23/03/2019 12:05
728 x 90

Manat daha böyük güvən qazanmağa başlayır

img

Maliyyə sektorunda vəziyyətin təhlili ölkə əhalisinin manata etimadının hələ də kifayət qədər yüksək səviyyədə olduğunu göstərir. Bunu banklara qoyulan əmanətlərdə manatın xüsusi çəkisinin sürətlə artması da təsdiq edir. Artıq ötən illərə nisbətən əhalinin banklarda manatla əmanətinin artması qeydə alınır, əvəzində isə xarici valyutada əmanətlər azalır. Maraqlı məqamlardan biri isə xaricilərin də ölkə banklarında manat əmanətlərinin artmasıdır.

Qeyd edək ki,  Mərkəzi Bank tərəfindən xaricilərin banklardakı əmanətlərinin məbləği açıqlanıb. Bildirilir ki, ötən ilin noyabrında xaricilərin əmanətləri 84,6 milyon manat azalaraq dekabrın 1-nə 760 milyon manat təşkil edib. Bu müddətdə xaricilərin milli valyuta ilə əmanətləri 11,5 milyon manat artaraq 98,4 milyon manata çatıb, xarici valyuta ilə əmanətləri isə 96,1 milyon manat azalaraq manat ekvivalentində 661,6 milyon manat olub. Dekabr ayı üçün xaricilərin manat əmanətlərinin miqdarında daha böyük artım olacağı gözlənir. Elə bu da manata ölkə xaricində inamın olmasının real təsdiqi sayılır. Yeri gəlmişkən qeyd edək ki, hesabat dövründə fiziki şəxslərin əmanətləri 8 milyard 073,5 milyon manat təşkil edib ki, bunun da 7 milyard 313,5 milyon manatı rezident, 760 milyon manatı isə qeyri-rezidentlər, yəni xaricilər tərəfindən yerləşdirilib.

Ekspertlər isə istər yerli şəxslər, istərsə də əcnəbilərin banklarda manat əmanətinin artmasını təsadüfi saymır. Hesab edilir ki, bu, ilk növbədə manata olan yüksək inamdan irəli gəlir. qarşıdakı dövr ərzində də manatın məzənnəsinin sabit qalması fonunda milli valyutaya inamın daha da artması gözlənir. Mərkəzi Bankın 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə  son bəyanatı da manatın sabit məzənnədə qalacağını deməyə əsas verir. Sənəddə qeyd olunur ki, manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyə balansı üzrə meyllərə və bundan asılı olan valyuta bazarındakı tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb: “Xarici sektor göstəricilərinin yaxşılaşması şəraitində və qəbul edilmiş makroiqtisadi siyasət çərçivəsində manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsinin sabitliyi davam edir. Ümumilikdə manat 2018-ci ildə möhkəmlənmə təzyiqi altında olub, valyuta bazarında təklif tələbi üstələyib”. Elə cari il ərzində də analoji vəziyyətin davam etməsi manatın mövqelərinin daha da güclənəcəyini istisna etmir. İqtisadçı Rövşən Ağayev isə bildirir ki, Mərkəzi Bankın 2019-cu il üçün pul-kredit siyasəti ilə bağlı planlarında cəmiyyət üçün maraqlı ola biləcək mesajlar var. Ekspert vurğulayır ki, inflyasiyanı aşağı həddə saxlamaq əsas vəzifə olacaq: “Bu həm də o deməkdir ki, manatın məzənnəsi mümkün qədər sabit saxlanacaq. İkincisi, neftin kəskin ucuzlaşması (40-45 dollaraq qədər) baş verməsə, məzənnə sabitliyini təmin etmək Mərkəzi Bank üçün o qədər də problemli olmayacaq. İranla bağlı vəziyyətə apreldə tam aydınlıq gələcək. Sanksiyalar kəskinləşsə və ABŞ 7 ölkəyə idxal güzəştindən vaz keçsə, OPEK+ hasilatın azaldılması ilə bağlı qərarını davam etdirsə, neftin qiymətini 55-60 dollar intervalında saxlamaq mümkün ola bilər. Bu qiymət isə manatın sabitliyini qorumağa imkan verəcək”. İqtisadçı qeyd edib ki, Mərkəzi Bank öz resurslarını real sektora satıb, bank sektoruna dəstəyini daha da artırmağı planlayır: “Son 3 ildə Mərkəzi Bank depozit hərracları və notlar vasitəsilə kommersiya banklarından cəlb etdiyi resurslarla bank sektoruna böyük dəstək verir. Baş bank hərraclar və not yerləşdirilməsi vasitəsilə il boyu azı 1.5 milyard manat vəsaiti dövriyyədən kənarda saxlayır. Bu isə az vəsait deyil. Lakin bu alətlər əsasən qısa müddət (28 gün) ərzində banklardan vəsaitin cəlbini nəzərdə tutur. Buna görə də Mərkəzi Bank daha uzunmüddətli likvidlik alətlərilə banklara dəstəyə hazırlaşır”. Məhz bu vəziyyətdə manatın mövqeyinin daha güclü hala gəlməsi qaçılmaz sayılır.

Aydındır ki, manatın güclənməsi ona marağı və inamı daha da artıracaq. Özü də təkcə ölkə daxilində yox, həm də xaricində. Məhz bu vəziyyətdə əcnəbəilərin manat əmanətlərinin daha da artması gözlənir. Digər tərəfdən indi həm iş adamları, həm vətəndaşlar bazarı diqqətlə izləyir və ona uyğun olaraq da reaksiya verirlər. Vətəndaşlar bazarlarda iştirak edir, valyuta alır və satırlar. Hazırki situasiya onu göstərir ki, vətəndaşlar və biznes subyektləri bundan sonrakı dövrdə manatın möhkəmlənmək ehtimalı qarşısında əllərində olan valyutanı bazara təklif edirlər. Belə vəziyyətdə isə manatın daha da güclənməsi istisnalıq təşkil etmir.

Nahid SALAYEV

Son xəbərlər