26/03/2019 23:56
728 x 90

Azərbaycanın “neft qiyməti siyasəti” dünyadakı prosesləri yenə qabaqladı

img

Dünya bazarlarında neftin dəyişən qiyməti və bu istqamətdə proseslərin hara gedəcəyi indi xüsusi aktuallıq kəsb edir. Qeyd edək ki, proses ölkəmizdə də xüsusi diqqətlə izlənir və ötən ilin son rübündə neftin qiyməti aşağı düşməyə başlayanda fikirlər səslənirdi ki, Azərbaycan qiymət məsəəlsində dəyişikliklərə getməlidir.

Lakin proses göstərdi ki, əslində, neftin qiymətinin aşağı düşməsi müvəqqəti prosesdir və hökumətin məsələyə yanaşması tamamilə düzgündür. Elə proseslərin gedişi də qarşıdakı dövrdə qiymətlərin yüksələn xətt üzrə gedəcəyini göstərir.  

Artıq son bir neçə gündə digər neft markları ilə yanaşı, ölkəmizin satdığı bu məhsulun da qiymətində artım qeydə alınır. Artıq “Azeri Light” neftinin bir barrelinin qiyməti 60 dollar təşkil edir. Lakin qiymətin yaxın tezlikdə bir qədər də yüksəlməsi gözlənir. Çünki neftin dəyərdən düşməsini şərtləndirən səbəblər tədricən aradan qalxır. Xatırladaq ki, ötən ilin son rübü ərzində neft birjalarının predmeti olan “Brent” və WTI markaları təxminən 40% dəyər itkisi ilə üzləşdilər.

Ucuzlaşma müxtəlif səbəblərlə, o cümlədən dünya əmtəə bazarındakı geriləmə, ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırması, Böyük Britaniyanın Avropa İttifaqından çıxması (“Brexit”) ilə bağlı prosesin ləng getməsi, İtaliyada dövlət büdcəsinin kəsiri ilə bağlı problemin həll edilməməsi, ABŞ-Çin ticarət müharibəsinin səngiməməsi ilə bağlı idi. Bütün bu siyasi-iqtisadi amillər investorlarda qeyri-müəyyənlik yaratdı və onlar neftin qiymətinin düşəcəyi fikri ilə birjalarda kütləvi satışlara başladılar. Bundan başqa, neft bazarında həlledici rola malik ABŞ-da aktiv neft quyularının sayının rekord həddə çatması, İrana qarşı tətbiq edilmiş sanksiyaların gözləniləndən yumşaq olması, bir neçə ölkəyə İslam Respublikasından neft almağa icazə verilməsi “qara qızıl” bazarında təklifin tələbi üstələməsinə səbəb oldu. Son nəticədə neft qiyməti azaldı. Lakin indi vəziyyət dəyişir. ABŞ-ın Federal Ehtiyatlar Sistemi daha dolları bahalaşdırmaq istəmir. Əksinə, ABŞ-ın aparıcı investisiya bankı olan  “Goldman Sachs” dolların ucuzlaşa biləcəyini ehtimal edir. “Goldman" təhlilçiləri hesab edir ki, Federal Ehtiyatlar Sisteminin  rəhbəri Cerom Pauellin açıqlamaları Mərkəzi Bankın faiz artımlarına ara verəcəyi ehtimalını gücləndirir. Onların fikrincə, faiz artımlarına fasilə veriləcəyi təqdirdə dolların dəyərdən düşmə ehtimalı güclənir. Cerom Pauell isə bildirir ki, güclü dollar ABŞ iqtisadiyyatı üçün problem yaradır. Bu fonda dolların ucuzlaşması gözlənir və bu da neft qiymətlərini avtomatik yüksəldir. İtaliyada dövlət büdcəsinin kəsiri ilə bağlı problemin həlli istiqamətində yeni razılaşma da artıq qiymətlərə müsbət təsir edir.

Yeni ABŞ-Çin danışıqlarının doğurduğu nikbinlik fonunda isə neftin qiyməti beş faizədək bahalaşıb. Neftin bahalaşması ABŞ və Çinin ticarət münasibətlərinə dair informasiyalara bazarların müsbət reaksiyası ilə izah olunur. İrana qarşı tətbiq edilmiş sanksiyaların sərtələşdiriliəcəyinə dair ABŞ-dan verilən yeni açıqlamalar da prosesə təsir edir. Türkiyənin “Habertürk” portalı yazır ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo regionda İran əleyhinə koalisiya formalaşdırmaq üçün BMT-də Körfəz Əməkdaşlıq Təşkilatı ölkələrinin təmsilçilərilə görüşlər keçirir: “ABŞ isə İran məsələsilə bağlı tələsir, çünki İsrail durmadan təzyiq edir. Baş nazir Netanyahu İranın gizli atom bombası istehsalı mərkəzinin olduğunu ünvanı ilə birlikdə açıq söyləyincə, İsrailin İrana qarşı hərəkətə keçməsi üçün ABŞ-a etdiyi təzyiq daha da artıb. ABŞ Körfəz Əməkdaşlıq Təşkilatı ölkələrindən əlavə İordaniya və Misirlə də işləyərək, onları da İran əleyhinə koalisiyaya aktiv şəkildə daxil etməyə çalışır”. Məhz bu qəbildən olan xəbərlər fonunda İran nefti ilə bağlı yanaşmalar da dəyişir və bu hal “qara qızıl”ın qiymətini yüksəldir.

Digər tərəfdən, ötən  ayın əvvəlində Neft İxrac Edən Ölkələr Birliyinə (OPEK) daxil olan və olmayan ölkələr görüşərək gündəlik neft hasilatının həcminin 1,2 milyon barrel azaldılmasına qərar verdilər. Qeyd edək ki, hasilatın azaldılması barədə dekabrda qəbul edilmiş qərar yanvardan qüvvəyə minib.  Bazar iştirakçıları artıq bu qərara reaksiya verəcək və neftin qiymətində artımın bir səbəbi də budur.  Digər tərəfdən OPEK-dəki mənbələrə istinadən “Wall Street Journal” nəşri yazır ki, Səudiyyə Ərəbistanı neftin qiymətinin 80 dollar səviyyəsinə qalxması üçün hasilatı azaltmaq niyyətindədir: “Səudiyyə Ərəbistanı neftin qiymətini 80 dollar səviyyəsinə qaytarmaq ümidi ilə bu ay hasilatda daha böyükmiqyaslı azalmalara hazırlaşır. Səudiyyə Ərəbistanı neft ixracını ayın sonuna qədər gündəlik 7,1 milyon barrelə salmağı planlaşdırır”. Bununla yanaşı qeyd olunur ki, “Brent” markalı neftin qiyməti orta hesabla 80 dollar səviyyəsinə çatmasa, Səudiyyə Ərəbistanının büdcəsi kəsirli olacaq. Səudiyyə Ərəbistanının ixrac həcmini ötən ilin noyabr ayındakı səviyyədən sutkalıq 800 min barrel azaltmağı planlaşdırdığı bildirilir, bu isə OPEK+ sazişi ilə tələb olunan azalmadan xeyli çoxdur. Nəşrin məlumatına görə, Səudiyyə Ərəbistanı artıq dekabr ayında əvvəlki ayla müqayisədə hasilatı gündəlik 400 min barrel azaldıb, yanvar ayında da bir o qədər azalma olacaq. Məhz bu vəziyyətdə ayın sonuna kimi neftin 70 dollarlıq həddi keçməsi gözlənir. Gələn ay isə qiymətlərin 80 dollara çatması istsina edilmir. Belə qiymət, digər hasilatçılar kimi, Azərbaycanın da maraqlarına uyğundur. Xatırladaq ki, cari ilin büdcəsində qiymətlər 60 dollardan götürülüb. Amma görünən budur ki, il ərzində qiymətlər bundan yüksək olacaq və belə vəziyyət hökumətin qiymət siyasətinin özünü tam doğrultduğunu təsdiqləyir.

Tahir TAĞIYEV 

Son xəbərlər