26/03/2019 23:56
728 x 90

İstixanalar çoxalır – Azərbaycanın aqrar idxal-ixracında yeni vəziyyət…

Qadir Bayramlı: “Son zamanlar bu sahəyə xüsusi diqqətin ayrılması göstərir ki, ölkənin müxtəlif tərəvəz və digər ərzaq məhsulları ilə təminatında müsbətə doğru dəyişiklik olacaq”

img

“Son zamanlar kənd təsərrüfatına yerli investorlarla yanaşı, xaricilər də sərmayə yatırır”

 

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar sahibkarlıq fəaliyyətinin genişlənməsinə imkanlar yaradıb. Yeni istehsal və xidmət müəssisələri, o cümlədən yeni sənaye müəssisələri, sosial infrastruktur obyektləri yaradılıb, əhalinin həyat səviyyəsi yüksəlib. Sahibkarlara verilən güzəştli kreditlərin həcminin artması rayonların da iqtisadiyyatına müsbət təsir göstərir. 

Sahibkarlığın inkişafı məqsədilə ölkədə istixanaların sayı artırılır. Ötən il ölkədə təxminən 3000-ə yaxın  istixana fəaliyyət göstərib. İstixanaların ümumi sayı ötən dövrlərlə müqayisədə artır, eyni zamanda, onların sahəsində də artım qeydə alınır.

Yeni yaradılan istixanalar məhsul bolluğu ilə yanaşı, həm də yeni iş yerlərinin açılması, əhalinin maddi rifah halının yaxşılaşması deməkdir. İstixanaların sayının artması Azərbaycanın aqrar məhsullar üzrə ixracının artmasına ciddi təsir edir və edəcək. Eləcə də bölgələrdə iş yerlərinin yaradılmasında mühüm rol oynayır.

Bu sahədə mütəmadi olaraq dövlət tərəfindən işlər görülür. Qəsəbə və kəndlərdə istixanaların şəbəkəsi ilbəil genişləndirilir, məhsul istehsalı artır.
Aqrar təsərrüfatın inkişafında istixanaların rolu və bu sahənin perspektivi barədə fikir bildirən Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan istixanalarla bağlı təcrübəyə malikdir. Xüsusən də Sovet dönəmində istixanalarda yetişən gülü xarici ölkələrə ixrac edən ölkələr arasında ilk sırada idi. 1990-cı ildə başlayan tənəzzül, digər sahələrdə olduğu kimi, istixanalara da təsir etdi. Həmin dövrdən etibarən yaşanan qaz problemi ilə əlaqədər olaraq istixanalarda tənəzzül yaşandı. Ancaq son zamanlar bu sahənin dirçəlməsi ilə bağlı müəyyən işlər görülür. Görülən işlər sayəsində həm istixanaların sayı, həm də məhsulun həcmi artır. Qış mövsümündə böyük şəhərlərin əhalisini məhsulla təmin etmək baxımından istixanalar əhəmiyyətlidir. Bəllidir ki, istixanaların böyük əksəriyyəti Abşeron yarımadasındadır. Onu da bildirim ki, istixanaların rayonlarda yaranması ilə bağlı tarazsızlıq var. Bu sahəni bölgələrdə inkişaf etdirməyin yolları tapılmalıdır. Bölgələrdə istixanaların sayının artırılması yeni iş yerlərinin artmasına səbəb olacaq. Bəllidir ki, istixana olduqca sərfəli sahədir.

Qeyd olunan sektorun inkişaf etdirilməsi üçün müəyyən işləri görmək lazımdır. İlk öncə onlara təchizat uyğun qiymətlər əsasında verilməlidir. Həmçinin, istixanalar ucuz qiymətə yanacaq və su ilə təmin olunmalıdırlar. İstixanalar ziyanvericilərə qarşı xüsusi preparatlarla da təmin olunmalıdırlar. Bununla yanaşı, fermerlər keyfiyyətli toxumla təmin olunmalıdırlar.

Nəzərə almaq lazımdır ki, istixana xalqın ərzaq təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynayır. Soyuq aylarda əhalinin təzə ərzaqla təmin olunmasında istixanaların rolu danılmazdır”.

Həmsöhbətimiz onu da vurğuladı ki, xarici ölkələrin təcrübəsindən istifadə etməklə istixanalarda müəyyən irəliləyişlərə nail olunub. Türkiyənin Akdəniz bölgəsində çox böyük sayda istixana qurulub. Qardaş ölkənin təcrübəsindən istifadə etmək olar.

Q.Bayramlının sözlərinə görə, son zamanlar kənd təsərrüfatına yerli investorlarla yanaşı, xaricilər də sərmayə yatırırlar. Yaxşı olar ki, xarici sərmayə istixanaların yenidən qurulması, yenilərinin istifadəyə verilməsinə yönəlsin. Bu sektora investisiyanın yatırılması effekt verə bilər. Həmçinin, istixanalarda yetişən məhsulun daha çox bazara çıxma imkanı artmalıdır.

Ekspert bildirdi ki, bu sahə ilə məşğul olan fermerlərə uzunmüddətli, azfaizli kredit verilməlidir ki, onlar zəruri avadanlıq alsınlar. Güzəştli kreditlərlə yanaşı, fermerlərə müəyyən imtiyazlar tətbiq olunmalıdır. Eyni zamanda, bu işlə məşğul olanlara müstəqillik verilməlidir: “Son zamanlar bu sahəyə xüsusi diqqətin ayrılması göstərir ki, ölkənin müxtəlif tərəvəz və digər ərzaq məhsulları ilə təminatında müsbətə doğru dəyişiklik olacaq”.   

Günel CƏLİLOVA

Son xəbərlər