img

Vüqar Bayramov: “Bu isə növbəti illərdə daha sürətli iqtisadi artım üçün baza formalaşdırır

 

Məlum olduğu kimi, Dünya Bankı 2019-cu ildə Azərbaycanda 3,6 faiz həcmində iqtisadi artım proqnozlaşdırır. Bu barədə məlumat bankın yeni “Dünya iqtisadiyyatının perspektivləri” hesabatında öz əksini tapıb.

Proqnozlara əsasən, 2020 və 2021-ci illərdə Azərbaycanda bu göstərici müvafiq olaraq 3,3 və 2,7 faiz təşkil edəcək. Azərbaycanın daxil olduğu Avropa və Mərkəzi Asiya regionunda isə artım tempi bu il 2,3 faiz, 2020 və 2021-ci illərdə 2,7 və 2,9 faiz səviyyəsində proqnozlaşdırılır.

Ümumilikdə, proqnozlara əsasən, 2019-cu ildə dünya iqtisadiyyatının artım tempi 2,9 faizədək azalacaq. 2020 və 2021-ci illərdə iqtisadi artım tempi 2,8 faiz həcmində gözlənir: “Beynəlxalq ticarət və istehsal fəaliyyətinin həcmi azalıb, ticarət gərginliyi yüksəkdir və maliyyələşdirmə şərtləri möhkəmlənir. Maliyyə bazarlarının son dövrlərdəki təzyiqi fonunda, inkişaf etməkdə olan bazarın və inkişaf etməkdə olan ölkələrin artım templəri yavaşladı və bu il də 4,2 faizdən çox olmayacaq”.

Qeyd edildiyi kimi, maliyyə bazarlarına və ticarət gərginliyinə təzyiq artırıla bilər və bu, qlobal iqtisadi artımın zəifləməsinə səbəb olur. Belə şəraitdə Azərbaycanda iqtisadi inkişafın dinamik xarakterli olması təsadüfi deyil. Məsələ ondadır ki, Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət ölkədəki inkişafın əsasında dayanır.

Onu da qeyd edək ki, ötən ilin sonunda Prezident İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsində 2019-cu ilin hədəflərinə toxunaraq, Azərbaycanın gələn il daha da inkişaf edəcəyini deyib. Belə ki, ölkə başçısı həyata keçirilən islahatların xeyli hissəsinin özünü 2019-cu ildə göstərəcəyini, ölkəmizin beynəlxalq nəqliyyat mərkəzinə çevrilməsi üçün mühüm addımların atılacağını demişdi.

Bu baxımdan, DB-nin iqtisadi artımla bağlı verdiyi proqnoz, bir növ, Prezidentin fikirləri ilə üst-üstə düşür və reallığı əks etdirir.

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramovun fikrincə, bu il iqtisadi artım yüksələcək. O bunu bir sıra amillərlə əlaqələndirdi: “Məsələ ondadır ki, 2018-ci ildə Azərbaycan iqtisadiyyatı stabilliyini qoruyub saxlaya bildi. Eyni zamanda, iqtisadiyyatda artım qeydə alındı. Azərbaycan iqtisadiyyatının 2018-ci ildə təxminən 1 faizdən çox artması 2017-ci ildə əldə edilən stabillikdən sonra iqtisadi inkişafın bərpası kimi baza artım olaraq xarakterizə olunur. Çünki növbəti illərdə Azərbaycan daha yüksək iqtisadi artım əldə edə biləcək.Təsadüfi deyil ki, beynəlxalq maliyyə qurumlarının proqnozuna əsasən, 2019-cu ildə Azərbaycan iqtisadiyyatındakı artım tempi 3,6 faizə qədər yüksələcək. Dünya Bankının proqnozu reallığa əsaslanır. Nəzərə almaq lazımdır ki, 2018-ci il Azərbaycan və region üçün əhəmiyyəti olan bir sıra beynəlxalq layihələrin reallaşması ilə yadda qaldı. “Cənub Qaz Dəhlizi”nin açılışının 2018-ci ilə təsadüf etməsi, eləcə də bu dəhliz vasitəsilə mavi qazın Türkiyə bazarına ötürülməsi cari ilin iqtisadi baxımdan ən yaddaqalan hadisələrindən biri oldu. Praktiki olaraq “Cənub Qaz Dəhlizi”nin Avropa hissəsinin də inşaatı başa çatmaq üzrədir və Azərbaycan bu dəhliz vasitəsilə Türkiyəyə əlavə olaraq 8 milyard kubmetrə yaxın mavi qaz, Avropaya birinci mərhələdə 10 milyard, ikinci mərhələdə isə 20 milyard kubmetrdən artıq mavi qaz nəql edəcək. Bütövlükdə, “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropa və Türkiyəyə ötürüləcək mavi qazın həcmi 31 milyard kubmetr olacaq. 2018-ci ildə, eyni zamanda, qeyri-neft sektorunda da bir sıra layihələr reallaşıb. Belə ki, sənaye parklarının açılması xüsusən regionlar üçün əhəmiyyətli olan layihələrin icrası kimi xarakterizə olunur. Ümumilikdə, 2018-ci il əvvəlki ildə əldə edilən stabilliyin iqtisadi artıma çevrilməsi ili kimi yadda qaldı. Bu isə növbəti illərdə daha sürətli iqtisadi artım üçün baza formalaşdırır”.

Vidadi ORDAHALLI

Son xəbərlər