26/03/2019 23:53
728 x 90

Vaxtı keçmiş kreditlərin məbləği azalmağa başlayır – maraqlı proses…

“Manatın məzənnəsində müşahidə edilən sabitlik problemli kreditlərin həcminin azalmasına səbəb olub”

img

Əli Əlirzayev: “Əhalinin alıcılıq qabiliyyəti, gəlirlərinin artması da vaxtı keçmiş kreditlərin həcminin azalmasına gətirib çıxarıb”

 

Azərbaycanda vaxtı keçmiş kreditlər problemi aktual olaraq qalmaqdadır. Buna baxmayaraq, ötən dövrlərlə müqayisədə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi azalıb. Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği dekabrın 1-nə 1 688,7 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda qeyd olunur ki, bu məbləğ noyabr ayı ilə müqayisədə azdır.

Ekspertlərin fikrincə, vaxtı keçmiş kreditlərin həcminin azalması gözləniləndir. Çünki bu sahədə bank sektorunun apardığı iş artıq öz nəticəsini verir. O da bəllidir ki, bu gün məhkəmələrdə vaxtı keşmiş kreditlər üzrə çoxlu sayda iş var. Həmin işlərin təxminən bir qismi barədə artıq məhkəmə qərarları verilib. Məhz həmin qərarların icra edilməsi vaxtı keçmiş kreditlərin həcminin azalmasına təsir göstərib.

Ümumiyyətlə, problemli kreditlərin həcminin azalmasını şərtləndirən səbəblərin nə ilə bağlı olduğunu öyrənmək məqsədilə iqtisadçı-ekspert Əli Əlirzayevə müraciət etdik. O bizimlə söhbətində qeyd etdi ki, vaxtı keçmiş kreditlərin həcminin azalmasının bir çox səbəbləri var. Vaxtı keçmiş kreditlərin həcminin azalması ilk növbədə istehlak kreditlərinin verilməsinə təsir göstərib. Hazırda banklar daha çox istehsal kreditlərinin verilməsinə üstünlük verirlər.

Həmsöhbətimiz onu da əlavə etdi ki, son zamanlar əhali arasında da kredit almağa meyl, dinamika azalıb: “Əvvəllər əhali avtomobil və digər əşyaları daha çox kreditlə alırdı. Ancaq indi insanlar kredit vasitəsilə nəsə almağa maraq göstərmir. Əhali arasında məsuliyyət hissi artıb, pulu alıb qaytara bilməmək kimi qorxu hissi yaranıb. Əslində, bu, sosial mənada yaxşı cəhətdir ki, indi əhali krediti alanda onu nə məqsədlə aldığını qiymətləndirməyi bacarır.

Həmçinin, manatın məzənnəsində müşahidə edilən sabitlik də problemli kreditlərin həcminin azalmasına gətirib çıxarıb. Bu sabitlik əhalinin kreditqaytarma qabiliyyətinə müəyyən qədər pozitiv təsir göstərib ki, yeni problemli kreditlərin yaranması imkanlarını məhdudlaşdırmaqla yanaşı, eyni zamanda, vaxtı keçmiş kreditlərin bir qisminin geri dönüşünə də əlverişli şərait yaradıb. Problemli kreditlərin azlması son nəticədə bank sektoruna müsbət təsir göstərir”.

İqtisadçının sözlərinə görə, əhalinin alıcılıq qabiliyyəti, gəlirlərinin artması da vaxtı keçmiş kreditlərin həcminin azalmasına gətirib çıxarıb. Əhali gəlirlərinin artması fonunda ən zəruri ehtiyaclarını ödəmək qabiliyyətindədir. Bu mənada vaxtı keçmiş kreditlərin həcmində azalmanın olması həm də ölkədə mövcud dinamik inkişafın göstəricisidir. Bank sisteminin sağlamlaşdırılması prosesi də burada öz müsbət rolunu oynayıb”.

Günel CƏLİLOVA

Son xəbərlər